Dövlət qulluğuna aid yeni elektron xidmət istifadəyə verilib
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən “Dövlət qulluğunda karyera bələdçisi” adlı yeni elektron xidmət istifadəyə verilib.
1news.az-ın DİM-ə istinadən verdiyi xəbərə görə, yeni xidmət hazırda dövlət qulluğunda çalışan və yaxud dövlət qulluğuna qəbul olmaq istəyən şəxsləri istiqamətləndirmək və karyeranın planlaşdırılmasına kömək etmək məqsədilə yaradılıb.
Sistemdə iki istiqamət üzrə axtarış aparmaq mümkündür. Birinci istiqamət dövlət qulluqçuları üçün nəzərdə tutulub. Burada dövlət qulluqçusu hazırda tutduğu inzibati vəzifəni, uyğun vəzifə təsnifatını, rəhbər vəzifələr daxil olmaqla ümumi iş stajını və dövlət qulluğundakı stajını göstərməklə ümumi müsahibə və ya daxili müsahibə əsasında karyera perspektivlərinə aid məlumatlar əldə edə bilər.
İkinci istiqamət isə sertifikat almış və ya sertifikat almaq istəyən şəxslər üçün nəzərdə tutulub. Burada müvafiq sertifikat növünü seçmək və rəhbər vəzifələr daxil olmaqla ümumi iş stajını və dövlət qulluğundakı stajı qeyd etməklə müsabiqənin müsahibəsi əsasında mümkün karyera perspektivləri haqqında məlumatlar almaq olar. Sistemdə sertifikat növü seçilərkən onun alınması üçün test imtahanında tələb olunan maksimal bal və keçid balı göstərilir.
Sistem seçilmiş parametrlərə əsasən dövlət qulluğu vəzifələri, vəzifələrin aid olduğu dövlət orqanları, inzibati vəzifə təsnifatları və altqrupları, eləcə də vəzifənin tutulması üçün tələb olunan iş stajlarına aid məlumatları əks etdirir.
Yeni sistemdən istifadə üçün DİM-in saytında “Aktual istiqamətlər” bölməsinin “Dövlət qulluğu” istiqamətindəki “Dövlət qulluğunda karyera bələdçisi” düyməsini seçmək və yaxud http://eservices.dim.gov.az/dqmelumat/dqtelebler linkindən istifadə etmək olar.
1news.az