Ermənilərin Allahverdi Bağırovun qəbir daşını dağıtması xəbərinə qızı etiraz etdi - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Ermənilərin Allahverdi Bağırovun qəbir daşını dağıtması xəbərinə qızı etiraz etdi - VİDEO

11:43 - 30 / 07 / 2018
Ermənilərin Allahverdi Bağırovun qəbir daşını dağıtması xəbərinə qızı etiraz etdi - VİDEO

Sosial şəbəkələrdə və bəzi saytlarda Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ şəhidi Allahverdi Bağırovun qəbir daşının dağıdılması ilə bağlı xəbərlər yayılıb.

Guya bir qrup erməni Allahverdi Bağırovun qəbir daşını Xankəndi şəhərinin mərkəzinə aparıb və param-parça ediblər. Bununla da ermənilər bir daha insanlığa ləkə varlıqlar olduqlarını sübut ediblər. 

A.Bağırovun qızı Zümrüd Bağırova isə Modern.az-a açıqlamasında atasının qəbir daşının dağıdılması xəbərinin həqiqətə uyğun olmadığını, yayılan videodakı məzar daşının atasına aid olmadığını söyləyib:

“Atamın  qəbrinin ermənilər tərəfindən dağıdılması xəbərini İnstagram səhifəsində gördüm. Ailəsi olaraq yalan məlumatların sosial şəbəkələrdə yayılması bizə pis təsir edib. Bu cür həqiqətə uyğun olmayan xəbərlərin yayılmasına necə yol verirlər axı?!.

Atamın məzar daşını görəndə 6 yaşım vardı. Hadisəni dünənki kimi xatırlayıram. Qeyd edilir ki, guya, atamın məzarı Şuşadadır. Halbuki, atamın məzarı Ağdamdadır. Atamın başdaşı mərmərdən deyil. Adi dəmir parçasıdır.

Yayılan xəbərdə Razmik adlı erməninin adı keçir. Halbuki, o erməninin adı Razmik deyil. Bütün bunların hamısını çox yaxşı xatırlayıram. Çox xahiş edirəm ki, bu cür yanlış məlumatlar yaymasınlar. Hamımız çox narahatıq. Bizim hansı hisslər keçirdiyimizi anlasınlar”. 

Qeyd edək ki, Allahverdi Bağırov 1946-cı il aprel ayının 22-də Ağdamda anadan olub. O, Qarabağın Ağdam futbol klubunun yadda qalan üzvlərindəndir. Qarabağ müharibəsi başlayanda ilk yaradılan batalyonlardan birinə – “Vətən oğulları” batalyonuna Allahverdi Bağırov rəhbərlik edib. Ağdam əhalisi tərəfindən göstərilən maddi yardım və öz şəxsi vəsaiti ilə Qarabağ kəndlərində yaradılmış kiçik özünü müdafiə dəstələrinə yaxından köməklik edib. Ağdam rayonu ərazisində gedən bütün döyüşlərdə mərdliklə vuruşub.

Onun Xocalı soyqırımı zamanı həlak olanların meyitlərinin döyüş meydanından çıxarılmasında və azərbaycanlı əsirlərin erməni işğalçı əsgərlərin meyitləri və əsirləri ilə dəyişdirilərək azad edilməsində böyük xidməti olub.

Həmin əməliyyatlar keçirilən zaman Ağdam rayonu 300 nəfər şəhid vermişdi.Ən böyük hərbi uğuru 1992-ci il 12 iyundə Aranzəmin və Naxçıvanlı döyüşlərində olub. O zaman Naxçıvanlı kəndində işğalçıların bütün canlı qüvvəsi və texnikası darmadağın edilib, döyüşçülər Əsgəran qalasına qədər irəliləyib, Pircamal kəndindəki bütün yüksəkliklər tutulub, Kətük kəndi ilə üzbəüz mövqe qurulub. Bu döyüşdən Ağdama qayıdan Allahverdi Bağırov minaya düşərək şəhid olub.

O, Azərbaycan Respublikası Prezidentinin 24 fevral 1993-cü il tarixli 476 saylı fərmanı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

1news.az

Paylaş:
4497

Son xəbərlər

Bütün xəbərlər