Deputat: Paşinyanın populist oyunlar oynaması əsas primitiv seçki texnologiyasıdır | 1news.az | Xəbərlər
Siyasət

Deputat: Paşinyanın populist oyunlar oynaması əsas primitiv seçki texnologiyasıdır

11:31 - 06 / 11 / 2018
Deputat: Paşinyanın populist oyunlar oynaması əsas primitiv seçki texnologiyasıdır

Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan növbəti dəfə beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ ərazisinə qanunsuz səfər edib.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, Paşinyan təmas xəttində olub və burada öz “ənənəsinə sadiq qalaraq” erməni hərbçilərlə selfi çəkdirib. O, həmin selfini özünün Facebook səhifəsində paylaşıb.

Fotoda Paşinyanla bərabər Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyan, separatçı rejimin rəhbəri Bako Saakyan da olub.

Bu, qeyd etdiyimiz kimi, Paşinyanın Dağlıq Qarabağa ilk səfəri deyil. Belə ki, o, baş nazir seçildikdən dərhal sonra, mayın 8-də Qarabağa qanunsuz səfər etdi. Bunun ardınca dəfələrlə Azərbaycanın işğal edilmiş ərazilərində olub.

Paşinyan ATƏT-in Minsk qrupunun həmsədrlərinin regionu tərk etməsindən dərhal sonra Dağlıq Qarabağa gedib. Bu isə bir daha rəsmi İrəvanın sülh prosesindən uzaq olduğunu, belə addımlarla münaqişənin nizamlanmasına zərər vurduğunu aydın şəkildə göstərir.

Mövzu ilə bağlı fikirlərini 1news.az-a bildirən millət vəkili Asim Mollazadə deyib ki, Paşinyanın bu cür addımlarının əsas səbəbi Ermənistanda seçki ərəfəsindəki daxili gərginlikdən qaynaqlanır.

Onun sözlərinə görə, işğalçı ölkənin baş naziri vəzifəsinin icraçısının belə hərəkətləri ilk növbədə daxili siyasətlə və problemlərlə bağlıdır:

“Paşinyanın millətçi, populist oyunları oynaması seçkiöncəsi əsas primitiv seçki texnologiyasıdır.

Mənə elə gəlir ki, həm Paşinyanın, həm Ermənistanın xilas yolu sülh istiqamətində zəruri addımlar atmaqdan ibarətdir. Belə addımlar atılsa, bəlkə də xilas yoluna çıxa bilərlər. Əks halda Paşinyan, eləcə də onun ölkəsi həm müstəqilliyini, həm də mövcudluğunu itirə bilər”.

1news.az 

 

Paylaş:
507

Son xəbərlər

Bütün xəbərlər