İnsanlıq adına ləkə: Vidadi İsgəndərlinin söyüş “kampaniyası”na sözardı – TƏHLİL

Xaricdə yaşayan bəzi üzdəniraq “soydaşlarımız” Azərbaycana qarşı söyüş və təhqir kampaniyası aparmaqda davam edirlər.
Özlərini demokratiya carçısı və ədalət tərəfdarı kimi qələmə verən, sözdə dövlət və millətin qayğısı ilə yaşadıqlarını bəyan edənlərin əslində xarici anti-Azərbaycan dairələrin birbaşa nəzarəti altında və maliyyəsi ilə fəaliyyət göstərdikləri artıq heç kimə sirr deyil. Onların əsas məqsədi daha çox qrant almaq və mənimsəməkdir. Yəni, öz şəxsi mənfəətlərini güdürlər.
Belələrindən biri də Fransaya sığınaraq Azərbaycan prezidenti və onun ailə üzvlərinə, eləcə də bir çox ictimai-siyasi xadimə qarşı çirkin kampaniya aparan, heç bir çərçivəyə sığmayan hədyanlar səsləndirən Vidadi İsgəndərlidir.
Qeyd edək ki, artıq onunla bağlı petisiya başladılıb. Petisiyaya siyasətdə söyüşə və təhqirə qarşı olan hər bir kəs qoşula bilər. Petisiyada məqsəd Fransa hökumətindən Vidadi İsgəndərli ilə bağlı hüquqi ölçü götürülməsini tələb etməkdir. “Ən vulqar ifadələr belə bu adama münasibətdə qeyri-adekvat, yumşaq rəy kimi görünür. Hamımız onun murdar fəaliyyətinə etirazımızı bildirək!”, deyə müraciətdə bildirilir.
Petisiyanın təşəbbüskarları hesab edirlər ki, Fransa kimi dövlətin Vidadi İsgəndərli kimi qeyri-qanuni, pozucu və cinayətkar fəaliyyət göstərən birisinə şərait yaratması Azərbaycan cəmiyyətində təəssüf doğurur.
Onun çıxışlarında insanları zorakılığa, terrora çağırmaq, qeyri-konstitusion davranışa sövq etmək kimi məqamlar aydın görünür ki, bu da suveren xalqın iradəsinə, demokratiya normalarına, habelə beynəlxalq qanunvericiliyə ziddir.
Şübhəli şəkildə Fransada “siyasi sığınacaq” almış, bu ölkədə yaşayaraq Azərbaycanın dövlət institutlarını və simvollarını ən eybəcər formada təhqir edən, xalqı konstitusion quruluşu devirməyə çağıran Vidadi İsgəndərli adlı şəxsin qanunsuz və cinayətkar fəaliyyətinə hər cür şərait yaradılması yolverilməzdir.
Qeyd edək ki, Vidadi İsgəndərli Azərbaycanda olarkən heç bir siyasi fəaliyyət göstərməyib və buna görə də “siyasi mühacir” sayıla bilməz. O, vaxtilə işlədiyi dövlət orqanından yol verdiyi ciddi nöqsanlara görə çıxarıldıqdan sonra qisas almaq məqsədilə Azərbaycanda pozuluculuq fəaliyyəti göstərib, sosial şəbəkələrdə yerləşdirdiyi videolarda iğtişaşlar törədəciyini, hakimiyyəti devirəcəyini dəfələrlə bəyan edib. Bu fakt həmin adamın Azərbaycan xalqının iradəsinə hörmətsizliyini və qanunazidd əməllər törətdiyini aydın şəkildə göstərməklə yanaşı, həm də onun psixoloji cəhətdən adekvat olmadığını anlamaq üçün kifayətdir.
Bu, Azərbaycan dövlətinə və millətinə qarşı açıq-aşkar təxribat və hörmətsizlikdir.
Belə bir şəxsə Fransada sığınacaq verilməsi, onun fəaliyyətinə hər cürə şərait yaradılması Fransa hakimiyyətinin Azərbaycana münasibətdə səmimiliyini şübhə altına qoyur. Fransa dövləti, bu ölkənin aidiyyəti orqanlarını Vidadi İsgəndərlinin terror və zorakılıq çağırışlarına diqqət yetirməli və müvafiq tədbirlər görməlidirlər.
Onu da unutmaq olmaz ki, xarici havadarlarından aldığı qrantların qarşılığında Azərbaycan xalqına, hakimiyyətinə qarşı qarayaxma kampaniyası aparan tək Vidadi İsgəndərli deyil. Orduxan Teymurxan, Məhəmməd Mirzəli, Tural Sadıqlı və digər şəxslər Azərbaycana qarşı olan qüvvələrin əlində maşa rolunu oynamaqla ayrı-ayrı insanlara şər-böhtan atmaqdan, onları təhqir etməkdən belə çəkinmirlər.
Bu gün onların gerçək simaları hər kəsə yaxşı məlumdur. Bir-biriləri haqqında ifşaedici açıqlamalar verməklə göstərdilər ki, özlərini demokratiya carçısı və ədalət tərəfdarı kimi qələmə verənlər, sözdə dövlət və millətin qayğısı ilə yaşadıqlarını bəyan edənlər əslində xarici anti-Azərbaycan dairələrin birbaşa nəzarəti altında və maliyyəsi ilə fəaliyyət göstərərək onlara verilən sifarişləri yerinə yetiriblər. Onların əsas məqsədi daha çox qrant almaq və mənimsəmək olub.
Bax: Qrant bazarı uğrunda yeni savaş: “vətənpərvərlər” özlərini necə ifşa edirlər – TƏHLİL
Qrant ovçularının qalmaqalı böyüyür: ittihamlardan təhqirlərə keçdilər – VİDEO
Xatırladaq ki, Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Facebook sosial şəbəkəsindəki səhifəsində xarici ölkələrdə anti-Azərbaycan kampaniyası aparan bir qrup şəxs haqqında status yazaraq onları kəskin tənqid etmişdi. Bildirmişdi ki, bu gün öz “siyasi mübarizəsini” söyüş və təhqir üzərində quranlar tutduqları yolun nə onların özlərinə, nə də ki, Azərbaycan cəmiyyətinə heç bir faydası olmadığını anlamalıdırlar:
“Dərin təəssüf hissi ilə bildirmək məcburiyyətindəyəm ki, Azərbaycan dövlətinə, hakimiyyətə, ayrı-ayrı şəxslərə, o cümlədən də şəxsən ölkə Prezidentinə və onun köməkçisi kimi mənə qarşı çirkin kampaniya aparan həmin “insanlar” nəinki polemika mədəniyyətlərinin olmadığını, həm də tərbiyə və əxlaq normalarından çox-çox uzaq olduqlarını bir daha nümayiş etdirdilər...
Tam məsuliyyətimlə bəyan edirəm ki, cavabdeh olduğum sahədə çalışan şəxslərin heç biri və heç vaxt öz opponentlərinin şərəf və ləyaqətinə, milli-vətəndaş heysiyyatına toxuna biləcək leksikondan istifadə etməyiblər və belə hərəkətləri həmişə sərt formada qınayıblar. Biz həmişə istənilən şəxs, siyasi qurum və qüvvə ilə istənilən platformada sivil polemikaya açıq olmuşuq və bu gün də buna hazırıq. Görünür, mədəniyyət, əxlaq, tərbiyə və şərəf barədə anlayışları plintusdan da aşağı səviyyədə olan vidadi isgəndərli, isa sadıqov, elşad abdullayev kimilərdən qısa müddətdə möcüzəli transformasiya gözləmək əbəs imiş”.
Ə.Həsənovun sözlərinə görə, bu gün Azərbaycan dövlətinə və onun simvollarına, hakimiyyət nümayəndələrinə, cəmiyyət üzvlərinə qarşı qeyri-əxlaqi çirkab yağdıranlar xarici ölkələrin müvafiq orqanları qarşısında xüsusi öhdəlik götürmüş ünsürlərdir. Belələri Azərbaycanın sərhədlərini keçdikdən sonra pasportlarını bəlli dairələrə təhvil verib xüsusi öhdəliklər götürür və sonra da öz dövlətlərinə qarşı mübarizəyə sövq edilirlər.
“Əlbəttə, bu fikri xaricdəki bütün soydaşlarımız haqqında söyləmək olmaz. Avropada yüz mindən çox azərbaycanlı məskunlaşıb, onların 15-20 min nəfəri fəaldır və ölkəmizin maraqlarını həmişə müdafiə edirlər. Hazırda söhbət müxtəlif saxta yollarla Avropada siyasi sığınacaq almış və anti-Azərbaycan fəaliyyəti ilə məşğul olan beş-on nəfərdən gedir. Onlar iki əlin barmaqları ilə sayılacaq qədərdir... Mən üzümü məhz onlara tuturam və söyləyirəm: Azərbaycanı söyməklə öz komfortlu yaşayışınızı təmin etmək, İŞİD-in virtual versiyasını yaradaraq Vətəninizə qarşı savaş açmaq insanlıq simasını itirmək deməkdir... Düşünürəm ki, cəmiyyətimiz belələrinə sükutla yanaşmamalı, diasporumuz, media nümayəndələrimiz, ictimai fəallarımız seyrçi mövqe tutmamalıdırlar”.
Milli Məclisin deputatı Araz Əlizadə 1news.az-a açıqlamasında bildirib ki, Vidadi İsgəndərli kimi təhqiramiz sözlər yazan insan insan deyil, insanlıq adına ləkədir:
“İlk öncə müəyyən edilməlidir ki, onu vaxtilə Ukraynadan kimlər və hansı məqsəd üçün gətiriblər. Çünki vaxtilə İsgəndərlini bu ölkəyə gətirib iş verdilər, indi bütün ölkəni söyür”.
Fransanın Vidadi İsgəndərli kimi terrora çağırış edən şəxslərə sığınacaq verməklə beynəlxalq hüquq normalarını tapdaladığını deyən A.Əlizadənin sözlərinə görə, Fransanın özündə demokratik dəyərlər erroziyaya uğrayıb:
“Bu gün hansısa ölkəni öz maraqlarının quluna çevirmək istəyirlərsə, onları şantaj edirlər. Vidadi İsgəndərli kimilər də Azərbaycana qarşı silah kimi istifadə olunur. Lakin belə adama sığınacaq verməklə Fransa Azərbaycanla əlaqələri də sual altına qoyur”.
A.Əlizadə hesab edir ki, Azərbaycana qarşı kampaniya aparan qüvvələrə qarşı daha ciddi tədbirlər görülməli, bununla bağlı xarici ölkədəki səfirliklərə konkret tapşırıqlar verilməlidir:
“Kim ki, xaricdə Azərbaycanın əleyhinə çıxış edir ona siyasi sığınacaq verirlər. Nəyə görə? Ona görə ki, Azərbaycan heç kimin qarşısında diz çökmür? Xarici İşlər Nazirliyi başqa ölkələrdəki səfirliklərlə, digər aidiyyatı qurumlarla danışıqlar aparmalıdır. Necə olur ki, hər əxlaqsız insana siyasi sığınacaq verilir? Prokurorluq Vidadi İsgəndərli barədə iş açmalı, qiyabi həbs qətimkan tədbiri seçilməli və ölkəyə ekstradisiyası üçün müraciət olunmalıdır”.
YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə 1news.az-a bildirib ki, V.İsgəndərli ləyaqətsiz hərəkətlərlə məşğul olan, insani keyfiyyətlərini itirmiş bir insandır. Onun söylədikləri böhtan, qərəz və qarayaxmadan başqa bir şey deyil:
“Məsələ ilə bağlı Azərbaycan tərəfinin mövqeyi Fransa hökumətinə çatdırılmalıdır. Bu ölkənin V.İsgəndərli kimi bir insana sığınacaq verməsi qəbuledilməzdir. Məsələyə hüquqi müstəvidə yanaşmaq, söylədikləri böhtan və təhqirlərə görə V.İsgəndərlini cinayət məsuliyyətinə cəlb etmək lazımdır ki, layiqli cəzasını alsın”.
1news.az