Güzəştli mənzillərin satılması zamanı yaranan problemin səbəbi açıqlanıb – RƏSMİ
“Güzəştli mənzil” sistemi vasitəsilə satışa çıxarılan mənzillərin elektron qaydada seçimi zamanı yaranmış problemlə bağlı Mənzil İnşaatı Dövlət Agentliyi ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi birgə açıqlama yayıb.
1news.az-ın məlumatına görə, açıqlamada qeyd olunub ki, ölkə başçısının 16.11.2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi qaydasına uyğun olaraq Agentliyin ilk layihəsi olan Yasamal Yaşayış Kompleksində mayın 7-dən güzəştli mənzillərin satışına başlanılıb.
“Qeyd edək ki, satış Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin operatoru olduğu “Elektron hökumət” portalına (www.e-gov.az) inteqrasiya olunmuş “Güzəştli mənzil” sistemi vasitəsilə həyata keçirilir. Bununla da Yasamal Yaşayış Kompleksində satışa çıxarılan ilk 4 bina üzrə 260 mənzil elektron kabinetə sahib olmuş vətəndaşlar tərəfindən bərabər şəkildə şəffaf, real vaxt rejimində və kənar təsir olmadan seçilib.
Xüsusilə, bildiririk ki, “Güzəştli mənzil” sistemi mənzil satışında ölkəmizdə ilk və unikal proqram sistemidir. Sistemin üstünlüyü ondan ibarətdir ki, vətəndaş mənzillərin seçimini insan faktoru olmadan internet vasitəsilə, rahat və qısa zamanda həyata keçirir. Sistemdə hər bir addım qeydə alındığından vətəndaşlar tərəfindən aparılan seçimin şəffaflığı qorunur. Bu baxımdan “Güzəştli mənzil” layihəsinə böyük maraq var və sistemdə şəxsi kabinet əldə edənlərin sayı 8800 nəfərədək olub”, - deyə məlumatda vurğulanıb.
Açıqlamada qeyd olunub ki, “Elektron hökumət” portalına adi halda müraciətlərin sayı portalın fəaliyyəti ərzində eyni anda 1500-dən çox olmadığı halda, “Güzəştli mənzil” layihəsinə vətəndaşlar arasında marağı, şəxsi kabinet sayını və sistemin yüklənməsini nəzərə alaraq “Elektron hökumət” portalına eyni anda xidmət üzrə daxilolmaların sayı öncədən 10 000-ə qədər artırılıb.
“Lakin ilk mənzillərin seçimi mərhələsində “Elektron hökumət” portalında və “Güzəştli mənzil” sistemində vətəndaşların daxilolmalarının və apardıqları əməliyyatların sayı kütləvi xarakter daşıyıb. 07 may 2018-ci il tarixində saat 11-50-yə qədər “Güzəştli mənzil” sisteminə ümumi müraciət 60184, eyni anda qeydə alınan qoşulma sayı isə 16 000-dən çox olub. Buna görə də portal artıq yüklənməyə məruz qalmış və müraciətlərin eyni anda qeydə alınmasında qısa müddətli ləngimə yaranaraq nasazlıq baş verib. Belə ki, sistem tərəfindən növbələşdirilən ilk müraciətlər qəbul olunaraq emal edilib, növbəti müraciətlər isə gözləmə mövqeyinə göndərilib", - deyə məlumatda vurğulanıb.
Məlumatda o da bildirilib ki, yaranmış halın həll edilməsi məqsədilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Agentlik baş vermiş texniki nöqsanları operativ qaydada aradan qaldırıb: "Bildirmək istərdik ki, Agentlik və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi növbəti mərhələlərdə “Güzəştli mənzil” sistemi vasitəsilə satışa çıxarılacaq mənzillərin elektron qaydada seçimini daha da təkmilləşdirəcək və baş vermiş nöqsanların təkrarlanmaması üçün bütün zəruri tədbirləri həyata keçirəcək”.
1news.az