Anti-Azərbaycançı qüvvələr Mehman Hüseynovun həbsindən niyə şou düzəldirlər? – RƏYLƏR

Azərbaycana qarşı olan anti-milli şəbəkə və onun xaricdəki havadarları əllərinə düşən hər fürsətdən ölkəmizə qarşı istifadə etməyə çalışırlar.
Artıq 25 ildir ki, müxalifət adı altında radikal və destruktiv fəaliyyət göstərən anti-milli qruplar öz iş metodlarını dəyişə, yeniləşə bilmir, Azərbaycanın milli maraqlarına, dövlətə və xalqa qarşı mübarizədə ən çirkin vasitələrdən istifadə edirlər.
Onların fəaliyyətlərini sosial şəbəkələrə keçirməsinin, hakimiyyətə qarşı təhqir, yalan, şantaj kampaniyaları təşkil etməsinin əsas səbəbi odur ki, özlərindən çox güclü rəqiblə mübarizə apara bilmədiklərini başa düşürlər.
Buna görə də yuxarıda da qeyd etdiyimiz kimi, əllərinə düşən hər fürsətdən ölkəmizə qarşı istifadə etməyə, qarayaxma kampaniyası aparmağa çalışırlar. Onların növbəti hədəfi isə həbsdə olan bloqer Mehman Hüseynov oldu. Gənc bloqerin aclıq aksiyası keçirməsi, vəziyyətinin kritik olması ilə bağlı xəbərlər qısa müddətdə gündəmin əsas müzakirə mövzularından birinə çevrildi.
Lakin az keçmədən Penitensiar Xidmət və Ombudsman Aparatı rəsmi məlumat yayaraq deyilənlərin həqiqətə uyğun olmadığını, Mehman Hüseynovun aclıq aksiyası keçirmədiyini, səhhətinin isə yaxşı olduğunu bildirdilər.
Müşahidə nəticəsində məlum olub ki, M.Hüseynov qida qəbul edir, sovqat alır, gündəlik həkim nəzarətindədir və sağlamlıq durumu normaldır.
Bax:
Penitensiar Xidmət: Mehman Hüseynov aclıq aksiyasını dayandırması barədə akta imza atıb
Ombudsman Aparatı: Mehman Hüseynov qida qəbul edir, sağlamlıq durumu normaldır
Beləliklə də anti-milli şəbəkə və onun xaricdəki havadarlarının Azərbaycana qarşı apardığı qarayaxma kampaniyası növbəti dəfə iflasa uğradı.
Xatırladaq ki, Mehman Hüseynov 2017-ci ilin martın 3-də həbs olunub. O, Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 2 il müddətinə azadlıqdan məhrum edilib. Ötən il dekabrın 26-da isə Penitensiar Xidmət açıqlama yayaraq bəyan edib ki, 14 saylı cəzaçəkmə müəssisəsində plan üzrə aparılan növbəti ümumi axtarış-baxış tədbirləri zamanı məhkum Hüseynov Mehman Rafiq oğlu müəssisənin Rejim-nəzarət şöbəsinin böyük inspektoru, ədliyyə leytenantı Abdalov Əli Ələddin oğlunun qanuni tələblərinə tabe olmayaraq ona qarşı zor tətbiq edib, fiziki müqavimət göstərərək sonuncuya bədən xəsarəti yetirib, xidməti otaqda olan əşyaları dağıdaraq sındırıb. Bu faktla bağlı Bakı şəhəri Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 315.2-ci maddəsi (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmə) ilə cinayət işi başlanıb.
Bax:
Mehman Hüseynov leytenanta xəsarət yetirib, onun barəsində yeni cinayət işi açılıb – RƏSMİ
Nəzərinizə çatdıraq ki, Mehman Hüseynov jurnalist deyil, onu mediaya bağlayan yeganə səbəb qardaşı Emin Hüseynovun Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu adlı qurum yaratmasıdır. Qardaşı gizli yolla başqa ölkəyə qaçırıldıqdan sonra, M. Hüseynovun da mühacir kimi xaricə çıxmasını təmin etmək məqsədilə onun guya “bloqer” olması və hakimiyyəti tənqid etdiyinə görə təzyiqlərlə üzləşməsi barədə rəy formalaşdırmağa cəhd göstərildi.
Bu kampaniyanın arxasında kimlərin durduğu, əslində məqsədin Azərbaycan dövlətinə təzyiq göstərmək cəhdu olduğu bəllidir. Təsadüfi deyil ki, Viktoruya Nulandın uşaqlarının çirkab kampaniyası ermənipərəst senator Marko Rubionun Azərbaycana qarşı açıqlaması və bu cəbhədə xüsusi yer tutan “The Washington Post” qəzetinin redaksiya məqaləsi ilə tamamlandı. Eyni şəbəkənin xaricdəki və Azərbaycandakı izləri çox aydın göründü.
“Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev məsələ ilə bağlı 1news.az-a açıqlamasında bildirib ki, Mehmanın üstündə manipulyasiya etmək, onun üstündə oyun qurmaq anti milli qüvvələrin çoxdankı fəaliyyətlərinin bir hissəsidir:
“Vaxilə həmin qüvvələr onun bloqerlik missiyasından öz xeyirlərinə istifadə etməyə çalışırdılar. Onsuz da anti-Azərbaycançı qüvvələr, bəzi beynəlxalq təşkilatlar zaman-zaman ölkəmizə qarşı çirkin əməllərini ortaya qoyurlar. Çox təəssüflər olsun ki, bu işin həyata keçirilməsində sapı özümüzdən olan baltalardan, o cümlədən Mehman Hüseynovdan istifadə olunur”.
Baş redaktor Mehmanın üzərində qurulan son hadisələrin Azərbaycana qarşı aparılan növbəti bir şou olması qənaətindədir:
“Anti-Azərbaycançı qüvvələr hədəf seçəndə Mehmanı seçməməli idilər. Çünki Mehman Hüseynov elə də ciddi fiqur deyil ki, onun üzərindən Azərbaycana qarşı kampaniya aparsınlar. Məlumat yaydılar ki, Mehman aclıq aksiyasına başlayıb. Sonradan rəsmi qurumlar bunun yalan məlumat olduğunu rəsmi şəkildə bəyan etdilər. Bütün bunlar onu göstərir ki, Mehmanın üzərində qurulan son hadisələr Azərbaycana qarşı aparılan növbəti bir şoudur”.
Mehman Hüseynovun jurnalist olmamasına diqqət çəkən B.Quliyev onun adından istifadə edərək Azərbaycana qarşı qarayaxma kampaniyası aparanların istəklərinə çatmayacaqlarını vurğulayıb:
“Maraqlı nüans ondan ibarətdir ki, Mehman Hüseynov jurnalist deyil və məlum olduğu kimi, konkret olaraq cinayət əməlinə görə həbs olunub. Bu gün onu jurnalist kimi qələmə verərək onun üzərində şou qurmaq, iş aparmaq qəbulolunmazdır.
Digər tərəfdən Azərbaycanda insan haqlarının qorunması, fikir plüralizminin təmin olunması dövlətin prioritet istiqamətlərindən biridir. Bu baxımdan kimlərinsə bundan sui-istifadə etməsi, Mehmanı bəhanə edib Azərbaycana qarşı qarayaxma kampaniyasına yenidən start verməsi qəbulolunmazdır. Azərbaycan bu cür təzyiqlərlə mühakimə oluna bilməz”.
Mətbuat Şurası İdarə Heyətinin üzvü, siyasi şərhçi Azər Həsrətin sözlərinə görə, Mehman Hüseynovla bağlı anti-milli şəbəkə və onun xaricdəki havadarları unudurlar ki, Azərbaycan dövləti ilə təzyiq vasitəsilə danışmaq, qarayaxma kampaniyası vasitəsilə onu gözəştə məcbur etmək mümkün deyil:
“Çünki Azərbaycan özünə hörmət edən bir dövlətdir. Azərbaycan Prezidenti məhz Azərbaycan xalqının iradəsi ilə hesablaşır. Xaricdən heç bir iradə, qüvvə Azərbaycan Prezidentinin, xalqının və dövlətinin maraq və mənafeylərinə zidd addımlar atmağa məcbur edə bilməz. Bu tarixən dəfələrlə sübut olunub. Ölkə başçısı bunu dəfələrlə özü də sərt şəkildə sübut edib və göstərib. Təbiidir ki, o qüvvələr də bunu bilirlər. Sadəcə niyə bu cür addımlarını davam etdirirlər?
Məsələ ondadır ki, Mehman Hüseynov məsələsi bu adamlar üçün bir bəhanədir. Bəhanədir ki, Azərbaycana qarşı kampaniya aparsınlar, Azərbaycanda insan hüquqlarının pozuntusu görüntüsünü yaratsınlar və dünyaya göstərsinlər ki, Azərbaycan belə bir ölkədir və o ölkəyə bu və ya digər şəkildə yardım etmək lazımdır. Yəni insan hüquqları ilə bağlı və s. Təbii ki, o yardımı da xaricdə oturub Azərbaycanı söyməklə məşğul olan qüvvələr, şəxslər, mərkəzlər edə bilər. O adamlar bunun hesabına özlərinə əlavə gəlir mənbəyi (əlavə qrantlar almaq) əldə etmək istəyirlər. Guya ölkədə dözülməz vəziyyət var. Onların məqsədi əslində o bloggerin azadlığa çıxması deyil. Ümumiyyətlə onlar həmin bloggerin taleyi ilə maraqlanmırlar. Sadəcə olaraq adam həbsdə olduğuna görə ondan özlərinin çirkin məqsədləri üçün istifadə etməyə çalışırlar. Beləcə qrant alsınlar və maliyyə imkanlarını genişləndirsinlər”.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu SİA-ya açıqlamasında son günlər anti-Azərbaycançı mərkəzlərin Mehman Hüseynov ətrafında yaratdığı hay-küyün əslində M.Hüseynovla heç bir əlaqəsinin olmadığını deyib. Onun sözlərinə görə, Mehman Hüseynov Azərbaycan vətəndaşı olaraq qanunun tələblərini pozub və hakimiyyətin üç müstəqil qolundan biri olan məhkəmə hakimiyyətinin qərarı ilə məsuliyyətə cəlb edilib:
“İndi isə onu bu vəziyyətə düşməyə təhrik edənlər yenidən bir daha onu növbəti qanun pozutusuna cəlb etməklə vəziyyətindən sui-istifadə edirlər. Bunlar yolverilməzdir və heç bir beynəlxalq istismarçı şəbəkənin bunu etməyə haqqı yoxdur. Təəssüf ki, bəzən Mehman kimi qurbanları öz toruna salmağı bacaran anti-Azərbaycançı şəbəkələr belə gəncləri axıra qədər istismar etməklə onları öz milli maraqlarına qarşı qoyur. Hazırda baş verənlər də növbəti belə oyunun bir həlqəsidir”.
Millət vəkili bildirib ki, Azərbaycana qarşı cəbhə açan belə şəbəkələri nə Mehmanın taleyi, nə də Azərbaycanın mənafeyi maraqlandırır. Tam əksinə onlar hüquq və demokratiya müdafiəçiləri kimi görünməklə əslində Azərbaycana qarşı düşmənçilik edir, onun beynəlxalq nüfuzuna kölgə salmağa çalışır, ölkəmizin dünya ictimai rəyində antidemokratik obrazını yaratmağa cəd edirlər:
“Nəticədə belə mərkəzlər üçün elə Mehman Hüseynov da bir azərbaycanlıdır və onun həbs edilməsi də elə həmin mərkəzlər üçün bir qənimətdir. Çünki hazırki mürəkkəb beynəlxalq şəraitdə söhbət xalqların qlobal müstəvidə mübarizəsindən gedir. Bu mübarizənin qalibləri öz təhlükəsizliklərini təmin edib yaşayacaq məğlubları isə milli dövlətçiliklərini itirəcəklər. Ona görə də Azərbaycanın əldə etdiyi heç bir uğur imperialist mərkəzlər tərəfindən həzm edilmir.
Onlar güclü, təhlükəsiz, özünü müdafiə etməyi bacaran, Lələtəpə, Günnüt əməliyyatları keçirməyə qadir olan, qlobal meqalayihələri həyata keçirən və nəhayət bir gün öz ərazi bütövlüyünü təmin edə biləcək Azərbaycanı istəmirlər. Məsələnin qısa mahiyyəti bundan ibarətdir. Ona görə də vaxtaşırı biz bu tipli manipuliyasiyalarla üzləşirik. Ancaq məsələ ondadır ki, artıq antiazərbaycançı mərkəzlərin belə ssenarilərinə qarşı Azərbaycanda ictimai immunitet yaranıb və bənzər metodlarla ölkəmizə təzyiq etmək mümkün deyil”.
1news.az