Politoloq: Trampın Paşinyana təbrik məktubu Ermənistanda Dağlıq Qarabağ tənzimlənməsində ultimatum kimi qəbul edildi | 1news.az | Xəbərlər
Siyasət

Politoloq: Trampın Paşinyana təbrik məktubu Ermənistanda Dağlıq Qarabağ tənzimlənməsində ultimatum kimi qəbul edildi

10:54 - 24 / 01 / 2019
Politoloq: Trampın Paşinyana təbrik məktubu Ermənistanda Dağlıq Qarabağ tənzimlənməsində ultimatum kimi qəbul edildi

ABŞ prezidenti D.Tramp baş nazir təyin olunması münasibətilə Nikol Paşinyanı təbrik etdi. Təbrik məktubu əvvəlkilərdən köklü surətdə fərqlənir.

Həcm çox qısadır: 3 cümlədən ibarətdir. ABŞ ... qonşuları ilə dinc şəraitdə yaşayan Ermənistanı dəstəkləyir. ABŞ Ermənistanla iqtisadi-ticari əlaqələri inkişaf etdirməyə hazırdır. Bunun üçün Ermənistan Dağlıq Qarabağ məsələsini həll etməlidir.

Ermənistan və ermənilərin ABŞ qarşısındakı xidmətləri göstərilmir. Bu təbrik məktubundan daha çox Dağlıq Qarabağ tənzimlənməsi üçün direktivə oxşayır.

Qonşuları ilə dinc şəraitdə yaşamaq Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq deməkdir. Türkiyə və Azərbaycanın Ermənistanla münasibətlərinin normal olmamasının səbəbi Dağlıq Qarabağ münaqişəsinin həll olunmamış qalmasıdır. Türkiyə dəfələrlə bəyan edib ki, Dağlıq Qarabağ problemi həll olunmayanadək Türkiyə Ermənistanla münasibətlərini normallaşdırmayacaq.

D.Tramp həm də Dağlıq Qarabağ tənzimlənməsini birbaşa şərt kimi irəli sürür: ABŞ-Ermənistan münasibətlərinin inkişafı üçün Ermənistan Dağlıq Qarabağ problemini həll etməlidir.

Ermənistan cəmiyyətində Trampın məktubunu əksəriyyət ultimatum kimi qəbul etdi. Amma bunu müxtəlif səbəblərlə yozanlar var. Bəziləri bunu N.Paşinyanın Rusiyapərəst siyasəti ilə əlaqələndirir, digəri Ermənistanın ABŞ-dan razılıq almadan Suriya kampaniyasına qoşulması ilə, bir qrupu isə bioloji laboratoriyaların bağlanması ilə əlaqələndirir. Erməni ekspertlərinin bu fikirlərinin hamısı yanlışlıqdır.

SSRİ-nin dağılmasından təxminən 30 il keçməsinə baxmayaraq ABŞ və Qərb ümumilikdə Cənubi Qafqaz regionu üzrə siyasətə malik deyil. ABŞ-ın Cənubi Qafqaz regionu üzrə siyasətə malik olmamasının əsas səbəbi bu vaxtadək onun region dövlətlərinə normal yanaşmasının olmamasıdır. İndi ABŞ Cənubi Qafqaz regionu üzrə Qərbin siyasətini qurmağa çalışır. Çünki Suriya prosesləri Cənubi Qafqazı Qərb üçün tamam fərqli məcrada təqdim etdi. Cənubi Qafqazda isə faktiki lider dövlət Azərbaycandır. Ona görə ABŞ Azərbaycanın maraqlarını inkar edə bilməz və Azərbaycanın maraqları nəzərə alınmaqla Qərbin Cənubi Qafqaz regionu üzrə siyasəti qurulmalıdır.

Eləcə də ABŞ regiona beynəlxalq hüquq prinsipləri ilə daxil olmalıdır. Ərazi bütövlüyü prinsipi beynəlxalq hüquqda birinci prinsipdir. Ona görə də ərazi bütövlüyü prinsipini dəstəklənməlidir.

O baxımdan ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə yanaşması konseptualdır və strukturlaşmış mövqedir. Elmi, politoloji əsasa malikdir. ABŞ Dağlıq Qarabağ tənzimlənməsində indiki mövqeyindən yalnız Cənubi Qafqaz üzrə yeni siyasətindən imtina etdiyi halda uzaqlaşacaqdır. Bu da yaxın zamanlarda görünmür. Ən əsası isə ABŞ-ın 1988-1993-cü illərdəki kimi  tam ermənipərəst olması artıq nonsensdir.

Mübariz Əhmədoğlu

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq

Paylaş:
412

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər