Gürcüstan prezidenti: Azərbaycanla hər bir məsələdə çox yaxınlıq və dostluq hiss edirəm

Biz bir yerdə tarixi yol keçmişik. Biz coğrafi cəhətdən də yaxın qonşularıq və tarix də bizi birləşdirir.
1news.az xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan Gürcüstan Prezidenti xanım Salome Zurabişvili Prezident İlham Əliyevlə birgə mətbuata bəyanatlarla çıxışında deyib:
“Son əsrlər ərzində birlikdə uğurlu yollar keçdik, faciələrdən keçdik. Bilirik ki, dövlət quruculuğu nə deməkdir, nə tələb edir. Bütün bunlar bizi birləşdirir. Çünki biz bütün faciələri birlikdə yaşadıq və yenə də irəliləyişə, inkişafa, mədəniyyət sahəsində tərəqqiyə nail ola bildik. Hər bir məsələdə çox yaxınlıq və dostluq hiss edirəm”.
Azərbaycanla Gürcüstanın birgə həyata keçirdikləri layihələrdən danışan Gürcüstan prezidenti bildirib ki, qarşıda duran əsas məqsəd daha böyükmiqyaslı layihələri gündəmə gətirməkdir:
“Nəqliyyat dəhlizi çox vacibdir və həqiqətən bizim əməkdaşlığımızın təməl daşıdır. Nəqliyyat bugünkü dünyada çox potensiallı sahədir. Nəqliyyat sahəsi dünya üçün çox əhəmiyyətlidir. Asiyanın, Çinin və Avropanın birləşdirilməsi çox mühüm məsələdir və biz bu yolla gedirik. Bu, ən qısa yoldur, lakin biz hələ bu yolun imkanlarını tam inkişaf etdirməmişik və bu, bizdən asılıdır”.
Xanım Salome Zurabişvili iki ölkə arasında əlaqələrin inkişaf etdirilməli olan sahələri də açıqlayıb:
“Biz insan əlaqələrinə, mədəniyyətə, təhsilə böyük əhəmiyyət veririk və bu sahələr inkişaf etdirilməlidir. Bu sahələrdə əlaqələr hələ tam lazımi səviyyədə deyildir. Hər iki tərəf bu məsələlərdə öz səylərini daha da fəallaşdırmalıdır. Biz istərdik ki, insani münasibətlər hər iki tərəfdən daha da fəallaşsın. Bu, bizim qərarlardan asılı olacaq. Biz istəyirik ki, Gürcüstanda Azərbaycan mədəniyyəti günləri keçirilsin və Batumidə artıq planlaşdırılıb. Biz buna mütəmadi forma verməliyik və müxtəlif sahələrdəki əlaqələrimiz mədəniyyət sahəsində də fəallaşmalıdır.
Bu gün turizmin inkişafı haqqında da fikir mübadiləsi apardıq. Turizm sahəsi də inkişaf etdirilməlidir. Bu məkan turistlər üçün tam açıq olmalıdır. Biz dostluğumuza əsaslanaraq belə qərara gəldik ki, delimitasiya komissiyasına öz işlərini yeniləmək və bu çalışmaları sona çatdırmaq üçün tapşırıq verək. Sərhəd də bizi birləşdirən amildir. Ümid edirəm ki, bu məsələ bizim dostluq əlaqələrimiz əsasında həll olunacaqdır”.
1news.az