Sabahın havası: yağış yağacaq, temperatur 38 dərəcəyə qədər qalxacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi iyul ayının 24-nə olan hava proqnozunu açıqlayıb.
Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə yarımadanın bəzi yerlərində şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 23-26, gündüz 29-34, Bakıda gecə 24-26, gündüz 31-33 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan aşağı 753 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 40-50 faiz təşkil edəcək.
Abşeron çimərliklərində iyulun 24-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) dəniz suyunun temperaturu 25-26, cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 26-27 dərəcə isti təşkil edəcək.
Şimal-qərb küləyinin güclənməsi ilə əlaqədar çimərliklərə üz tutanları ehtiyatlı olmağa çağırırıq.
Azərbaycanın rayonlarında iyulun 24-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin Böyük və Kiçik Qafqazın bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi arabir güclənəcək.
Havanın temperaturunun gecə 20-25, gündüz 33-38, dağlarda gecə 11-16, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoza görə, iyulun 24-də Abşeron yarımadasında mülayim xəzri küləyinin üstünlüyü meteohəssas insanlar üçün müsbət amildir.
Babək Cahandarov