Mübariz Əhmədoğlu: Bir qrup Avropa siyasətçisinin Azərbaycana qərəzli münasibətinin sübutlarının sayı artır

Jurnalist, siyasi partiya lideri M.Yeqiazaryanın həbsxanada aclıq aksiyası nəticəsində ölməsi Ermənistanda adi haldır. Ermənistanda həmişə mətbuata təzyiqlər olub. N.Paşinyan hakimiyyətə gəldikdən sonra polislər açıq şəkildə redaksiyalara hücum ediblər.
Paşinyan şəxsiyyətə qarşı yeni mübarizə üsulu icad etdi: Asfalta uzatmaq.
M.Yegiazaryanın aclıq aksiyası günlərində Ədliyyə naziri A.Zakaryan həbsxanaya baş çəkdi, 27 oktyabr 1999 –cu il parlament terrorunun müəllifi N.Unanyanla görüşdü. Səhhətini qorumağı məsləhət bildi. Bundan sonra da gərəkli olacağını açıqladı.
Avropa ictimaiyyəti bunların heç birinə reaksiya verməyib. Amma Azərbaycanda isə jurnalistin hər hansı tənqidinə avropalılar reaksiya verir. Mehman Hüseynovla bağlı Avroparlamentin bir gün ərzində qətnamə qəbul etməsi, amma Yerevanda Yegiazaryanın aclıq nəticəsində ölümünə heç bir reaksiya verməməsi təkcə ikili standartın nümunəsi deyil. Bu, Avropadakı müəyyən qüvvələrin Azərbaycana qarşı aktiv siyasi qərəzinin göstəricisidir. Azərbaycan üçün yaxşı olmayan vəziyyət yaradan bu haldan Avropa özü də əziyyət çəkə bilər. Çünki tarixi hələ heç kəs aradan qaldırmayıb. Nə zamansa Avropanın tarixində SSRİ dağılandan sonrakı dövrdə SSRİ respublikalarına qarşı münasibətlər tədqiq olunacaq.
Avropa ictimaiyyətinin Azərbaycana qərəzini, mənfi münasibətini göstərən tamamilə ayrı hadisədir. Yaxında AŞPA Azərbaycanı şəriət qaydalarından istifadə etməməyə çağırdı. Azərbaycanlılar müsəlman dünyasında ən çox avropalaşmış xalqdır. Azərbaycanda islami ekstremizmi gücləndirməyə olan cəhdlər də heç kəsə sirr deyil. Almaniyanın federal-kansleri A.Merkel Bakıda olarkən Azərbaycanın İslam coğrafiyasında düzgün siyasət apardığını, artan islami terrorizm təhlükələrindən özünü qoruya bildiyini xüsusi olaraq vurğuladı.
Azərbaycan sırf dünyəvi dövlətdir. Azərbaycanın müsəlman xalqı olaraq dünyəvi dövlət qurması bəzi müsəlman qonşularımızı narahat edir. Azərbaycana bu məsələdən ötrü əlavə təzyiqlər edirlər. Çox təəssüf ki, bəzi beynəlxalq hüquq-müdafiə təşkilatları, Avropa strukturları həmin müsəlman dövlətlərinin Azərbaycana qarşı olan təzyiqinin artmasında iştirak ediblər.
Azərbaycanda şəriət məhkəməsinin işlənməsinə heç bir nümunə tapa bilmədiyi halda AŞPA-nın da Azərbaycana bu istiqamətdə məsləhət verməsi Azərbaycanı ləkələməkdən başqa bir şey deyil.
Avropa ictimaiyyətinin bəzi seqmentlərinə ermənilərin təsiri altından çıxmağı tövsiyə edirik. 30 ildən çoxdur ki, Avropa ictimaiyyətinin bir qrupu bizim regionla bağlı məlumatı yalnız erməni mənbələrindən alırlar. Ona görə da bu gün Avropanın Cənubi Qafqaz regionunda ciddi siyasəti yoxdur. Bu qaydada davam edəcəklərsə daha çətin vəziyyətə düşəcəklər.
Mübariz Əhmədoğlu,
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq