İlham Əliyev ABŞ-ın yeni səfirinin etimadnaməsini qəbul edib – FOTO – YENİLƏNİB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 12-də Amerika Birləşmiş Ştatlarının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Örl Litzenberqerin etimadnaməsini qəbul edib.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, Örl Litzenberqer fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti səfirlə söhbət etdi.
Örl Litzenberqer Azərbaycana səfir təyin olunmasından məmnunluğunu ifadə etdi və fəaliyyəti müddətində iki ölkə arasında əlaqələrin daha da inkişafı məqsədilə səylərini əsirgəməyəcəyini vurğuladı.
Prezident İlham Əliyev Örl Litzenberqeri ölkəmizə səfir təyin olunması münasibətilə təbrik etdi və onun səfir kimi fəaliyyəti dövründə Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin daha da genişlənəcəyinə və inkişaf edəcəyinə əminliyini bildirdi.
Prezident İlham Əliyev və səfir Örl Litzenberqer Azərbaycan-ABŞ əlaqələrinin yüksək səviyyədə olması və uğurlu inkişafından məmnunluq ifadə etdilər.
Səfir Azərbaycanın Əfqanıstanda həyata keçirilən sülhməramlı əməliyyata canlı qüvvə ilə töhfəsini və həmçinin bu əməliyyat əsnasında göstərdiyi logistik və nəqliyyat dəstəyinin ABŞ hökuməti tərəfindən yüksək qiymətləndirildiyini qeyd etdi.
Söhbət zamanı siyasi əlaqələr, enerji təhlükəsizliyi, ticarət, demokratik inkişaf məsələləri ətrafında fikir mübadiləsi aparıldı, humanitar sahədə, o cümlədən insanlar arasında əlaqələrin inkişafının əhəmiyyəti vurğulandı.
Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər müzakirə edildi, Prezident İlham Əliyev Azərbaycanın münaqişənin həllinə dair beynəlxalq hüququn norma və prinsiplərinə və ədalətə əsaslanan mövqeyini diqqətə çatdırdı. Dövlətimizin başçısı bildirdi ki, Azərbaycan tərəfi ATƏT-in Minsk qrupunun həmsədrlərinin son bəyanatı, o cümlədən danışıqlar formatının dəyişdirilməməsi ilə bağlı fikirlərini müsbət qarşılayır.
Prezident İlham Əliyev və səfir Örl Litzenberqer Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin gələcək inkişafı və daha çox sahələri əhatə etməsinin önəmi barədə fikir mübadiləsi aparıblar.
1news.az