XİN: Bakıda Xəzər üzrə Yüksək Səviyyəli İşçi Qrupun ilk toplantısı keçiriləcək

Məlum olduğu kimi, 2018-ci il 12 avqust tarixində Qazaxıstanın Aktau şəhərində “Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya” imzalanmış və beşinci Xəzər Zirvə toplantısının Kommünikesi qəbul edilib.
XİN-in mətbuat xidmətindən 1news.az-a verilən məlumatda deyilir ki, bu sənədlərə əsasən, Konvensiyanın səmərəli yerinə yetirilməsi və Xəzər dənizində əməkdaşlığın nəzərdən keçirilməsi məqsədilə Xəzəryanı dövlətlərin səlahiyyətli nümayəndələrindən ibarət müntəzəm beştərəfli məsləhətləşmələr mexanizmi – Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrup yaradılıb.
Azərbaycan tərəfi 19-20 fevral 2019-cu il tarixlərində Bakı şəhərində adıçəkilən İşçi Qrupun Xəzəryanı dövlətlərin nümayəndələrinin iştirakı ilə keçiriləcək birinci iclasına ev sahibliyi edəcəkdir. İclasda Konvensiyadan irəli gələn bir sıra məsələlər üzrə, eləcə də Aktau şəhərində baş tutmuş Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının Beşinci Zirvə Toplantısının nəticələrinə dair müzakirələrin aparılması nəzərdə tutulur.
İclasda ölkəmiz Azərbaycan Nazirlər Kabineti Aparatının rəhbəri, Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupda Azərbaycanın səlahiyyətli nümayəndəsi Xələf Xələfovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunacaqdır.
P.S