Prezident İlham Əliyev Moskvanın və bütün Rusiyanın Patriarxı Kirillə görüşüb - FOTO | 1news.az | Xəbərlər
Rəsmi

Prezident İlham Əliyev Moskvanın və bütün Rusiyanın Patriarxı Kirillə görüşüb - FOTO

22:22 - 05 / 02 / 2019
Prezident İlham Əliyev Moskvanın və bütün Rusiyanın Patriarxı Kirillə görüşüb - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 5-də Moskvanın və bütün Rusiyanın Patriarxı Kirillə görüşüb.

1news.az xəbər verir ki, Prezident İlham Əliyev Moskvanın və bütün Rusiyanın Patriarxı Kirilli qarşıladı.

Sonra dövlətimizin başçısı Moskvanın və bütün Rusiyanın Patriarxı Kirillə söhbət etdi.

Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi:

-Zati aliləri, Sizi Azərbaycanda səmimi qəlbdən salamlayıram. Mən Sizi yenidən görməyimə çox şadam. Fürsətdən istifadə edərək, ilk növbədə, Sizi patriarx tacqoyma mərasiminin 10 illiyi münasibətilə təbrik etmək istərdim. Mənə çox xoşdur ki, Siz bu əlamətdar hadisədən az sonra bizim ölkəmizə səfər etmisiniz. Biz bunu Azərbaycana hörmət əlaməti hesab edirik. Həmçinin Sizə demək istəyirəm ki, Azərbaycanda Sizə, Sizin fəaliyyətinizə böyük hörmətlə yanaşırlar. Sizi Azərbaycanda tanıyırlar. Siz ilk dəfə deyil ki, bizim ölkəmizə gəlirsiniz. Sizə dərin hörmət bəsləyirlər. Dünyada təhlükəsizliyin, əməkdaşlığın və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi işində Sizin rolunuz bütün dünyada, o cümlədən bizim ölkəmizdə çox yüksək qiymətləndirilir. Siz dinlərarası dialoqun, müxtəlif konfessiyaların, müxtəlif millətlərin, ölkələrin nümayəndələri arasında qarşılıqlı anlaşmanın möhkəmlənməsi işində çox mühüm rol oynayırsınız. Biz də Azərbaycanda Sizin işlərinizi, sözlərinizi çox diqqətlə izləyirik. Əlbəttə, bir daha qeyd etmək istərdim ki, Sizin bütün fəaliyyətiniz öz xalqınıza xidmət işinə yönəlib. Həmçinin qeyd etmək istərdim ki, Sizin sözləriniz, dərin biliklərə, prinsipial mövqeyə əsaslanan müdrik sözləriniz gənclərin ənənəvi dəyərlər ruhunda tərbiyə edilməsində çox mühüm rol oynayır. Əlbəttə, bizim üçün çox xoşdur ki, Siz bizim ölkəyə çox xeyirxah münasibət bəsləyirsiniz. Artıq qeyd etdiyim kimi, Siz ilk dəfə deyil ki, Azərbaycana gəlirsiniz və Sizin budəfəki səfəriniz də münasibətlərimizin - həm dinlərarası əməkdaşlıq sahəsində, həm də bütövlükdə çox uğurla və dinamik inkişaf edən Rusiya-Azərbaycan əlaqələrinin möhkəmlənməsi işinə xidmət edəcək. Bizdə qarşılıqlı etimad səviyyəsi prezidentlərdən başlamış adi vətəndaşlara qədər bütün səviyyələrdə çox yüksəkdir. Demək istərdim ki, keçən il rekord sayda – 900 minə yaxın rusiyalı Azərbaycana səfər edib. Bu, onu göstərir ki, insanlar və ölkələr arasında münasibətlər ən yüksək səviyyədədir. Ona görə ki, onlar özlərini evdəki kimi hiss edir, buraya yaxşı niyyətlərlə gəlir və burada onlara doğma münasibət bəsləyirlər.

Həmçinin qeyd etmək istərdim ki, keçən il Rusiya və Azərbaycan prezidentləri arasında altı görüş olub. Düşünürəm ki, bu da bizim münasibətlərimizin mahiyyətini və xarakterini, yaxınlığımızı əks etdirən rekord göstəricidir. Əlbəttə, Vladimir Vladimiroviçin Azərbaycana səfəri və mənim Rusiyaya səfərim bizim münasibətlərimizin daha da möhkəmlənməsi işində çox mühüm rol oynayıb. Düşünürəm ki, bizim münasibətlərimiz qonşular arasında münasibətlərə nümunə ola bilər. Bizi tarixi baxımdan bağlayan səbəblər çoxdur və bu gün - biz bütün istiqamətlərdə fəal qarşılıqlı əlaqə saxladığımız bir vaxtda bu əməkdaşlıq, əlbəttə, bizim regionda, Qafqazda sülhün möhkəmlənməsi işində xüsusi əhəmiyyət kəsb edir. Buna görə də biz dövlətlərarası münasibətlərin bütün palitrasına nəzər salanda, əlbəttə, müsbət dinamika görürük. Bu baxımdan, Sizin bugünkü səfəriniz xüsusi rol oynayır.

