Politoloq: Tramp Putini “qətl və zəhərlənmələr”də ittiham kimi başa düşüləcək fikirlər bildirdi | 1news.az | Xəbərlər
Siyasət

Politoloq: Tramp Putini “qətl və zəhərlənmələr”də ittiham kimi başa düşüləcək fikirlər bildirdi

13:02 - 08 / 11 / 2018
Politoloq: Tramp Putini “qətl və zəhərlənmələr”də ittiham kimi başa düşüləcək fikirlər bildirdi

Rusiya-ABŞ münasibətlərindəki gərginlik və ya idarə olunmaz vəziyyət davam edir. ABŞ prezidenti D.Tramp Rusiya prezidenti V.Putini “qətl və zəhərlənmələr”də ittiham kimi başa düşüləcək fikirlər bildirdi. Bu, faktiki olaraq, V.Putinə qarşı beynəlxalq məhkəmələrdə cinayət işinin açılmasına səbəb ola bilər.

ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri C.Boltonun Moskvaya səfəri ərəfəsində Vaşinqton orta və yaxın mənzilli raketlərin məhdudlaşdırılması barədə müqavilədən çıxacağını bildirdi. Bu addım RF-in Avropada raketlər yerləşdirməsilə əlaqələndirildi. ABŞ-SSRİ arasındakı bu müqavilə M.S.Qorbaçovun rəhbərliyi dövründə imzalanmışdı. M.S.Qorbaçov Vaşinqtonun bu addımını sürətlə silahlanmanın başlanğıcı kimi qiymətləndirdi.

Səfəri zamanı RF Təhlükəsizlik Şurasının katibi N.Patruşevlə 3 saata yaxın görüş keçirən C.Bolton xarici işlər naziri S.Lavrov və müdafiə naziri S.Şoyqu ilə də görüşdü, sonuncu ilə görüşünü “məhsuldar” adlandırdı. Həmçinin V.Putinlə görüşən C.Bolton RF-i orta və kiçik mənzilli raketlər barədə müqaviləni pozmaqda ittiham etdi. C.Bolton görüşlərində, o cümlədən V.Putinlə görüşdə Rusiyanın “ABŞ seçkilərinə müdaxiləsi”ni müzakirə etdi. V.Putin C.Boltona ABŞ-ın qeyri-dost addımlarından təəccübləndiyini bildirdi.

Diqqət çəkən məsələlərdən biri də C.Boltonun Rusiya ilə Çinin münasibətlərinin gərginləşdirmək istiqamətində açıqlama verməsidir: “Çin raketləri Rusiyanın ürəyini-Moskvanı vura bilir”. C.Bolton artıq Rusiyanın seçkilərə 2016-cı ildə olduğu kimi müdaxilə etmədiyini də açıqladı. ABŞ-ın İrana qarşı sanksiyalarını da müzakirə edən C.Bolton sonradan Cənubi Qafqaz regionuna səfər etdi.

Konstantinopol Patriarxlığı (Ümumdünya Pravoslav Kilsəsi) Ukrayna Pravoslav Kilsəsinə (UPK) avtokefallıq (müstəqillik) verməsi istiqamətində vacib addım atdı: UPK-nın Rus Pravoslav Kilsəsinə (RPK) tabe edilməsi ilə bağlı anafemanı ləğv etdi. Cavab olaraq, RPK Konstantinopol Patriarxlığı ilə əlaqəni kəsdi, öz dindarlarına Afon məbədini ziyarəti qadağan etdi.

Kreml UPK-ya avtokefallıq verilməsi mövzusunu diqqətdə saxladığını bildirdi; V.Putin bununla əlaqəli Təhlükəsizlik Şurasının ayrıca iclasını keçirdi. Kremlin fikrincə, UPK-ya avtokefallıq verildikdən sonra Ukraynada RPK-nın tabeçiliyində olan kilsənin tərəfdarlarına qarşı açıq mübarizə başlaya bilər. Bu halda Kremlin silahlı müdaxiləyə hazırlaşdığını belə ehtimal etmək olar. “Valday” klubunda ənənəvi görüş zamanı V.Putin Ukrayna rəhbərliyini 2008-ci ildə M.Saakaşvilinin səhvini təkrarlamaqdan yayınmağı çağırdı.

Avstriyanın kansleri S.Kurts Sankt-Peterburqda V.Putinlə görüşdü, Avropanın enerji problemlərinin Rusiyanın iştirakı olmadan həllinin qeyri-mümkünlüyünü bildirdi. Onun fikrincə, Avropa dövlətləri “Şimal axını-2” layihəsinin reallaşmasında maraqlıdır. “Qazprom” (RF) və OMV (Avstriya) arasında aktivlərin satılması barədə müqavilə imzalandı. Bu, “Qazprom”a Aİ tərəfindən tətbiq olunan cəzaların yumşalmasına və ya cəzalardan yayınmasına imkan verə bilər. V.Putin Koşitse (Slovakiya)-Vyana geniş koleyli dəmir yolunun tikintisinin yüklərin Asiyadan Avropaya daşınmasının xərclərini azaldacağını bildirdi.

N.Nazarbayev Qazaxıstanın münasibətlər sisteminin ardıcıllığını müəyyənləşdirdi.

