Mübariz Əhmədoğlu: Qarabağda azərbaycanlıların və ermənilərin birgə yaşayışına Ermənistanın münasibəti mağara millətçiliyinə söykənir | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: Qarabağda azərbaycanlıların və ermənilərin birgə yaşayışına Ermənistanın münasibəti mağara millətçiliyinə söykənir

10:40 - 01 / 02 / 2019
 Mübariz Əhmədoğlu: Qarabağda azərbaycanlıların və ermənilərin birgə yaşayışına Ermənistanın münasibəti mağara millətçiliyinə söykənir

Dağlıq Qarabağda qaçqınlarla məşğul olan təşkilatın rəhbəri Sarasar Saryan Dağlıq Qarabağda ermənilərlə azərbaycanlıların birgə yaşayışına dair Ermənistan tərəfinin təhtəlşüur mövqeyini təkrarladı. Bu mövqe diqqətli ekspertlər üçün gizli deyil.

2011-ci il Kazan görüşü ərəfəsində Ermənistanın ortalığa qoyduğu, amma mətbuatda az işıqlandırılan məsələlərdən biridir. O zamankı prezident Serj Sərkisyan Dağlıq Qarabağın statusunun müəyyən olunmasına “razılıq vermişdi”: Referendum keçirilməli və Dağlıq Qarabağın azərbaycanlıları üçün səsvermə indiki məskunlaşdıqları ərazilərdə təşkil edilməli idi.  Kazan variantı rədd edildi və  sonradan da bu mövzuda ortalığa qoyulan məsələlər rədd olundu.

Beynəlxalq hüquq, o cümlədən vasitəçilər Dağlıq Qarabağdan azərbaycanlıların deportasiyasına heç vaxt haqq qazandıra bilməyəcək. Beynəlxalq vasitəçilərin Ermənistana, erməni tərəfinə ən böyük güzəşti deportasiya məsələsinə görə Ermənistanı beynəlxalq məhkəməyə verməməsidir. Mağara millətçiliyi erməni fəalına bu sadə həqiqəti dərk etməyə imkan vermir. Ermənistan tərəfinin kütlülüyü və hadisələrin inkişafı belə davam edərsə beynəlxalq vasitəçilər Ermənistanı məhz azərbaycanlıların Dağlıq Qarabağdan deportasiyasına görə beynəlxalq məhkəməyə verə bilərlər.

Yeri gəlmişkən, Azərbaycan özü də artıq bu barədə qətnamə hazırlayıb. İlkin olaraq AŞPA-da qətnamə legitimləşməlidir.

S.Saryanın Dağlıq Qarabağ mətbuatına verdiyi müsahibədə diqqət çəkən digər məsələlər də var:

ı. Azərbaycan tərəfi Dağlıq Qarabağda yaşayan erməni qaçqınlarını beynəlxalq kömək və müdafiədən məhrum etməkdə ittiham olunur.

- Məlumdur ki, Ermənistanın özündə 300 minə yaxın Azərbaycandan köçmüş milliyyətcə erməni qaçqın yaşayırdı. Sonradan bunlar  “yenidən” qaçqın oldular. Ermənistanda Azərbaycandan təxminən 100 min nəfər qaçqın qalıb. Saryan Ermənistandakı  erməni qaçqınların probleminin həll olunmadığını görmürmü?

- Ermənistandakı qaçqınlara beynəlxalq yardım, müdafiə təmin olunubmu ki, Dağlıq Qarabağda da yaşayan erməni qaçqınlarına belə kömək və yardım aktuallaşdırılır?!

- Dağlıq Qarabağ azərbaycanlılarının sərbəst yerdəyişmə hüququna Ermənistanın qoyduğu maneələr beynəlxalq hüquqa uyğundurmu?

- Ermənilər hansı imtiyazlarına görə belə xüsusi münasibətə iddia edirlər?

Əslində beynəlxalq aləm real vəziyyəti bilir. Ermənistan tərəfinin danışdığı hər yalan uydurma tarixlərindən bir kərpic qoparır, o cümlədən beynəlxalq aləmdə Ermənistanın özünə ciddi zərbə vurur.

ıı. Sovet dövründə Azərbaycandan olan qaçqınlara yardım olunması ilə bağlı yayılan fikirlər də absurddur.

ııı. Danışıqlarda üç tərəfin iştirakı ilə bağlı fikirlər də belə absurdlardan biridir. Dəfələrlə deyilib ki, danışıqlarda 2 və ya 4 tərəf  iştirak edə bilər. Dağlıq Qarabağ erməniləri Dağlıq Qarabağ azərbaycanlılarının razılığı olmadan danışıqlar prosesində iştirak edə bilməyəcəklər və əksinə.

ıv. Erməni qaçqınlar Azərbaycana qayıda bilməz, guya Azərbaycanda erməniyə nifrət dövlət siyasəti ranqındadır.  Bu çoxmillətli və çoxdinli Azərbaycana monoetnik, monokonfessional Ermənistanın qarayaxmasıdır. Eks prezident R.Köçəryan ermənilər və azərbaycanlıların birgə yaşamasının qeyri-mümkünlüyü barədə faşist nəzəriyyəsini irəli sürdü. Heç bir erməninin bu nəzəriyyənin əleyhinə çıxdığının şahidi olmamışıq.

Əgər Ermənistanda ölkə prezidenti ermənilərin və azərbaycanlıların birgə yaşamasının qeyri-mümkünlüyündən danışırsa belə fikirlər Azərbaycanda ən uzağı təsadüfi siyasilərin dilindən deyilə bilər. Heç bir halda heç bir erməni Azərbaycan Respublikası Prezidentlərinin ermənilərin və azərbaycanlıların birgə yaşayışının qeyri-mümkünlüyünə  dəlalət edən heç bir fikrinə rast gələ bilməz.

Yerevanın və Ermənistanın digər ərazilərinin Azərbaycana məxsusluğu ilə bağlı fikirlərə beynəlxalq ictimaiyyətin reaksiyası hamının yadındadır. Hətta amerikalı həmsədrlər etiraf etdilər ki, çar Rusiyasının arxivlərinə görə Yerevanda əhalinin böyük əksəriyyəti azərbaycanlılar imiş.

v. Dağlıq Qarabağ azərbaycanlılarının Azərbaycan Respublikasının seçkilərində iştirakı, Dağlıq Qarabağ ermənilərinin isə Ermənistanda keçirilən seçkilərdə  iştirak etməməsi arqumenti erməni tərəfinin çox savadsız və məntiqə zidd arqumentlərindəndir. Beynəlxalq hüquqa görə Dağlıq Qarabağ azərbaycanlıları və erməniləri Azərbaycan Respublikasının vətəndaşlarıdır. Dağlıq Qarabağ ermənilərinin Ermənistanda keçirilən seçkilərdə hər hansı şəkildə iştirak etməməsi, Dağlıq Qarabağ azərbaycanlılarının da Azərbaycan ərazisində keçirilən ümumi respublika miqyaslı seçkilərdə iştirakı tamamilə beynəlxalq hüquqa uyğun addımdır.

Erməni tərəfi başa düşməlidir ki, indiki dövrdə onun uduzmasının kökündə savadsızlığı və mağara millətçiliyi dayanır. Mağara millətçiliyindən nə qədər tez əl çəksələr bir o qədər özlərinin xeyrinədir.

Mübariz Əhmədoğlu

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq

 

Paylaş:
334

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər