Politoloq: Rusiya-ABŞ münasibətləri müasir geosiyasətin dinamik - gərgin münasibətləri olmaqda qalmaqdadır

Rusiya-ABŞ münasibətləri müasir geosiyasətin dinamik-gərgin münasibətləri olmaqda qalmaqdadır. Casusluğa görə ABŞ vətəndaşını həbs edən Rusiya istədiyinə nail olmaq üzrədir.
1. ABŞ-da həbs olunmuş Rusiya vətəndaşı M.Butinaya Rusiya diplomatlarının baş çəkməsinə icazə verildi. Butina ümumi rejimli həbsxanaya keçirildi. Mətbuat bu və digər formada ABŞ-da həbs olunan Rusiya vətəndaşları ilə Rusiyada həbs olunan ABŞ vətəndaşlarının mübadiləsi məsələsini aktuallaşdırır. Suriyada gedən proseslərdə ABŞ və Rusiya münasibətlərində yeni dinamizmin xarakteristikası ABŞ qoşunlarının Suriyadan çıxması ilə bağlıdır. ABŞ hərbi ekspertlərinin fikrincə, qoşunlarını çıxarmaq məsələsində ABŞ Suriyada Rusiyanı aldatdı. ABŞ qoşunları Suriyadan çıxdıqdan sonra regionda balans dəyişəcək və Rusiya öz müttəfiqləri ilə dalaşacaqdır. İstefada olan polkovnik Duqlas Makqreqorun proqnozu özünü doğrultdu. Ayın sonlarına yaxın Suriya ordusunda İranpərəst və Rusiyapərəst qüvvələr arasında hərbi toqquşmaların olduğu barədə məlumatlar yayıldı.
Suriya prezidenti Bəşər Əsəd ruhən indiki Rusiyanı SSRİ-dən daha güclü hesab edir. Amma bu hələ B.Əsədə İran qarşısında Rusiyanı tam dəstəkləməyə əsas yaratmır. B.Əsədin ordusunda İranpərəst qüvvələrin komandanı Mahiri əl-Əsəd B.Əsədin qardaşıdır. İranın Suriyada qalmasının ən əsas formulu Dəməşqin İranın Suriyada qalmaq xahişidir. Rəsmi Tehranın fikrincə, Suriya bu xahişini geri çəkən kimi İran da öz qoşunlarını çıxaracaq. Yəni faktiki belə alınır ki, B.Əsəd V.Putinlə birlikdə İrana yox demək planı və qrafiki hazırlaya bilərlər. Amma B.Əsəd nədənsə bu addımı atmır. Ola bilər B.Əsəd bir-birini tarazlayan iki zidd qüvvə əsasında öz hakimiyyətini quracağına daha çox inanır və yaxud da ola bilər B.Əsəd Rusiyanın İsrail və Qərblə əlaqələrinə görə ona, Rusiyaya inanmır.
ABŞ-Rusiya münasibətlərində ən gərgin mövzulardan biri Venesueladır. ABŞ Venesuela parlamentinin spikeri, müxalifətin lideri Quaydonu prezident elan etdi. RF prezidenti V.Putin Venesuela prezidenti Nikolos Maduroya telefonla zəng etdi. Yayılan məlumata görə Maduro hələ Putindən hərbi kömək istəməyib.
ABŞ rəsmi şəkildə Rusiyanı Orta və Yaxın mənzilli raketlərin məhdudlaşdırılması müqaviləsindən çıxması barədə məlumatlandırdı.
Brüsseldə Rusiya-NATO şurasının uzunmüddətli fasilədən sonra iclası keçirildi. NATO tərəfini baş katib Y.Stoltenberq, Rusiya tərəfini isə Xİ nazirinin müavini Sergey Ryabkov təmsil etdilər. Şuranın iclasından sonra Stoltenberq ABŞ-a səfər edəcəyini bildirdi. Səfər ərəfəsində Orta və Yaxın mənzilli raket müqaviləsinin ləğvindən sonra yaranmış hərbi vəziyyətə NATO-nun müdaxilə edə biləcəyi bəyanatını verdi.
ABŞ Rusiyanı “ulduz müharibələrini” başlamaqdan çəkindirməyə çağırdı. Bu, ABŞ-la RF arasında gərginliyin gələcəkdə yeni mərhələyə keçəcəyinin əlamətidir.
