Dövlət gənclər siyasətinin məntiqi davamı: “Könüllülər” prokurorluq orqanlarında | 1news.az | Xəbərlər
Siyasət

Dövlət gənclər siyasətinin məntiqi davamı: “Könüllülər” prokurorluq orqanlarında

12:29 - 07 / 02 / 2019
Dövlət gənclər siyasətinin məntiqi davamı: “Könüllülər” prokurorluq orqanlarında

Heç kəsə sirr deyil ki, gənclik bir millətin yaşaması, inkişafı üçün təməl daşıdır. Bir millətin mövcud olması üçün onun sağlam gəncliyinin olması vacib şərtdir.

Çünki hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır. Bu baxımdan ölkəmizdə gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan vermiş, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynayıb.

Bu gün gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində önəmli yer tutur. Dövlət gənclər siyasətinin əsası isə ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub.

Ümummilli lideri Heydər Əliyev öz siyasətində daima gənclərə qayğı göstərib, onların bir fərd kimi yetişməsinə xüsusi önəm verib. Ulu öndər respublika rəhbərliyinə gəldiyi ilk dövrlərdən gənclərin himayədarı kimi çıxış edərək sağlam düşüncəli yeni nəslin yetişdirilməsi sahəsində misilsiz işlər görüb. Hakimiyyətə gəldiyi ilk günlərdən başlayaraq gənclər siyasəti ilə bağlı bir sıra fərman və sərəncamlar imzalayan ulu öndər gənclərin milli və vətənpərvər ruhda tərbiyəsinə həmişə önəm verib. Heydər Əliyev nitqlərinin birində bu barədə deyib׃

“Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır, milli-mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidir. Gənclərimiz bizim tariximizə yaxşı bələd olmalı, dilimizi yaxşı bilməlidir. Hər bir gənc vətənpərvər olmalıdır, vətənpərvərlik böyük məfhumdur. Bu, sadəcə orduda xidmət etmək deyil, vətənə sadiq olmaq, vətəni sevmək, torpağa bağlı olmaq - budur vətənpərvərlik”.

Ötən əsrin 90-cı illərinin əvvəllərində dünyada, o cümlədən Azərbaycanda baş verən ictimai-siyasi hadisələr dəyişdikcə, gənclər qarşısında duran problemlər və onların həlli yolları da dəyişməyə başladı. Bütün bunları gözəl bilən ümummilli lideri Heydər Əliyev gənc nəslin mütəşəkkil formada yetişdirilməsi üçün 1994-cü il iyulun 26-da Gənclər və İdman Nazirliyini yaratdı.

Nazirlik yaradıldıqdan sonra dövlət gənclər siyasəti sahəsində mühüm işlər həyata keçirilməyə başladı, nazirliyin yerli strukturları formalaşdı, gənc nəslin mənəvi tərbiyəsi və fiziki inkişafı, hüquqlarının müdafiəsi, onların beynəlxalq qurumlarda iştirakı və gənclər təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi sahəsində lazımi tədbirlər görüldü, gənclər siyasətinə dair bir sıra dövlət proqramları qəbul olundu. Bu proqramlar ölkəmizdə gənclər üçün infrastrukturun yaradılmasından başlamış onların xaricdə təhsilinə, yardıcı və elmi fəaliyyətlə məşğul olan gənclərlə yanaşı kütləvi idmanı təbliğ etməklə sağlam gəncliyin formlaşmasına töhvə verməklə çox geniş spektri əhatə edib.

Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib.

Bu gün tam əminliklə demək olar ki, ulu öndər Heydər Əliyevin gəncliyə və gənclərə qayğısı indi yeni mərhələyə qədəm qoyub. Ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakının təmin olunması, milli adət-ənənələrə, saf dəyərlərə bağlılığı üçün dövlət səviyyəsində bütün zəruri tədbirlər həyata keçirilir.

Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş inkişaf strategiyasını yeni mərhələdə uğurla davam etdirən Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq ötən illər ərzində həyata keçirilmiş ardıcıl və sistemli tədbirlər nəticəsində Azərbaycan gəncliyinin hərtərəfli inkişafı istiqamətində mühüm addımlar atılıb, gənclərin ictimai həyatın bütün sahələrində fəal iştirakına geniş imkanlar yaradılıb.

Ölkədə reallaşdırılan dövlət gənclər siyasətinin prokurorluq orqanlarında da davam etdirilməklə ali hüquq təhsilli gənc kadrların müsabiqə yolu ilə işə qəbulu prokurorluğun kadr tərkibinin yüksək ixtisaslı mütəxəssislər hesabına yenidən formalaşmasını təmin edib. Məhz ümummilli lider Heydər Əliyevin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında Əsasnamə”nin icrası ilə bağlı görülən tədbirlər nəticəsində mənəvi saflığı, yüksək nəzəri bilikləri və peşə hazırlığı səviyyəsi ilə seçilən, xarici dil biliklərinə mükəmməl yiyələnmiş gənclərin prokurorluqda qulluğa qəbuluna şərait yaradılıb.

Prokurorluq orqanlarına 2018-ci ildə müsabiqə yolu ilə 85, ümumilikdə isə 2002-ci ildən başlayaraq keçirilən 19 müsabiqə üzrə qulluğa qəbul edilmiş 873 gənc hüquqşünas hazırda prokurorluğun kadr korpusunun 67 faizini təşkil etməklə, onlardan bir çoxu yuxarı təsnifat vəzifələrə irəli çəkilib, o cümlədən 21 nəfəri ilk dəfə olaraq müstəqil rayon, şəhər və ərazi hərbi prokuroru vəzifələrinə təyin ediliblər.

Son dövrlər Azərbaycan gənclərinin potensialını müasir dövrün tələblərinə uyğun inkişaf etdirməsi, könüllülər hərəkatının ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirakı istiqamətində aparılan islahatların prokurorluqda da davamlılığının təmin olunması məqsədilə Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən 6 fevral 2019-cu il tarixdə “Azərbaycan Respublikasının prokurorluq orqanlarında ictimai köməkçilərin fəaliyyəti haqqında” Təlimat təsdiq edilib.

Həmin təlimata əsasən hüquqşünaslıq ixtisası üzrə ali təhsil müəssisələrində təhsil alan gənclərin institusional bacarıqlarının artırılması, intellektual və mənəvi inkişafı, asudə vaxtının səmərəli təşkili üçün prokurorluq orqanlarının fəaliyyətinə ictimai köməkçi qismində könüllü olaraq cəlb edilmələri nəzərdə tutulub. Prokurorluq orqanlarında ictimai köməkçi qismində fəaliyyət prokurorluqda kadr siyasətinin həyata keçirilməsi üçün ictimaiyyətlə qarşılıqlı əlaqələrin qurulması, yüksək peşə hazırlıqlı kadr ehtiyatının formalaşdırılması, prokurorluqda işləmək arzusunda olan gənclərə bu dövlət orqanının fəaliyyətinin məzmunu və iş şəraiti ilə tanışlıq imkanının yaradılması, onların bilik, bacarıq və peşə vərdişlərinin artırılması məqsədi daşıyır.

Müvafiq ixtisas üzrə ali təhsil müəssisələrində bakalavriat (ikinci kursu bitirmiş), habelə magistratura səviyyələrində təhsil alan tələbə gənclər ictimai köməkçi qismində fəaliyyətlə əlaqədar 437-28-56, 492-06-82, 492-74-32 nömrəli telefonlar vasitəsi ilə Kadrlar idarəsinə müraciət edə və Baş Prokurorluğun internet saytından (www.prokurorluq.gov.az, www.genprosecutor.gov.az) əlavə məlumat ala bilərlər.

1news.az

Paylaş:
1196

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər