Səfir: Tək Qarabağ münaqişəsində deyil, digər məsələlərdə də Azərbaycanı dəstəkləyirik | 1news.az | Xəbərlər
Siyasət

Səfir: Tək Qarabağ münaqişəsində deyil, digər məsələlərdə də Azərbaycanı dəstəkləyirik

12:05 - 05 / 02 / 2019
Səfir: Tək Qarabağ münaqişəsində deyil, digər məsələlərdə də Azərbaycanı dəstəkləyirik

Bu gün Pakistanın Azərbaycandakı səfirliyində 5 Fevral- Kəşmirin Həmrəylik Günü ilə bağlı tədbir keçirilib.

1news.az xəbər verir ki, əvvəlcə Kəşmir hadisələrindən bəhs edən qısa film nümayiş etdirilib.

Daha sonra çıxış edən səfir Səid Xan Mohmand bildirib ki, Kəşmirin Həmrəylik Günü 1990-cı ildən başlayaraq hər il fevralın 5-də qeyd olunur. Bu münasibətlə Pakistanın dünyanın bütün ölkələrindəki diplomatik korpuslarında tədbirlər keçirilir, yerli ictimaiyyət məlumatlandırılır.

Səfir Pakistan prezidentinin və baş nazirinin müraciətini oxuyub.

Münaqişənin mahiyyətindən söz açan səfir bildirib ki, 1947-ci ilin oktyabrında Hindistan ordusu Kəşmiri işğal edib və bu da kəşmirlilərin üsyana qalxmasına səbəb olub. O vaxtdan bəri minlərlə kəşmirli azadlıq mübarizəsinin qurbanına çevrilib.

Səfir Səid Xan Mohmand bildirib ki, 1989-cu ildən bu yana Kəşmirin azadlığı uğrunda 95 mindən çox kəşmirli şəhid olub. Üstəlik, 11 min 107 qadın təcavüzə məruz qalıb, 110 min yaşayış evi hind ordusunun bölmələri tərəfindən dağıdılıb. Həmçinin, 25 minə yaxın qadın dul qalıb, təxminən 108 min uşaq valideynlərini itirib. İnsanlar amansız işgəncələrə məruz qalıb.

Səfir onu da qeyd edib ki, bütün bu rəqəmlər rəsmən açıqlananlardır, əslində isə, belə faktlar daha çoxdur.

Diplomat Cammu və Kəşmir məsələsində verdiyi dəstəyə görə Azərbaycana təşəkkür edib. Ölkəsinin Dağlıq Qarabağ məsələsində hər zaman Azərbaycanın yanında olduğunu deyib.

Diplomat deyib ki, Pakistan və Azərbaycan arasında qardaşlıq əlaqələri var və biz təkcə Qarabağ münaqişəsində deyil, digər  məsələlərdə də Azərbaycanı dəstəkləyirik.

P.Sultanova

Paylaş:
509

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər