Səfir: Azərbaycanla İran arasında hərbi sahədə əməkdaşlıq yüksək səviyyədədir

Biz Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyirik.
1news.az xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə bu gün keçirdiyi mətbuat konfransında deyib. O Dağlıq Qarabağ münaqişəsi üzrə Parisdə Azərbaycan və İran XİN rəhbərlərinin və Davosda iki ölkə liderlərinin danışıqlarını çox əhımiyyətli hesab etdiklərini bildirib:
“ATƏT-in Minsk qrupu bu məsələnin nizamlanmasında vasitəçilik edir. Amma iki ölkə öz aralarında razılığa gəlməlidir. Bu, çox köhnə yaradır, uzun müddətdir münaqişə davam edir. Biz regionda, dünyada belə hadisələrin baş verməməsini istəyirik. Xüsusilə, öz qardaşımız, dostumuz Azərbaycana bu problemin tezliklə həllini, heç bir çətinliklə qarşılaşmamasını arzulayırıq.
Səfir İranla Azərbaycan arasında hərbi sahədə əməkdaşlıq yüksək səviyyədə olduğunu da söyləyib:
“İran hərbi sahədə Azərbaycanla yaxın əməkdaşlıqda maraqlıdır. Baş qərargah rəisi Baqeri hər ölkəyə səfər etmir. Onun Azərbaycana səfəri iki ölkə arasında hərbi sahədə əməkdaşlıq yüksək səviyyədə olduğunun göstəricisidir”.
P.Sultanova