Qazaxıstanda beynəlxalq parlament konfransı keçirilir – FOTO

Qazaxıstanın paytaxtı Astana şəhərində beynəlxalq parlament konfransı başlayıb.
1news.az xəbər verir ki, “Astana - qlobal inteqrasiya, təhlükəsizlik və sülh mərkəzi” mövzusuna həsr edilən beynəlxalq konfrans Qazaxıstanın birinci Prezidenti Gününə həsr edilib. Tədbirdə xarici ölkələrin parlamentlərini təmsil edən nümayəndə heyətləri, politoloqlar, ekspertlər iştirak edirlər.
Konfransı açan Qazaxıstan parlamentinin sədri Nurlan Niqmatulun qonaqları salamlayaraq deyib ki, bu tədbir artlq üçüncü dəfədir keçirilir.
Konfransın gedişində prezident Nursultan Nazarbayevin Mərkəzi Asiya dövlətləri arasında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi, Avrasiya məkanında inteqrasiya proseslərinin inkişafı, beynəlxalq təhlükəsizliyin təmin edilməsi və regional münaqişələrin həlli, Qazaxıstanın BMT Təhlükəsizlik Şurasına sədrliyinin prioritetlərinin reallaşdırılması kimi beynəlxalq təşəbbüsləri, həmçinin, ölkədə həyata keçirilən siyasi, iqtisadi islahatlar müzakirə ediləcək.
O vurğulayıb ki, Qazaxıstan prezidenti Nursultan Nazarbayevin rəhbərliyi ilə bu gün ölkə mühüm inkişaf mərhələsindədir. Sovet ittifaqının dağılmasından sonra çətin durumda olan ölkə “əvvəl iqtisadiyyat, sonra siyasət” islahatları həyata keçirməyə başladı. Və zaman göstərdi ki, bu siyasət tamamilə doğrudur.
N.Niqmatulin ölkənin moderenləşdirilməsi siyasətindən də söz açıb. Bu siyasət nəticəsində Qazaxıstanın bütün sahələrdə inkişaf etdiyini deyib. Bildirib ki, Qazaxıstan beynəlxalq platformalarda fəal rol oynayır. Astana prosesi dünyada Suriya böhranının nizamlanmasında yeganə effektiv platformadır. Mərkəzi Asiyada ilk olaraq Qazaxıstan BMT Təhkükəsizlik Şurasının qeyri-rəsmi üzvü seçilib.
Qazaxıstanın XİN rəhbəri Kayrat Abdraxmanov çıxışında deyib ki, Qazaxıstan bu gün dünyada etibarlı tərəfdaşa çevrilib. Ölkə regionda sabitliyin, təhlükəsizliyin, Avrasiya regionunda geniş inteqrasiyanın tərəfdarıdır. Qazaxıstan bütün qonşu ölkələrlə dostluq əlaqələrinə malikdir.
Tədbirdə Azərbaycanı təmsil edən parlamentin birinci vitse-spikeri Ziyafət Əsgərov Birinci Prezident Günü münasibətilə təbriklərini çatdırıb. Bildirib ki, konfrans maraqlı bir mövzuya həsr edilib. Qazaxıstan həqiqətən də regionda sülhün, təhlükəsizliyin, sabitliyin möhkəmləndirilməsi üçün xeyli işlər görüb. Bu mənada prezident Nursultan Nazarbayevin təşəbbüslərini xüsusi qeyd etmək istəyirəm.
Z.Əsgərov vurğulayıb ki, xalqlarımız arasında mövcud olan qədim və tarixi əlaqələr, genetik bağlılıq, bugünkü münasibətlərimiz onu göstərir ki, biz bir yerdə ən çətin problemləri belə həll edə bilərik:
“Bu gün ölkələrimiz arasında həqiqətən çox gözəl münasibətlər var. Bu münasibətlərin əsasını ümummilli lider Heydər Əliyev və Nursultan Nazarbayev qoyublar. Bu siyasət bu gün də yüksək səviyyədə davam edir. Dövlətlərimiz arasında dostluq, qardaşlıq münasibətləri var.
Türkiyə Böyük Millət Məclisi sədrinin müavini Mustafa Şentop Qazaxıstanın beynəlxalq siyasətdə etibarlı bir tərəfdaş kimi tanındığını deyib. Nümunə kimi, Astananın Suriya nizamlanmasında rolunu qeyd edib. M.Şenton deyib ki, yeni ədalətli dünyanın qurulması bütün dövlətlərin arzusu olmalıdır.
Konfransda Rusiya Dövlət Duması sədrinin müavini Sergey Neverov, Özbəkistan parlamentinin sədri Nurdincan İsmoilov, İtaliya parlamenti Deputatlar Palatasının vitse-prezidenti Rozato Ettore və başqaları çıxış ediblər.
Konfrans panel sessiyalarında işini davam etdirir.
P.Sultanova