Azərbaycan bir də YUNESKO-ya 2020-ci ildə müraciət edə biləcək – SƏBƏBİ

Azərbaycan tərəfi YUNESKO-nun siyahısına növbəti mədəni elementin daxil edilməsi üçün 2020-ci ildə müraciət edə bilər.
1news.az xəbər verir ki, bunu Mədəniyyət Nazirliyinin Aparat rəhbərinin müavini - Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, YUNESKO son qəbul etdiyi qərarlarda ölkələrin təqdim etdiyi faylların sayı müəyyən edilib:
“Azərbaycan artıq 10 ildən çoxdur ki, konvensiyaya qoşulub. Azərbaycanın artıq 13 elementi YUNESKO-nun siyahısındadır. Amma elə ölkə var ki, bu müddətdə onun ancaq 2 faylı YUNESKO siyahısına daxil edilib. Bu elementlərin sayı çox olduğuna görə YUNESKO tərəfindən belə bir qərar qəbul edilib ki, siyahıda mədəni elementləri çox olan ölkələr bir ildən bir fayl təqdim etsinlər. Ona görə də Azərbaycan 2019-cu ildə deyil, 2020-ci ildə fayl təqdim etməlidir.
Bizdə 2020-ci il üçün də Azərbaycan tərəfinin hazırladığı element var. Bu, xalqımızın dəyəri, mədəniyyəti və onun tarixini müəyyən edən element olacaq. Lakin biz indi onun adını qeyd edə bilmərik. Çünki bu məsələlər müəyyən qədər qapalı aparılır və bu, YUNESKO tərəfindən elan edildikdən sonra açıqlana bilər”- deyə, V.Eyvazzadə qeyd edib.
P.Sultanova