İlham Əliyevin əcnəbi bloqqerlə söhbəti - VİDEO

Azərbaycan Prezident İlham ƏIiyevin Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində İndoneziyadan olan gənc xanım bloqqerin bir neçə sualını cavablandırıb.
1news.az xəbər verir ki, dövlət başçısının bloqqerlə səmimi söhbəti sosial şəbəkələrdə yayılıb.
Prezident Azərbaycan-İndoneziya əlaqələri barədə danışarkən deyib ki, iki ölkə arasında çox yaxın, yaxşı dostluq münasibətləri var:
"Biz tərəfdaş ölkələrik, beynəlxalq təşkilatlar çərçivəsində çox aktiv əməkdaşlıq edirik. İndoneziya və Azərbaycan BMT-də, İslam Əməkdaşlıq Təşkilatında və üzvü olduğumuz digər qurumlarda həmişə bir-birini dəstəkləyir".
İlham Əliyev iki ölkənin siyasi əlaqələrinin çox güclü olduğunu xatırladıb. Əlavə edib ki, Azərbaycandan çoxlu turistlər İndoneziyaya səyahət edirlər.
"Biz investisiya sahəsində imkanları da araşdırmaq niyyətindəyik. Bizim güclü siyasi əlaqələrimiz var və ticarət əlaqələrini siyasi əlaqələr səviyyəsinə qaldırmaq istəyirik".
Azərbaycanın dövlət başçısı deyib ki, İndoneziyanın surətli inkişafını izləyirik və qardaş ölkənin böyük tərəqqi əldə etməsindən çox şadıq:
"Azərbaycan gənc ölkədir, amma biz də böyük inkişaf yolu keçmişik ".
İlham Əliyev həmçinin indoneziyalı həmkarı Coko Vidodoya salamlarını çatdırıb və onu Azərbaycana rəsmi səfərə dəvət etdiyini xatırladıb.
P.Sultanova