Azərbaycan və Ermənistan liderləri görüş təklifini qəbul ediblər - BƏYANAT

Azərbaycan və Ermənistan liderləri ATƏT-in Minsk qrupunun həmsədrlərinin yaxın vaxtlarda görüş keçirmək təklifini qəbul ediblər.
1news.az xəbər verir ki, bu barədə həmsədrlərin regiona səfərlərinin yekununa dair bəyanatlarında deyilir.
Qeyd edilib ki, Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) Endryu Şofer (ABŞ) fevralın 20-də Yerevanda Ermənistanın baş naziri Nikol Paşinyanla, fevralın 21-də isə Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüblər.
Liderlərin yaxın gələcəkdə görüşünə hazırlıq məsələləri müzakirə edilib:
“Görüş zamanı ölkə liderləri həmsədrləri yanvarda Davos Dünya İqtisadi Forumu çərçivəsində söhbətləri barədə məlumatlandırıb. Liderlər və həmsədrlər vəziyyəti müzakirə edib gələcək addımlar barədə gözləntilərini səsləndiriblər. Həmsədrlər, həmçinin Ermənistanın və Azərbaycanın xarici işlər nazirləri ilə də görüşüb”.
Sənəddə o da vurğulanır ki, həmsədrlər təmas xəttində qurbanların olmamasını müsbət qiymətləndirib. Onlar həmçinin əhalinin sülhə hazırlanmasına hazırlıq barədə müzakirələri alqışlayıb.
Liderlər Minsk qrupunun vasitəçiliyi ilə yaxın vaxtlarda görüşmək təklifini qəbul ediblər.
Regiona səfərindən sonra həmsədrlər və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Minsk qrupu ölkələrinin daimi nümayəndələrinə, ATƏT-in baş katibi Tomas Grimengerə və ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiya xarici işlər naziri Miroslav Lajčaka məlumat vermək üçün 28 fevral və 1 mart tarixlərində Vyanaya və Bratislavaya səfər ediblər.
P.S.