Beynəlxalq Böhran Qrupunun nümayəndələri Olqa Oliker və Olesya Vartanyan Bakıya səfər ediblər

Xəbər verildiyi kimi, mart ayının 5-8-də Beynəlxalq Böhran Qrupunun Avropa və Mərkəzi Asiya proqramının yeni direktoru Olqa Oliker Bakıya səfər edib.
Olqa Olikerlə birlikdə təşkilatın Cənubi Qafqaz regionu üzrə eksperti olan erməni əsilli Olesya Vartanyan da Azərbaycana səfər edib və aparılmış müzakirələrdə iştirak edib.
Əldə etdiyimiz məlumata görə, səfərdən öncə Beynəlxalq Böhran Qrupu Azərbaycan tərəfinə rəsmi məktubla müraciət edib və erməni əsilli mütəxəssis Olesya Vartanyanın ölkəmizin ərazisinə girişinə, ekspertlərlə aparılan fikir mübadilələrində iştirakına icazə istəmişdi.
Qeyd edək ki, dünyanın müxtəlif regionlarındakı münaqişələrə dair məruzələr hazırlayan və onları beynəlxalq ictimaiyyətin diqqətinə çatdıran Beynəlxalq Böhran Qrupunun Avropa və Mərkəzi Asiya proqramının əsas fəaliyyət istiqamətlərindən biri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsidir. Təşkilatın yeni proqram direktorunun Azərbaycana səfəri də münaqişənin səbəbləri və onun həlli yollarına dair Azərbaycanın mövqeyini öyrənmək olub. Səfər çərçivəsində rəsmi şəxslərlə, ekspertlərlə, Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması ilə keçirilmiş görüşlərdə danışıqlar prosesi ətrafındakı mövcud vəziyyət, münaqişənin həllinin siyasi-hüquqi əsasları ilə bağlı fikir mübadiləsi aparılıb.
Erməni əsilli Olesya Vartanyanın da Azərbaycana səfər etməsinə imkan yaradılması və aparılmış müzakirələrdə iştirak etməsi Azərbaycanın xoş niyyətinin və münaqişənin həlli üzrə konstruktiv dialoqa açıqlığının göstəricisi kimi qiymətləndirilib.
Olesya Vartanyan Gürcüstan vətəndaşlığını daşıyır. Bu həmçinin, onun göstəricisidir ki, erməni əsilli digər ölkələrin vətəndaşlarının Azərbaycana səfəri əvvəlcədən daxil olan müraciət əsasında nəzərdən keçirilə bilər.
Olesya Vartanyan Azərbaycanda ona göstərilən xoş münasibət və rəftardan və həmçinin, ekspert səviyyəsində münaqişənin həlli üzrə aparılan fikir mübadiləsi və müzakirələrdən razı qalıb və təşəkkürünü ifadə edib.
1news.az