Moskvada “Pridnestrovye” fondu qeydiyyatdan keçdi. Fondun rəsmi məqsədi Dnestryanı bölgə ilə sosial, iqtisadi, mədəni əlaqələrin qurulmasına və kontaktların dəstəklənməsinə köməkdir. Bu fond qeydiyyatdan keçdikdən sonra RF baş nazirinin müavini, RF prezidentinin Moldova ilə ticari-iqtisadi əlaqələr üzrə müavini V.Kozak tanınmamış Dnestryanı bölgənin lideri Vadim Krasnoselskini qəbul etdi və bu fondun yaranması səbəblərini müzakirə etdi.
2.Ş.Mirziyayevi Mərkəzi Asiya regionunda yenidənqurmanın lideri adlandırırlar.
Özbəkistan prezidenti Ş.Mirziyayevi Almaniyada fəxri qarovulla qarşıladılar. Alman mətbuatı Ş.Mirziyayevi Mərkəzi Asiya regionunda yenidənqurmanın lideri adlandırdı. Ş.Mirziyayev Almaniyanın prezidenti ilə görüşdü. Federal-kansler A.Merkellə görüşdə təkcə ikitərəfli əməkdaşlıq deyil, regional əməkdaşlıq məsələləri də müzakirə edildi. 4 milyard dollar məbləği olan 9 müqavilə imzalandı. Almaniyaya səfəri zamanı Ş.Mirziyayev Bavariya regionuna səfər etdi. Münhendə Bavariyanın baş naziri Markus Zederlə görüşüb, ticari-iqtisadi sahəsindəki məsələləri müzakirə etdi.
Prezident Ş.Mirziyayev Hindistanın baş naziri Narendra Modinin dəvəti ilə Hindistanın Qucarat ştatının Əhmədabad şəhərində keçirilən “Dinamik Qucarat-2019” sərgisində iştirak etdi. Eyni zamanda baş nazirlə qarşılıqlı maraq doğuran məsələləri müzakirə etdi.
ABŞ-Özbəkistan münasibətlərində aktivlik var. Özbəkistanın xüsusi təyinatlı hərbi qüvvələri ABŞ-da keçirilən hərbi tədbirdə iştirak etdi. Təlimlər Missisipi ştatının (ABŞ) Milli Qvardiyasının Qalfport şəhərinin Kemp Şelbi təlim mərkəzində keçirildi.
“Özbəkistanda əhalinin əhval-ruhiyyəsinin radikallaşması təhlükəsi mövcuddur. Çünki hələ iqtisadiyyat və dövlət idarəçiliyi zəifdir”.- Daniel Kouts, ABŞ milli kəşfiyyatının direktoru.
ABŞ Özbəkistanın toxuculuq məhsullarına qoyduğu qadağanı ləğv edilməsi mövzusunda danışıqlar başlanıb.
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) “Uzbekenerqo”ya 240 milyon dollar kredit verdi. Dövlət təminatı ilə verilən bu kredit yeni istilik elektrik stansiyasının tikintisinə yönəldiləcəkdir.
Facebook bəzi Rusiya mənşəli səhifələri ləğv etdi. Özbəkistan prezidentinin Facebook səhifəsi Rusiya ərazisindən idarə olunduğu üçün ləğv olunan səhifələrin içərisində idi.
Özbəkistandakı tikinti bumu Çinə 2,1 milyard dollar vəsait qazandırıb.
Özbəkistan Tacikistandan kənd təsərrüfatı traktorunun alınması barədə yayılan məlumatları inkar etdi. Vaxtilə Tacikistan Özbəkistandan kənd təsərrüfatı traktorları alıbmış. Tacikistanın ödəməyə pulu olmadığı üçün həmin traktorları geri qaytarıb.
Özbəkistan və Türkmənistanın Xİ nazirləri Özbəkistanda görüşərək 2018-ci ildə gördüyü işlərə yekun vurdular.
Özbəkistanda “Turon-24” informasiya agentliyi bağlandı. Bu informasiya agentliyi cəmi 4 ay bundan qabaq yaranmışdı.
Mübariz Əhmədoğlu
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq