Elman Nəsirov: İnanırıq ki, 2019-cu ildə ölkəmizi daha ciddi uğurlar gözləyir

Tam əminliklə demək olar ki, 2018-ci il ölkəmiz üçün uğurlu il olub. Ölkəmiz bütün istiqamətlər üzrə uğurla, sürətlə inkişaf edib.
1news.az-ın məlumatına görə, bu sözləri Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində deyib. Onun sözlərinə görə, Azərbaycan güclü ölkə kimi dünya miqyasında özünü təsdiqləyib:
“Bizim beynəlxalq mövqelərimiz daha da möhkəmlənib. Mən bu il 16 xarici səfər etmişəm. Ölkəmizə 16 dövlət və hökumət başçısı səfər etmişdir və bu, ikitərəfli əlaqələrimizin nə qədər geniş olduğunu göstərir. Eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan uğurla fəaliyyət göstərmişdir. Biz beynəlxalq aləmdə layiqli yerimizi tuta bilmişik.
Qonşu ölkələrlə əlaqələrimiz daha yüksək səviyyəyə qalxıb. Bu, hər bir ölkə üçün çox önəmlidir, o cümlədən Azərbaycan üçün. Qonşu dövlətlərlə həm siyasi, həm iqtisadi və digər sahələrdə birgə apardığımız işlər bölgədə sabitliyi daha da möhkəmləndirir. Sabitliyə gəldikdə, deyə bilərəm ki, dünyada gərginlik, risklər, təhdidlər artır, Azərbaycan isə sabitlik məkanıdır. 2018-ci ildə xalqımız əmin-amanlıq, sabitlik şəraitində yaşayıb. Sabitliyin əsas səbəbi və onun mənbəyi xalq-iqtidar birliyidir”.
Prezident İlham Əliyev 2018-ci ildə Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinini daha da möhkəmləndiyini qeyd edb:
“Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış Tərəfdaşlıq Prioritetləri sənədi bu münasibətlərin nə qədər yüksək səviyyədə olmasının təzahürüdür. Bu sənəddə ölkəmizin ərazi bütövlüyü, suverenliyi, sərhədlərimizin toxunulmazlığı haqqında çox aydın fikirlər öz əksini tapıb və bir daha onu göstərir ki, Avropa İttifaqı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ məsələsinin həllində düzgün mövqedədir”.
Dövlət başçısı ölkəmizin İslam ölkələri ilə münasibətlərinə də toxunub:
“İslam həmrəyliyi məsələlərində bizim rolumuz artır. İslam Əməkdaşlıq Təşkilatı bu sahədə apardığımız siyasətə çox yüksək qiymət verir və tam əminliklə demək olar ki, Azərbaycan müsəlman aləmində öz güclü rolunu daha da gücləndirə bilib. Müsəlman ölkələri tərəfindən bizə göstərilən diqqət, hörmət və rəğbət göstərir ki, Azərbaycan bu sahədə də böyük uğurlara nail olubdur”.
İlham Əliyev yola saldığımız ildə əldə edilən əsas nailiyyətlərdən biri kimi Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsini göstərib:
“Bu il Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi məsələsi öz həllini tapdı. Bu, hesab edirəm ki, tarixi nailiyyətdir. Çünki bildiyiniz kimi, uzun illər ərzində bu məsələ həll olunmamış qalmışdı. Ancaq bu, hazırda öz həllini tapıb və Azərbaycan bu məsələnin həllində öz dəyərli töhfəsini vermişdir”.
Dağlıq Qarabağ münaqişəsinə toxunan Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan tərəfi sözügedən münaqişənin həllində öz prinsipial mövqeyində qalır:
“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli işində biz prinsipial mövqeyimizdə qalırıq. Bizim mövqeyimiz haqq-ədalət mövqeyidir. Bizim mövqeyimiz beynəlxalq hüququn norma və prinsiplərinə tam uyğundur. Dağlıq Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Bütün dünya ölkəmizin ərazi bütövlüyünü tanıyır. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. BMT Təhlükəsizlik Şurasının qətnamələri tam icra edilməlidir, işğalçı qüvvələr qeyd-şərtsiz bizim torpaqlarımızdan çıxarılmalıdır.
Deyə bilərəm ki, münaqişənin həlli işində Azərbaycan 2018-ci ildə çox ciddi mövqelərə malik oldu. Bildiyiniz kimi, Ermənistanda 20 il ərzində hakimiyyəti zəbt etmiş kriminal, rüşvətxor, xunta rejimi çökdü və bu, Ermənistanın Azərbaycana qarşı apardığı işğalçı siyasətin tam iflasıdır. Onu da deyə bilərəm ki, bizim Ermənistana qarşı apardığımız çox düşünülmüş, məqsədyönlü və prinsipial siyasətimiz öz bəhrəsini verdi. Biz Ermənistanı bütün regional və beynəlxalq layihələrdən təcrid edə bilmişik, Ermənistan iqtisadiyyatının çökməsində bizim payımız da kifayət qədər böyükdür. Hesab edirəm ki, bu gün münaqişənin həlli üçün yeni vəziyyət yaranır. Ümid edirəm ki, 2019-cu ildə bu sahədə irəliləyiş ola bilər”.
Ölkəmizin son illər ərzində öz hərbi qüdrətini böyük dərəcədə artırdığını deyən İlham Əliyev Azərbaycan Ordusunun çox yüksək döyüş qabiliyyətinə malik olduğunu vurğulayıb:
“Hesab edirəm ki, bizim güclü hərbi potensialımız münaqişənin həlli üçün əsas amildir. Biz son illər ərzində öz hərbi qüdrətimizi böyük dərəcədə artıra bilmişik. Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Bu il ölkəmizdə iki dəfə keçirilmiş hərbi parad bizim gücümüzü, bizim güclü ordumuzun potensialını göstərir. Ən müasir silahlarla, texnika ilə təchiz edilmiş Azərbaycan Ordusu çox yüksək döyüş qabiliyyətinə malikdir və biz bu il bunu bir daha təsdiq etdik. Azərbaycan Ordusu Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan istiqamətində uğurlu əməliyyat keçirərək 11 min hektar torpağa tam nəzarət edir. Strateji yüksəkliklərin əldə edilməsi bizə imkan verir ki, Ermənistan ərazisindən keçən önəmli kommunikasiyalara və yollara tam nəzarət edək.
Biz bundan sonra da öz hərbi qüdrətimizi artıracağıq. Biz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək istəyirik və danışıqlarda iştirakımız bunun əyani sübutudur. Ancaq hər kəs bilir və bilməlidir ki, münaqişənin həlli üçün hərbi amil xüsusi rol oynayır və bundan sonra da biz hərbi qüdrətimizi artıracağıq”.
Keçən il həyata keçirilən sosial yönlü tədbirlərdən danışan dövlət başçısı məcburi köçkünlərə, şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə yeni mənzillərin verildiyini diqqətə çatdırıb:
“Bu il məcburi köçkünlər üçün çox böyük işlər görülüb. 5800 köçkün ailəsi üçün yeni evlər, mənzillər tikilib və onlara təqdim edilib. Bu, son illərdə rekord göstəricidir. Şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə 626 mənzil verilmişdir və biz bu siyasəti gələn il də davam etdirəcəyik”.
Azərbaycanın güclü iqtisadiyyata malik olduğunu deyən Prezident İlham Əliyev bu gün ölkəmizin iqtisadi inkişaf baxımından heç kimdən asılı olmadığını söyləyib:
“Azərbaycan iqtisadiyyatı müstəqil iqtisadiyyatdır və bizim müstəqil siyasətimizi gücləndirən amildir. Bu il ümumi daxili məhsul artır, qeyri-neft sektoru artır, sənaye istehsalı artır, qeyri-neft sənaye sektorunda isə artım 9 faizdən çoxdur. İxracımız təxminən 40 faiz artıb. Ölkə iqtisadiyyatına 10 milyard dollar sərmayə qoyulubdur. Dünya Bankının “Doing Business” proqramının son hesablamalarında Azərbaycan dünya miqyasında 25-ci yerə layiq görülüb. Yəni, bu, onu göstərir ki, apardığımız islahatlar, şəffaflıq, ciddi iqtisadi islahatlar öz nəticəsini verir və Dünya Bankı bunu yüksək qiymətləndirir.
Biz müasir texnologiyalara böyük əhəmiyyət veririk. Bu il bizim üçüncü peykimiz orbitə buraxılmışdır. Bu, böyük hadisədir. Azərbaycan dünyanın məhdud sayda olan kosmik klubunun üzvüdür və bu sahədə öz mövqelərimizi möhkəmləndiririk”.
Keçən il Cənub Qaz Dəhlizinin rəsmi açılışının olduğunu xatırladan dövlət başçısı digər irihəcmli layihələrdən də söz açıb:
“Eyni zamanda, bu ilin iyun ayında TANAP layihəsi də rəsmi olaraq açıldı və beləliklə, Cənub Qaz Dəhlizinin tam başa çatması üçün çox gözəl imkanlar yarandı. Bu, bizim tarixi nailiyyətimizdir və Azərbaycan xalqı bundan sonra onilliklər ərzində bu layihələrin faydasını görəcək.
Bu il Ələt Ticarət Limanının açılışını qeyd etdik. Bu da tarixi layihədir. Azərbaycan nəinki regionun, Avrasiyanın çox önəmli nəqliyyat mərkəzinə çevrilir. Şimal-Cənub, Şərq-Qərb dəhlizləri bizim ərazimizdən keçir. Çox güclü nəqliyyat infrastrukturu bizə imkan verəcək ki, tranzit imkanlarımızdan çox böyük səmərə ilə istifadə edə bilək”.
2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edildiyini xatırladan İlham Əliyev bugünkü Azərbaycanın Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu və Azərbaycanın heç vaxt tarixdə bu qədər güclü, bu qədər müstəqil, bu qədər azad olmadığını söyləyib.
Dövlət başçısı 2018-ci ilin əsas hadisələrindən biri kimi prezident seçkilərinin keçirilməsini qeyd edib:
“Azərbaycan xalqı bir daha mənə yüksək etimad göstərmişdir, mənim fəaliyyətimə yüksək qiymət vermişdir. Mən son 15 il ərzində Prezident kimi çalışmışam ki, xalqa ləyaqətlə xidmət edim. Bundan sonra da çalışacağam ki, Azərbaycanın inkişafı, Azərbaycanın gücləndirilməsi, xalqın rifahının artması üçün əlimdən gələni əsirgəməyim. Mənim bir amalım var: güclü Azərbaycan dövləti qurmaq və xalqa ləyaqətlə xidmət etmək”.
Dövlət başçısının çıxışını şərh edən millət vəkili Elman Nəsirov 1news.az-a bildirib ki, 2018-ci il Azərbaycan üçün kifayət qədər uğurlu bir il oldu. Ölkəmizdəki sabitlik, təhlükəsizlik mühiti və vətəndaş həmrəyliyi daha da gücləndi. Eyni zamanda 2018-ci Azərbaycanın beynəlxalq əlaqələrinin daha da güclənməsi ilə yadda qaldı. Ölkəmizə dünyada etibarlı tərəfdaş kimi baxırlar. Bu da əsasən səmərəli xarici siyasət yürütməyimizlə bağlıdır:
“Keçən il cənab Prezidentin xarici ölkələrə 16 işgüzar və rəsmi səfəri olub. Eyni zamanda 16 dövlətin prezidenti və hökumət rəhbəri ölkəmizə səfər edib. Bütün bunlar onu göstərir ki, həqiqətən də Azərbaycanın ikitərəfli əlaqələri çox yüksək səviyyədədir və ölkəmizin ayrı-ayrı dövlətlərlə münasibətləri inkişaf dinamikasına malikdir. Bu kontekstdə Rusiya ilə əlaqələri xüsusi qeyd etmək olar. İl ərzində Rusiya ilə əlaqələrimiz daha da güclənib. İki ölkənin dövlət başçılarının qarşılıqlı səfərləri, imzalanmış strateji əhəmiyyətli 16 sənəd bir daha onu göstərir ki, Azərbaycanın xüsusən qonşu dövlətlərlə münasibətləri çox dinamik inkişaf tempinə malikdir”.
Millət vəkili Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinə də toxunaraq bildirib ki, Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış Tərəfdaşlıq Prioritetləri sənədi bir daha göstərir ki, Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn ərazi bütövlüyü, suverenlik və sərhədlərimizin toxunulmazlığı prinsipləri çərçivəsində həllinin tərəfdarıdır:
“Bundan başqa 2018-ci il cənab Prezidentin də qeyd etdiyi kimi, Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı ilə əlaqələrinin inkişafı baxımından da əlamətdar bir il oldu. Bu gün müsəlman həmrəyliyinin təmin eüdilməsi məsələsinə Azərbaycan çox ciddi töhfələr verir.
Ümumiyyətlə, bu gün Azərbaycanın beynəlxalq təşkilatlarla əlaqələri çox intensiv inkişaf tempinə malikdir. Azərbaycan Qoşulmama Hərəkatının üzvüdür və bu il sözgedən təşkilata üzv olan dövlətlərin XİN rəhbərlərinin zirvə görüşünə ev sahibliyi etdi. Bu il isə Azərbaycan 3 il müddətinə - 2019-2022-ci illər ərzində Qoşulmama Hərəkatına sədrlik edəcək. Eyni zamanda bu il Bakıda Qoşulmama Hərəkatına üzv olan dövlətlərin rəhbərlərinin sammiti keçiriləcək. Nəzərə alsaq ki, Qoşulmama Hərəkatının 120 üzvü var, yəni, burada BMT-yə üzv olan dövlətlərin təxminən üçdə ikisi təmsil olunur, bu, Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndirilməsi baxımından çox mühüm bir hadisədir”.
Prezidentin çıxışında Dağlıq Qarabağ münaqişəsinə xüsusi yer ayırdığını deyən E.Nəsirov bildirib ki, 2018-ci ildə münaqişənin həlli ilə bağlı Azərbaycanın müəyyən üstünlükləri təmin olunub:
“Xüsusilə cənab Prezident çıxışında qeyd etdi ki, Ermənistanda 20 il müddətində hakimiyyətdə olmuş qaniçən, despotik xunta rejimi çökdü. Bu isə səlində Ermənistanın işğalçılıq siyasətinin iflası idi. Bu həm də Ermənistanın yeni hakimiyyəti üçün bir siqnal, bir dərsdir. Onlar bilməlidir ki, Ermənistanın bütün bəlalarının, faciələrinin kökündə dayanan əsas səbəb onun işğalçılıq siyasətidir. Ermənistan daha yaxşı bir gələcək istəyirsə dərhal işğala son qoymalıdır”.
E.Nəsirov Prezident İlham Əliyevin “2019-cu ildə Dağlıq Qarabağ münaqişəsinin həlli sahəsində irəliləyiş ola bilər” fikrinə də münasibət bildirərək dövlət başçısının dediklərinin təsadüfi olmadığını söyləyib:
“Ermənistandakı qaniçən xunta rejimi devrildikdən sonra heç şübhəsiz yeni hakimiyyət təhlil edir və düşünür ki, 30 ilə yaxındır ki, Azərbaycan torpaqlarını işğal etmişik və bu, prinsip etibarilə Ermənistana xoşbəxtlik gətirməli, Ermənistan iqtisadiyyatı güclənməli, Ermənistan xalqı firavan yaşamalı idi. Amma bunlar baş vermədi. Əksinə, bu gün Ermənistan fəlakətlər içindədir, inqilab burulğanında boğulur, əhali isə yoxsulluq içində yaşayır, 1 milyondan artıq insan bu illər ərzində ölkəni tərk edərək başqa ölkələrə gedib. Deməli Azərbaycan torpaqlarının işğalı Ermənistana yalnız və yalnız bədbəxtlik gətirdi.
Çıxış yolu isə ondan ibarətdir ki, Ermənistan rəhbərliyi işğala son qoymalı, Azərbaycan və Türkiyə ilə münasibətləri bərpa etməlidir. Yalnız bunlar baş verəcəyi təqdirdə Ermənistan iqtisadiyyatı inkişaf edə bilər. Bu istiqamətdə artıq müsbət tendensiyalar var. Dekabrın 6-da Milanda Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşündə əldə edilən razılaşmalardan biri də ondan ibarətdir ki, tərəflər xalqları sülhə hazırlamaqla bağlı çağırışlar etməlidirlər. Bu nöqteyi nəzərdən münaqişənin həllinə xüsusi ümidlər yaranıb. Ümid edirik ki, cənab Prezidentin də vurğuladığı kimi, 2019-cu il münaqişənin həlli ilə bağlı taktiki də olsa belə müəyyən irəliləyişlərin şahidi olacağıq”.
Millət vəkili yuxarıda söylədiklərinin yekunu olaraq Azərbaycanın 2019-cu ilə çox böyük bir potensialla daxil olduğunu bildirib:
“Əminliklə demək olar ki, ölkəmiz 2019-cu ilə çox böyük bir potensialla daxil olur. Cənab Prezidentin də qeyd etdiyi kimi, inanırıq ki, 2019-cu ildə ölkəmizi daha ciddi uğurlar, daha ciddi nailiyyətlər gözləyir”.
1news.az