BNA: Tarif Şurasının qərarı ictimai nəqliyyatın işinə müsbət təsir göstərəcək

Gediş haqlarının artırılması ilə bağlı Tarif Şurasının qərarı ictimai nəqliyyatın işinə müsbət təsir göstərəcək.
1news.az-ın verdiyi xəbərə görə, Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayevin qeyd edib ki, bu qərar sərnişindaşıma ilə məşğul olan fiziki və hüquqi şəxslərə avtobus parklarının yenilənməsinə, texniki bazanın möhkəmlənməsinə imkan yaradacaq:
“Bütün bunlar sərnişindaşıyanların məsuliyyətinin artırılmasına, sərnişinlərə daha təhlükəsiz, keyfiyyətli xidmət göstərilməsinə, bütün avtobusların kart sisteminə (nağdsız ödəniş) daha tez keçməsinə gətirib çıxaracaq”.
M.Ağayevin sözlərinə görə, vətəndaşlara yüksək xidmət göstərmək Bakı Nəqliyyat Agentliyinin prioritet öhdəsidir:
“Buna məsuliyyətsiz yanaşan sərnişindaşıyanlar işdən kənarlaşdırılacaq”.
Xatırladaq ki, Tarif (qiymət) Şurası dünən metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi 1 gediş üçün 30 qəpik, Bakı şəhərində, eləcə də digər şəhər və rayonlarda sərnişindaşıma xidməti tarifinin yuxarı həddi müntəzəm şəhərdaxili avtobus marşrutları üzrə 1 gediş üçün 30 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 1 gediş üçün 30-90 qəpik, müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə 1 kilometr üçün 2,4 qəpik təsdiq edilib.
Yeni tariflər cari ilin 1 avqust tarixindən qüvvəyə minəcək.
Metro və marşrut avtobuslarında gediş haqqı artırılıb
Tərcümə: S.Xankişiyeva