Günter Öttinger: Tərəfdaşlar yeni infrastrukturdan ən yaxşı şəkildə faydalanmalıdırlar
Avropa İttifaqının Bakıdakı nümayəndəliyi Avropa Komissiyasının Büdcə və İnsan Resursları üzrə komissarı Günter H. Öttingerin səfəri barədə məlumat yayıb.
1news.az-a daxil olan məlumatda deyilir ki, 20 fevral tarixində Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının 5-ci iclasında iştirak etmək üçün komissar Bakıya bir günlük səfər edib.
Səfər çərçivəsində Günter H. Öttinger Cənub Qaz Dəhlizinə dair birgə bəyannaməni imzalamış Azərbaycanın energetika naziri Pərviz Şahbazovla birgə mətbuata bəyanat verib.
Komissar Öttinger Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının beşinci iclasında birgə bəyannamənin imzalanmasını "Avropada enerji mənbələri və marşrutlarının daha çox diversifikasiya edilməsi baxımından mühüm addım kimi" qiymətləndirib:
"Tərəfdaşlar yeni infrastrukturdan ən yaxşı şəkildə faydalanmalı, mümkün olan ən yaxın zamanda onun potensialını ən azı ikiqat artırmağı nəzərdə tutmalıdırlar"
Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının iclası çərçivəsində komissar Azərbaycan Prezidenti İlham Əliyev, energetika naziri Pərviz Şahbazov, BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə regionları üzrə regional prezidenti Qeri Cons, Türkmənistan prezidentinin enerji məsələləri üzrə müşaviri
Yaqşıgəldi Kakayev, eləcə də Türkiyənin energetika naziri Fatih Dönməzlə ikitərəfli görüşlər keçirib.
P.Sultanova