Bakı-Sumqayıt yolunun bir hissəsi yenidən qurulub | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı-Sumqayıt yolunun bir hissəsi yenidən qurulub

17:00 - 31 / 07 / 2018
Bakı-Sumqayıt yolunun bir hissəsi yenidən qurulub

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 6–18-ci kilometrlik hissəsinin yenidən qurulması ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, sözügedən yolun ilkin mərhələdə 6-11-ci kilometrlik hissəsində - Bakı Beynəlxalq Avtovağzalı Kompleksinin qarşısından Xırdalan dairəsinədək və əks istiqamətdə olan hissəsində təmir-tikinti işləri yekunlaşdırılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən 1news.az-a bildirilib ki, yenidənqurma işləri çərçivəsində avtomobil tunelinin çıxışından Xırdalan dairəsinə qədər və əks istiqamətdə olan hissədə yolun aşınmaya və deformasiyaya məruz qalan asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri yerlərdə yol əsasında əlavə kipləşdirmə işləri aparılıb və yeni asfalt-beton örtüyünün döşənməsi işləri həyata keçirilib. Ümumilikdə bu işlər 170 min kvadratmetrdən çox ərazini əhatə edib.

Bu istiqamət üzrə hərəkət intensivliyi nəzərə alınaraq yenidənqurma işlərinin 1-ci mərhələ üzrə yekunlaşdırılması üçün əraziyə lazımi sayda texnika və canlı qüvvə cəlb olunmuşdu.

Təmir işlərinin aparıldığı ərazi boyu zəruri olan yerlərində yol nişanları və məlumatverici lövhələr quraşdırılıb, yol-cizgi və yolgöstərici xətlər çəkilib.

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun qalan 11–18-ci kilometrlik hissəsinin yenidən qurulması işlərinin tərtib olunmuş qrafikə uyğun digər mərhələlər üzrə hissə-hissə davam etdirilməsi nəzərdə tutulub.

S.Xankişiyeva

 

Paylaş:
425

Son xəbərlər

Sabahın hava proqnozu

15 / 05 / 2025, 13:49

Ölkədə doğum sayı azalıb

15 / 05 / 2025, 13:47
Bütün xəbərlər