Qazaxıstan prezidenti N.Nazarbayev ölkəsinin münasibətlər sisteminin ardıcıllığını müəyyənləşdirdi:

ı. Rusiya Federasiyası ilə münasibətlərimiz dövlətlərarası əlaqələrin etalonudur.

ıı. ÇXR-lə münasibətlərimiz artan inkişaf edən hərtərəfli strateji tərəfdaşlıqdır.

ııı. ABŞ-la münasibətlərimiz geniş strateji tərəfdaşlıq istiqamətindədir.

ıv. Aİ Qazaxıstanın iri ticarət və investisiya tərəfdaşıdır.

  1. MDB, Türkiyə, İran, Ərəb Şərqi və Asiya ölkələri ilə qarşılıqlı faydalı, ikitərəfli əlaqələrimiz inkişafdadır.

vı. Suriya üzrə Astana prosesi dinc tənzimlənmə və bu ölkənin böhrandan çıxması üçün praktiki olaraq effektiv işləyən yeganə formatdır.

Rusiya ilə münasibətlərdə gərginliyə dəlalət edən proseslər davam edir. Bəzi ekspertlər Qazaxıstanda rusofobiyanın mövcud olduğunu və bunun hökumətin apardığı siyasətin nəticəsi olduğu qənaətindədirlər. Kostanay vilayətində pediatr rus ailəsinin uşağının müayinəsindən imtinası ciddi ajiotaja səbəb oldu.

AİB çərçivəsində RF-in anti-Qərb layihələri Qazaxıstanı narahat edir. Bu iki ölkə arasında gərginliyin ən vacib əlaməti RF-in keçmiş bankir Jomak Yertayevi Qazaxıstana verməkdən imtina etməsidir. Yaxın vaxtlarda RF-in Tacikistan və Qırğızıstanın tələbi ilə Rusiyaya sığınmış siyasiləri geri qaytarması fonunda Qazaxıstanın siyasi ambisiyalı bankiri verməməsi diqqət çəkir.

Qazaxıstanda Daxili İşlər Departamenti bundan sonra Polis Departamenti adlanacaq.

Qazaxıstanda dünya və ənənəvi dinlərin liderlərinin VI iclası keçirildi. İclasda N.Nazarbayev açılış nitqi söylədi. Dünyanın 46 ölkəsinin təmsilçiləri iştirak edirdi. N.Nazarbayev Vatikanın Papa Şurasına “Dinlərarası dialoqa töhfəyə görə” mükafatını təqdim etdi.

Bu tədbir müstəvisində N.Nazarbayev Misirdəki əl-Əshar universitetinin ali imamı, şeyx Əhməd ət-Tayyiblə görüşdə, bu universitetlə Qazaxıstan arasındakı əlaqələrin bünövrəsinin çoxdan qoyulduğunu bildirdi. Şeyx Astanada çoxlu dəyişikliyin baş verdiyini bildirdi. Tərəflər aktual məsələləri və konfesiyalararası dialoqun inkişafını müzakirə etdilər. Qazaxıstan Qahirədəki Sultan Beybars məscidinin bərpasını davam etdirməyə başladı.

Çinə qaz ixracını iki dəfə artırmağı planlaşdıran “QazTransQaz” yaxın vaxtlarda 2 milyard dollar valyuta əldə edəcəyini düşünür.

Çindən qaçmış etnik qazax xanım Sayragül Sayıtbay oradakı “yenidən tərbiyələnmə düşərgələrində” vəziyyətin hədsiz ağır olduğundan danışdı. Qazaxıstandan sığınacaq istədi, Qazaxıstan Çin vətəndaşı olanı etnik qazaxa sığınacaq verməkdən imtina etdi.

Azərbaycan-Qazaxıstan münasibətlərində dinamika var:

- Milli Qvardiyanın baş komandanı Ruslan Jaksılıkovun başçılıq etdiyi hərbi nümayəndə heyəti Azərbaycanda oldu, daxili işlər naziri R.Usubov və onun müavini, Daxili Qoşunların komandanı Ş.Məmmədov ilə görüşdü. İki ölkə arasında əlaqələrin, o cümlədən təhlükəsizliyin və qayda-qanunun möhkəmləndirilməsində əlaqələrin genişləndirilməsinin vacibliyi vurğulandı.

- Astanada Qazaxıstan-Azərbaycan hökumətlərarası komissiyasının iclası keçirildi. Bu komissiyanın Qazaxıstan tərəfdən həmsədri, energetika naziri Kanat Bozumbayev, Azərbaycan tərəfdən isə energetika naziri Pərviz Şahbazovdur. Ticari-iqtisadi, yanacaq-energetika, kənd təsərrüfatı, tranzit-nəqliyyat, mədəni-humanitar və s. sahələrdə ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edildi. Azərbaycanlı nazirlə görüşdə Qazaxıstanın investisiya və inkişaf üzrə naziri Jenis Qasımbek 8 ay ərzində iki ölkə arasında mal dövriyyəsinin 2 dəfə artaraq 168 milyon dollar olduğunu bildirdi. 2017-ci ilin analoji dövründə bu rəqəm 81,5 milyon dollar olub.

“QazTransQaz” uzun illər davam edən çəkişmələrdən sonra Gürcüstandakı törəmə şirkətini yerli şirkətlərdən birinə satdı.

Mübariz Əhmədoğlu

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq

 

 

Paylaş:
490

Son xəbərlər

Bütün xəbərlər