Politoloq: “Lazarev klubu” Zatulinin Köçəryanın pulundan yararlanmaq məqsədi ilə yaratdığı yardımçı təsərrüfatlardan biridir

“Lazarev klubu”nun yaradılmasına emosional prizmadan yanaşmaq olar. Eləcə də “Lazarev klubu”na K.Zatulinin R.Köçəryanın pulundan istifadə etmək mənbəyi kimi də yanaşmaq olar. K.Zatulin Ermənistanı, o cümlədən R.Köçəryanı çox gözəl tanıyır.
Onun anti-Rusiya əməllərinə də bələddir. Məhz R.Köçəryan ABŞ üçün dünyada ikinci ən böyük səfirlik binasının arxitektorudur. ABŞ Ermənistanda adicə səfirlik binası tikmək istəyirdi. R.Köçəryan həmin vəsaitlə ABŞ üçün az qala hərbi baza olan səfirlik binasını tikdi.
Eks-prezident R.Köçəryan “Yukos-Armenia”, “Yukos-CİS” strukturlarını yaratdı. Bu vasitə ilə Xodorkovskinin 5 milyard dollar vəsaitini Qərbə çıxardı.
Eks-prezident R.Köçəryan “Sibir” (RF) aviakompaniyasını şüurlu şəkildə müflisləşdirdi, özəlləşdirdi və bazasında “Armavia”nı yaratdı. Yerlisi və qohumu Mika Bağdasaryana verdi. Bir sıra Rusiyaya məxsus enerji obyektlərini də “bu qaydada özəlləşdirib” onun sərəncamına keçirtdi.
Eks-prezident R.Köçəryan “Qazprom Armeniya”nın da yuxarıdakı qaydada özəlləşdirilməsinə başlamışdı. RF başa düşdü, bu prosesi dayandırdı. Bunların hamısını R.Köçəryan ABŞ-ın maraqları çərçivəsində etdi və həbs olunan zaman ABŞ bütün dünyada heç kəsə göstərmədiyi isti münasibəti R.Köçəryana göstərdi. O, həbs olunduqdan sonra dəqiqə ilə ölçülən müddətdə reaksiya verdi. Prosedur qaydalarına riayət olunmasını tələb etdi. Məhz prosedur qaydalarına riayət olunmamasına görə R.Köçəryan azadlıqdadır.
Bütün bunların hamısını K.Zatulin bilir. K.Zatulin o qədər Köçəryanpərəst idi ki, hətta Serj Sərkisyana “xox” gəlmişdi. K.Zatulin R.Köçəryanın Amerikapərəst olduğunu, ABŞ-ın maraqlarına uyğun anti-Rusiya siyasət apardığını və Ermənistanın Qərblə Rusiya arasında oyun oynamaq siyasi kursunun müəllifinin R.Köçəryan olduğunu bilir. Amma yenə onun hakimiyyətə qayıtmasına çalışır. Çünki K.Zatulinin Köçəryanın maliyyəsindən və Qərbdəki əlaqələrindən ehtiyacı var. K.Zatulin “Lazarev klubu” ideyasının təməlini daha dərində qurub. “Lazarev klubu” K.Zatulinin R.Köçəryanın pulundan yararlanmaq məqsədi ilə yaratdığı yardımçı təsərrüfatlardan biridir.
Mübariz Əhmədoğlu
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq