Qrant bazarı uğrunda yeni savaş: “vətənpərvərlər” özlərini necə ifşa edirlər – TƏHLİL

Artıq bir neçə gündür ki xaricdə yaşayan və Azərbaycan dövlətinə qarşı ardıcıl şəkildə kampaniya aparan şəbəkənin aparıcı nümayəndələri bir-birinə qarşı ifşaedici açıqlamalar verirlər.
Açıqlamalar göstərir ki, özlərini demokratiya carçısı və ədalət tərəfdarı kimi qələmə verənlər, sözdə dövlət və millətin qayğısı ilə yaşadıqlarını bəyan edənlər əslində xarici anti-Azərbaycan dairələrin birbaşa nəzarəti altında və maliyyəsi ilə fəaliyyət göstərərək onlara verilən sifarişləri yerinə yetiriblər. Onların əsas məqsədi daha çox qrant almaq və mənimsəmək olub.
Bu dəfə Avropada yaşayan "siyasi mühacirlər" - Məhəmməd Mirzəli və Tural Sadıqlı bir-birlərini ifşa edib və beləcə adıçəkilən gənclərin seçki öncəsi birliyinin səbəbi də məlum olub.
Belə ki, onları xaricdən alınan qrantlar birləşdirib. Bunun müqabilində isə onların qarşısına Azərbaycan dövləti əleyhinə kampaniya aparmaq məqsədi qoyulub. Qrantların düzgün bölüşdürülməməsi isə onlar arasında əsl qarşıdurma yaradıb. Məhəmmədin sosial şəbəkədə Tural Sadıqlı haqda söylədikləri bunu deməyə əsas verir:
“Mən heç zaman bunu yazmazdım, özün məcbur etdin. Sən özünü ifşa etmək qərarına gəldin davam elə. Mənim də deyəcəyim şeylər olacaq. Qrantı aldın nə qrant verən təşkilatın adını açıqladın, nə aldığın qrantın məbləğini dedin, məni efirə çıxarıb məndən pul qazandın. Mən də sənin bu əməlinə qarşılıq olaraq öz videolarımı youtubdan sildirdim. Mən bu işləri pulsuz görən adamam biz qrant gəlməsə belə birgə nəyəsə razılaşsaydıq təbii ki işlər görüləcəkdi.
Amma məsələnin mahiyyəti budur ki, sən məndən istifadə etdin, "xalqın layihəsini də qrant” üçün etdin, mən bu dəqiqənin özümdə belə xalqın layihəsini etməyə hazıram, pulsuz parasız gəl edək, digər səhifələri də çağıraq. Bir də ki, el yazmısan ki, yanımıza çəkdik filan etdik. Mən öz işimi özüm həyata keçirmişəm”.
“Made in Azerbaijan” səhifəsinin admini olan Məhəmməd daha sonra Turalı satqınlıqda da ittiham edib:
“Sənin qardaşın iki kilo heroinlə şərlənir azadlığa buraxılır və sonra da gəlir Almaniyaya. Sənin Bakıdakı fəaliyyətin barədə danışmağa başlasam, təmiz batarsan. Almaniyada etditiklərini isə saxlayıram ikinci yazıya”.
Tural Sadıqlı isə öz növbəsində yazdığı statusunda Məhəmməd Mirzəlini nankorluqda ittiham edib və ona təzyiq olan zaman dəstək olduğunu deyib.
Məhəmməd Mirzəlinin şikayəti əsasında “YouTube”də “Azad söz” səhifəsindən şikayət edilib və səhifə bağlanıb.
Qeyd edək ki, zaman-zaman Avropada mühacir həyatı yaşayan və Azərbaycana düşmən olan təşkilatlardan aldıqları qrantlar hesabına fəaliyyət göstərən “vətənpərvərlər” arasında bu cür qarşıdurmalar, qaralama kampaniyaları baş verməkdədir.
Xatırladaq ki, cari ilin mayın 9-da Helsinki komissiyası tərəfindən ABŞ konqresində Azərbaycanla bağlı keçirilən dinləmələrdə çıxış edən Emin Milli radikal müxalifət haqqında tənqidi fikirlər səsləndirib.
Emin Millinin radikal müxalifətin və onun satellit QHT-lərinin “haqqını” və ayrılan qrantları təkbaşına mənimsəmək cəhdi digər “qrantyeyənlərin” ciddi qəzəbinə səbəb olub. Tərəflər arasında sosial şəbəkələrdə qrant uğrunda mübarizə də bundan sonra başlayıb. Onlar özləri-özlərini ifşa ediblər, başqa sözlə, bir-birlərinin paxırlarını açıblar. Bununla da aldıqları qrant müqabilində Avropadakı, qərbdəki ağalarının sifarişlərini yerinə yetirərək dövlətimiz, onun milli maraqları əleyhinə mübarizə apardıqlarını özləri bir daha isbat etmiş olublar.
ABŞ-da yaşayan jurnalist Sevinc Osmanqızı ilə Xədicə İsmayılın qarşılıqlı ittihamları, Natiq Adilovun Emin Millini saxtakarlıqda və qrant üçün fəaliyyət göstərməkdə ittiham etməsi də dediklərimizin əyani sübutudur (Bax: http://1news.az/az/news/radikal-muxalifet-ve-5-ci-kolon-xarici-qrant-ugrunda-bir-birilerini-qirirlar).
Onlar əslində qrant sayəsində yaşayırlar və fəaliyyətləri siyasi çətir altında biznes qurmaqdır. Artıq Azərbaycanda tükənən, antiazərbaycan qüvvələrin etimadını itirən radikal müxalifətdən imtina edilir və daha çox üstünlük siyasi mühacir deyilən insanlara, eyni zamanda əxlaqsız düşüncələrlə, tərbiyəsiz sözlərlə Azərbaycan dövlətinin üzərinə gələnlərə verilir. Ona görə də xaricdəkilərlə Azərbaycanda olanlar arasında bu cür çəkişmələr, qarşılıqlı ittihamlar yenidən başlayıb.
Bunlar o insanlardırlar ki, Azərbaycan xalqına ağıl dərsi keçməyə çalışıb, onu meydana, mitinqlərə səsləyirlər. Maraqlı sual yaranır: qənimət üçün bir-bilərini təhqir edən, qıran müxalifət başçıları, fəalları və “5-ci kolon” ulduzları öz xalqını, dövlətini necə düşünə bilər?!
Qeyd etdiyimiz faktlar bir daha göstərir ki, bu insanların mübarizəsi, məqsədi ancaq qrant almağa yönəlib. O da aydın məsələdir ki, qrantı verənlər onu elə-belə vermirlər. Verilən vəsaitin müqabilində radikal müxalifətdən öz maraqları naminə istifadə edirlər. Həmin dairələrin maraqları isə Azərbaycan əleyhinə yönələn fəaliyyətdən ibarətdir. Ona görə də xaricdən qrant alan qüvvələrin haradan maliyyələşdirilməsi ilə bağlı ciddi tədqiqatlar aparılmalı, üzə çıxarılaraq ifşa olunmalıdır.
Siyasi ekspert, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev məsələ ilə bağlı Trend-ə açıqlamasında bildirib ki, xaricdə fəaliyyət göstərən anti-Azərbaycan şəbəkəsinin son günlər yenidən fəallaşmaq səyləri fonunda bəzi təzə nüanslar üzə çıxır. Bu nüanslar həmin şəbəkənin əslində xarici siyasi və maliyyə qrupları tərəfindən idarə edildikləri barədə öncədən deyilənləri sübut edir:
“Bu anti-Azərbaycan şəbəkəsinin üzvləri dövlət əleyhinə apardıqları işin beynəlxalq sifariş olduğu barədə deyilənləri heç cür qəbul etmək istəmir, xarici qrantlarla fəaliyyət göstərdiklərini danırdılar. Əvvəllər “xor kapellası” kimi bütöv görünən bu şəbəkənin üzvləri indi bir-birilərinə elə ittihamlar deməyə başlayıblar ki, şəbəkənin həqiqətən sifarişli qrantlar üzərində dayandığına şübhə qalmır. Bir daha məlum olur ki, özlərini Azərbaycan demokratiyası naminə fədai vətənpərvərlər kimi tanıtmaq istəyən bu "qəhrəmanlar" əslində qrant yeyənlər, qrant sahiblərinə ən inandırıcı hesabatlar vermək üçün hər cür şərə-böhtana əl atmağa hazır adamlar imiş”.
A.Quliyev qeyd edib ki, xaricdəki böhtançı, qrant mənimsəyən şəbəkənin son günlərdə meydana çıxan özünüifşa hərəkətləri bir neçə nöqteyi-nəzərdən əhəmiyyətlidir:
“Əvvala, Azərbaycanda çoxlarının hələ xeyli əvvəl dedikləri “bunları xaricilərin qrantları danışdırır” kimi fikirlər tam doğruldu. Qarşılıqlı ittiham qaydasında kimin haradan nə qədər pul aldığı barədə eşitdiklərimiz buna sübutdur. İkincisi, xaricdəki qarayaxma şəbəkəsinin Azərbaycan cəmiyyətinin fikirlərini dolaşdıra bilmədiyi və özünün parçalandığı ortaya qoyuldu. Üçüncü, bu şəbəkənin arxasında duranların perspektivsiz yolda olduqlarını hamı gördü. Nəhayət, böhtançı şəbəkənin Azərbaycanda heç bir sosial bazasının olmadığı aşkarlandı”.
A.Quliyevin sözlərinə görə, bu proseslər başqa bir əhəmiyyətli nəticəni də çıxarmağa əsas verir:
“Bu ondan ibarətdir ki, xaricdə anti-Azərbaycan şəbəkəsi yaratmaq taktikasının özü iflasa uğradığı üçün bundan sonra belə şəbəkələri yaratmaq işinə çox nadir hallarda baş vurulacaq və bir müddətdən sonra bu sayaq fəaliyyətlər ümumiyyətlə yox ola bilər”.
1news.az