Mübariz Əhmədoğlu: Paşinyanın Merkelin yanında yalan danışmaq cəsarəti və ya Aİ-nin investisiya əvəzində vasitəçilik missiyası | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: Paşinyanın Merkelin yanında yalan danışmaq cəsarəti və ya Aİ-nin investisiya əvəzində vasitəçilik missiyası

11:25 - 04 / 02 / 2019
Mübariz Əhmədoğlu: Paşinyanın Merkelin yanında yalan danışmaq cəsarəti və ya Aİ-nin investisiya əvəzində vasitəçilik missiyası

Nikol Paşinyanın Almaniyaya səfər etməkdə məqsədi Avropa İttifaqından, xüsusilə Almaniyadan investisiya cəlb etməkdir. Сəlbedici şüari var: Ermənistandakı demokratiya Aİ -nin investisiyası ilə möhkəmlənməlidir.

Rəqəmlər kiçik olsa da, Ermənistan üçün Almaniya bir nömrəli iqtisadi tərəfdaşdır. Paşinyanın Almaniyanın investisiya qoyarkən  geosiyasi şərt irəli sürməməsi bəyanatı diqqəti çəkir. Görünür,  o Rusiya tərəfindən narazılıq bildirib. Amma bu məsələyə Aİ-nin və Merkelin cavabı hazırdır: RF ilə yoxsa Aİ ilə işləmək seçimini Ermənistan özü etməlidir.

A.Merkel N.Paşinyanla da Dağlıq Qarabağ tənzimlənməsi barədə hərtərəfli söhbət etdiyini bildirdi. Ermənistanın əvvəlki rəhbərlərinə nisbətən Paşinyanın Azərbaycan Respublikasının Prezidenti ilə daha tez-tez görüşdüyünü xüsusi vurğuladı. A.Merkelin verdiyi açıqlamadan bəlli olur ki, o Paşinyanı qəbul etməzdən qabaq Azərbaycan Respublikasının Prezidenti İ.Əliyevlə telefonla danışıb. Bu barədə rəsmi məlumat yayılmasa da, amma rəsmi yayılan məlumata görə Almaniyanın sanballı nümayəndə heyəti N.Paşinyanın Almaniyaya daxil olmasından qabaq Azərbaycanda idi. Azərbaycan Respublikasının Prezidenti ilə görüş zamanı bildirdilər ki, bu, A.Merkelin yayda Azərbaycana etdiyi səfərin davamıdır. Almaniya diplomatik qaydada başa saldı ki, Paşinyandan qabaq A.Merkel Azərbaycan və Azərbaycan Respublikasının Prezidenti ilə təmasdadır. A.Merkel Yerevanda olarkən Almaniyanın Dağlıq Qarabağ tənzimlənməsində vasitəçiliyi öz üzərinə götürməyə hazır olduğunu bəyan etdi. Berlindəki birgə mətbuat konfransında alman jurnalistlərdən biri  Aİ-nin vasitəçilik missiyasının mümkünlüyü barədə sual verdi. A.Merkel bunu Dağlıq Qarabağ tənzimlənməsini irəliyə apara biləcək hal kimi qiymətləndirdi. N.Paşinyan Dağlıq Qarabağ tənzimlənməsində Aİ-nin vasitəçiliyini birmənalı şəkildə rədd etdi: Dərhal bildirdi ki, ATƏT-in Minsk Qrupu beynəlxalq aləmdə qəbul olunmuş formatdır və normal da iş aparır. ATƏT MQ-nin planları reallaşmayacaqsa Aİ Minsk Qrupuna qarşı  təzyiq mexanizmi formalaşdıracaqdır. Aİ-nin siyasəti “çoxa-çox” prinsipi ilə qurulub. Yəni Ermənistan Avropa İttifaqının sözünə nə qədər çox qulaq asarsa, bir o qədər də çox investisiya əldə edəcək. N.Paşinyan Aİ-nin vasitəçilik missiyasını rədd etdiyi halda Aİ-dən yalnız simvolik investisiya ala bilər.

Paşinyanın Dağlıq Qarabağ tənzimlənməsi mövzusunda Almaniyada verdiyi bəyanatlarda onun yalanları diqqət çəkir. Pul dilənmək üçün A.Merkelin yanına gedir, amma onun yanında hədsiz uydurma yalanlar danışır. Paşinyan Ermənistanda olarkən Dağlıq Qarabağ mövzusunda bir-birini təkzib edən hədsiz çox bəyanatlar verib. Paşinyan Dağlıq Qarabağ azərbaycanlılarının danışıqlar prosesinə qoşulacağı barədə isə heç bir bəyanat verməyib. Paşinyanın müəlimi Serj Sərkisyan azərbaycanlıların Dağlıq Qarabağa qayıtmasından danışardı. Paşinyanın həmsədrlər adından yalan bəyanat verməsi əndazəni aşan haldır. Guya həmsədrlər və beynəlxalq ictimaiyyət  bir neçə dəfə bəyan ediblər ki, danışıqlar prosesi üçtərəfli formatda getməlidir. Həmsədrlərin bir dənə də olsun üçtərəfli format barədə bəyanatı yoxdur. Həmsədrlərin bu məsələdə mövqeyi bundan ibarətdir ki, Dağlıq Qarabağın danışıqlara qoşulması Azərbaycan və Ermənistanın konsensusundan asılıdır: Ermənistan Dağlıq Qarabağ ermənilərini danışıqlar prosesinə qatmaq istəyirsə, əvvəlcə Dağlıq Qarabağ azərbaycanlılarını danışıqlara dəvət etməlidir.

Paşinyanın yalanı artıq yeni sədlər aşır. Bu mənada o keçmiş prezident S.Sərkisyanın əsl şagirdidir. S.Sərkisyanın fikrincə, erməni nəyəsə inanırsa o gec-tez baş verəcək. Paşinyan elə başa düşür ki, Dağlıq Qarabağın danışıqlara qoşulmasına inanırsa, Dağlıq Qarabağ danışıqlara qoşulacaq. Paşinyan əgər inanırsa ki, Azərbaycan ordusu Ermənistanla Azərbaycan dövlət sərhədinin Laçın hissəsində böyük xəndək yaratmayacaq, demək belə də olacaq.

Mübariz Əhmədoğlu

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq

Paylaş:
811

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

05 / 07 / 2025, 12:16
Bütün xəbərlər