“Oskar” mükafatının təqdimetmə mərasimi keçirilib – FOTO

ABŞ-ın Los-Anceles şəhərində ABŞ kinoakademiyasının 91-ci “Oskar” mükafatlandırma mərasimi keçirilib.
1news.az-ın Oxu.az-a istinadən verdiyi xəbərə görə, şəhərin “Dolbi” teatrında keçirilən tədbirdə əsas rəqabət “Yaşıl Kitab” tragikomediyası, “Roma” dramı və “Bohem rapsodiyası” arasında gedib.
Rejissor Piter Farellinin lentə aldığı “Yaşıl Kitab” adlı tragikomediyası “Ən yaxşı film” kateqoriyasında “Oskar” qazanıb. Filmin süjeti real hadisələrə əsaslanır. Ekran əsəri tanınmış qaradərili bəstəkar və pianoçunu qastrol səfəri boyu müşayiət edən ipə-sapa yatmayan və çərənçi sürücüdən bəhs edir.
Meksikalı rejissor Alfonso Kuaronun “Roma” adlı ağ-qara kinolenti “Ən yaxşı xarici dilli film” kateqoriyasında qalib gəlib. Film, eyni zamanda, “Ən yaxşı operator işi” nominasiyasında “Oskar” götürüb, rejissor özü isə (Alfonso Kuaron) ən yaxşı rejissor nominasiyasında qalib olub.
Amerikalı aktyor Rami Malek “Bohem Rapsodiyası” adlı bioqrafik dramda oynadığı rola görə “Ən yaxşı aktyor” nominasiyasında qalib gəlib. Filmdə Malek “Queen” qrupunun əfsanəvi vokalisti Freddi Merkurinin obrazını canlandırıb.
“Favorit qadın” komedik dramında Kraliça Annanı oynayan britaniyalı aktrisa Oliviya Koulmen isə “Ən yaxşı aktrisa” nominasiyasında “Oskar” mükafatına layiq görülüb. Aktrisa sevincindən göz yaşlarını saxlaya bilməyib və səhnədə nitqlə çıxışı zamanı da tez-tez doluxsunub.
“Ən yaxşı ikinci plan qadın rolu” nominasiyasında mükafat “Bil-strit danışa bilsəydi” filmində Şeron Rivers rolunu oynayan amerikalı aktrisa Recinə Kinqə nəsib olub.
“Ən yaxşı ikinci plan kişi rolu” nominasiyasında isə “Oskar” heykəlciyi “Yaşıl Kitab” tragikomediyasında qaradərili bəstəkar və pianoçu Don Şirli obrazını canlandırmış Maherşala Əliyə təqdim olunub.
Amerikalı müğənni Ledi Qaqa “Ulduz doğulub” dramında “Shallow” kompozisiyasının ifasına görə “Ən yaxşı kino mahnısı” nominasiyasında qalib olub.
“Hörümçək adam: Kainatdan keçərək” adlı cizgi filmi ən yaxşı tammetrajlı animasiya nominasiyasında “Oskar”a layiq görülüb.
Builki “Oskar”ın laueratlarını təqdim edirik:
"Ən yaxşı film" - "Green Book"
"Ən yaxşı aktyor" - Rami Malik (Bohemian Rhapsody)
"Ən yaxşı aktrisa" - Oliviya Kolman (The Favourite)
"Arxa plan rolunda ən yaxşı aktyor" - Maherşala Əli (Green Book)
"Arxa plan rolunda ən yaxşı aktrisa" - Recina Kinq (If Beale Street Could Talk)
"Ən yaxşı rejissor" - Alfonso Kuaron (Roma)
"Ən yaxşı sənədli film" - "Free Solo"
"Ən yaxşı kostyum dizaynı" - "Black Panther"
"Ən yaxşı montaj" - "Bohemian Rhapsody"
"Ən yaxşı ssenariçi" - Lüdviq Qoransson (Black Panther)
"Ən yaxşı səs montajı" - "Bohemian Rhapsody"
"Ən yaxşı səs miksi" - "Bohemian Rhapsody"
"Ən yaxşı prodüsinq dizaynı" - "Black Panther"
"Ən yaxşı sənədli qısametrajlı film" - "Period. End Of Sentence."
"Ən yaxşı qısametrajlı animasiya filmi" - "Bao"
"Ən yaxşı qısametrajlı film" - "Skin"
"Ən yaxşı animasiya filmi" - "Spider-Man: Into the Spider-Verse"
"Ən yaxşı əcnəbi film" - "Roma" (Meksika)
"Ən yaxşı ssenari" - "Green Book"
"Ən yaxşı meyk-ap" - "Vice"
"Ən yaxşı vizual effektlər" - "First Man"
"Ən yaxşı mahnı" - "Shallow" (A Star Is Born) - Ledi Qaqa
"Ən yaxşı kinematoqrafiya" - "Roma"











1news.az