Ölkəmizə səfər etdiyinizə görə Sizə bir daha dərin təşəkkürümü bildirmək və nəcib işimizdə uğurlar arzu etmək istərdim.

x x x

Moskvanın və bütün Rusiyanın Patriarxı KİRİLL dedi:

-Çox hörmətli cənab Prezident, mən Sizinlə görüşmək imkanına görə təşəkkür edirəm. Azərbaycana səfər mənim üçün hər zaman mühüm mənəvi-mədəni hadisədir. Zəngin və qədim tarixi olan, mürəkkəb sivilizasiya qovuşuğunda yerləşən ölkəniz həm ətraf xalqların müdrikliyini, həm də əlbəttə ki, özünün sadə olmayan, amma şübhəsiz, xalqı gözəl mədəniyyət və mənəviyyatla zənginləşdirən tarixi təcrübəsini əxz edib. Mən Azərbaycana səfər edərkən həmişə dinlərarası münasibətlərin yüksək səviyyəsinə diqqət yetirirəm. Həm də bu münasibətlər yalnız hansısa rəsmi səviyyədə göstərici deyil. Bütün bunlar sadə insanların həyatına birbaşa aiddir. Azərbaycandakı pravoslavlar da müsəlman əksəriyyəti kimi bütün imkanlardan istifadə edirlər. O cümlədən Azərbaycanda millətlərarası, dinlərarası sülhün möhkəmlənməsində həm də çox müsbət işlər görən dostum şeyxülislam Paşazadənin rolunu xüsusi qeyd etmək istərdim. O, həm də şübhəsiz rus kilsəsi ilə təkcə Azərbaycanın müsəlmanları ilə deyil, həm də Qafqazın ali dini rəhbəri olduğuna görə Rusiya müsəlmanları ilə münasibətlərin inkişafında böyük işlər görür. Biz də onun sülhməramlı rolunu, həm də dinlərarası münasibətlər sahəsində mürəkkəb məsələləri həll etmək bacarığını çox yüksək qiymətləndiririk.

Azərbaycanda pravoslav kilsəsinin vəziyyəti ilə əlaqədar Sizə xüsusilə təşəkkür etmək istərdim. Həmişə zati-müqəddəsləri Aleksandr ilə görüşəndə o, bu münasibətləri çox nikbin təsvir edir və mən dəqiq bilirəm ki, bu, reallıqdır və həqiqətən belədir. Azərbaycanda yaşayan pravoslavlar heç bir narahatlıq hiss etmirlər. Onlar öz ölkələrinin həm vicdanlı vətəndaşlarıdır, eyni zamanda, pravoslavdırlar. Onları həm dini əqidələrinə, həm də ənənəyə görə tarixi vətəni – Rusiya ilə bağlayan çox şey var.

Ölkələrimiz arasında münasibətlərin inkişafına Azərbaycan çox sanballı töhfələr verir. Sizin bu münasibətlərin inkişafına xoş məramınız, Sizin səmimiyyətiniz bizim xalqımız tərəfindən yüksək qiymətləndirilir.

Bir məqamı da vurğulamaq istərdim ki, bu gün Moskvada, ümumiyyətlə, Rusiyada Sizin xalqınızın çoxsaylı övladları yaşayır. Onlar müasir Rusiyanın həyatında - həm biznes sahəsində, həm də mədəniyyət aləmində mühüm rol oynayırlar. Moskva şəhərinin müsəlman və pravoslav icmaları arasında münasibətlər də çox uğurlu və dinc şəkildə qurulur. Ulu Tanrıya şükür edirəm ki, çoxmillətli Rusiyada, ümumiyyətlə, hər hansı dinlərarası gərginlik yoxdur və bu, əlbəttə, çox cəhətdən pravoslavların dünya duyumu və onların başqa dinlərə münasibəti ilə şərtlənir. Lakin bu, həm də o cümlədən əslən Azərbaycandan olan müsəlmanların mövqeyi ilə bağlıdır. Başqa sözlə desək, bizim ölkələrimiz, xalqlarımız arasında münasibətlərdə müsbət cəhətlər çoxdur. Mən bu münasibətlərin inkişafını alqışlayıram. Hesab edirəm ki, bu münasibətlər çox cəhətdən həm Rusiya, həm Azərbaycan üçün, həm də xalqlarımız üçün vacibdir. Fikrimcə, bu münasibətlərin potensialı hələ tükənməyib. Sizi əmin etmək istəyirəm ki, Rus Pravoslav Kilsəsi tərəfindən mənim şəxsimdə, Rus Pravoslav Kilsəsinin iyerarxiyasının, o cümlədən Azərbaycandakı ruhanilərin şəxsində Azərbaycan ilə Rusiya arasında münasibətlərin daha da inkişafına səmimi qəlbdən çalışan etibarlı tərəfdaşlarınız var.

Sizinlə bu gözəl görüş imkanına görə təşəkkür edirəm və bir daha vurğulamaq istəyirəm ki, Azərbaycanda baş verən bütün dəyişiklikləri görəndə sevinirəm. Biz Sizinlə bir neçə il bundan əvvəl burada görüşmüşdük və deməliyəm ki, Bakıya hətta ötəri nəzər salanda burada çox böyük dəyişikliklər baş verdiyi görünür. Bakı əla infrastruktura malik olan gözəl, çox gözəl şəhərə çevrilir. Burada çoxlu gözəl binalar ucaldılıb. Paytaxtdakı böyük dəyişikliklər münasibətilə Sizi təbrik etmək istərdim, lakin burada yaşayan xeyirxah dostlarımdan da eşitmişəm ki, müsbət dəyişikliklər təkcə paytaxtı yox, bütün ölkəni əhatə edir. Buna görə də Sizə Ulu Tanrıdan kömək, ruhani və cismani qüvvə, Azərbaycan xalqına firavanlıq diləmək istərdim.

Prezident İlham ƏLİYEV: Çox sağ olun.

x x x

Sonra Moskvanın və bütün Rusiyanın Patriarxı Kirill Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ilə də görüşdü.

1news.az

Paylaş:
495

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər