Sabaha olan hava proqnozu açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabaha olan hava proqnozu açıqlanıb

14:39 - 06 / 07 / 2018
Sabaha olan hava proqnozu açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi iyul ayının 7-nə olan hava proqnozunu açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək. Arabir güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 23-25, gündüz 28-33, Bakıda gecə 23-25, gündüz 29-31 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 751 mm civə sütunundan 759 mm civə sütünuna yüksələcək, nisbi rütubət gecə 60-70, gündüz 45-55 faiz təşkil edəcək.

Abşeron çimərliklərində iyulun 7-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 26-27, cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 27-28 dərəcə isti təşkil edəcək.

 Şimal-qərb küləyinin güclənməsi yüksək dalğalanma yaradacaq ki, bununla əlaqədar çimərliklərə üz tutmağınızı məsləhət görmürük.

Azərbaycanın rayonlarında iyulun 7-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı, ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 21-26, gündüz 35-40,  dağlarda gecə 15-20, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza görə, iyulun 7-də Abşeron yarımadasında xəzri küləyinin güclənməsi ilə əlaqədar temperaturun iqlim norması daxilində olacağı gözlənilir ki, bu da meteohəssas insanlar üçün müsbət amildir.

Babək Cahandarov

Paylaş:
214

Son xəbərlər

Bütün xəbərlər