Ovçuluq təsərrüfatının ərazisində 630 ədəd hərbi sursat aşkar olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Ovçuluq təsərrüfatının ərazisində 630 ədəd hərbi sursat aşkar olunub

09:23 - 03 / 09 / 2018
Ovçuluq təsərrüfatının ərazisində 630 ədəd hərbi sursat aşkar olunub

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Tovuz rayonunda keçirdiyi əməliyyatla bağlı məlumat yayıb.

Agentliyin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, sentyabrın 1-də saat 09:32-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və saat 09:50-də Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Biləsuvar rayonu, “Mahmudçala” ovçuluq təsərrüfatının ərazisində partlamamış hərbi sursatların tapılması barədə məlumatlar daxil olub.

Məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Biləsuvar rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Biləsuvar rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə sentyabrın 2-də də baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 92 ədəd müxtəlif növ partlamamış hərbi sursat aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Partlamamış hərbi sursatların tapıldığı yerin ətrafında 5 000 kv.m əraziyə yerüstü baxış keçirilib.

Məlumata görə, 2 gün ərzində ərazidə aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 630 ədəd müxtəlif növ partlamamış hərbi sursat aşkar olunub, 75 000 kv.m əraziyə yerüstü baxış keçirilib.

Ərazinin partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

1news.az

Paylaş:
473

Son xəbərlər

Bütün xəbərlər