“Azərişıq” ASC Şimal regionunda elektrik şəbəkələrini yenidən qurur
“Azərişıq” ASC ölkənin bütün bölgələrində həyata keçirdiyi tikinti, yenidənqurma və bərpa işlərini Şimal regionunda da davam etdirir.
Qurumun mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, istismar müddətini başa vurmuş yarımstansiyalar, transformator məntəqələri, hava elektrik verilişi xətləri yenidən qurulur.
Texniki itkilərin minimuma endirilməsi, istehlakçıların keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi istiqamətində həyata keçirilən tikinti-yenidənqurma işləri 2018-ci ildə də davam etdirilir.
Belə ki, 2018-ci ilin birinci rübündə Xızı rayonunun ərazisində 35 kV-luq “Baxışlı” yarımstansiyasının tikintisi yekunlaşaraq Yaşma kəndi ərazisində 2 km uzunluğunda yeni 20 kV-luq “Su anbarı” hava xətti çəkilib. Hazırda Su anbarını qidalandırmaq üçün 20/0,4 kV-luq yarımstansiyanın tikintisinə başlanılıb.
Quba rayonunda 35 kV-luq “Mirzəqışlaq” yarımstansiyası tikilib və 4,2 km uzunluğunda 35 kV-luq hava xətti çəkilib. Hazırda Quba rayonunun Barlı və Vəl-Vələ kəndlərində yeni Komplekt Transformator Məntəqələri (KTM) qurlaşdırılır və onların ətrafı Özünüdaşıyan İzolyasiyalı Naqillərlə (ÖİN) yenidən qurulur.
Siyəzən rayonunun mərkəzində 35 kV-luq yeni yarımstansiya inşa edilib və 4 km uzunluğunda 35 kV-luq hava xətti çəkilib.Rayonun Altıağac hava xəttində 35 kV-luq dayaqların bir hissəsi dəyişdirilib,Yaşma ərazisində 35 kV-luq yüksək gərginlikli elektrik dayaqları yenilənib.
Xaçmaz rayonunun Köhnə Xudat və Qobuqırağı kəndlərində hal-hazırda yeni KTM-lər qurlaşdırılır, 0,4 kV-luq naqillər ÖİN (SİP) kabellərlə əvəzlənir. Yeni KTM-lərin qurlaşdırılması və aşağı gərginlikli hava elektrik verilişi xətlərinin yenidənqurulması işləri Qusar rayonunun Balaqusar kəndində və Şabran rayonunun mərkəzində də həyata keçirilir.
1news.az