Mübariz Əhmədoğlu: Dağlıq Qarabağın “abxazlaşması” ilə bağlı deyilənlər dərin siyasiləşmənin və qütbləşmənin göstəricisidir

Dağlıq Qarabağda qan tökmüş, “Şuşa” adlı batalyona komandanlıq etmiş Livan ermənisi Jirayr Sefilyan Dağlıq Qarabağın Abxaziyanın yolu ilə getdiyini bildirdi və bunu təhlükəli adlandırdı.
O, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi mövzusunu aktuallaşdırır. “Abxazlaşma” dedikdə Jirayr Sefilyan Dağlıq Qarabağ üzərində Rusiyanın təsirinin artmasını nəzərdə tuturdu. Guya Rusiya Dağlıq Qarabağa qeyri-rəsmi müstəqillik verə və ya onu özünün tərkib hissəsi elan edə bilər. Bundan bir az öncə əli azərbaycanlıların qanına batmış digər erməni, qondarma Dağlıq Qarabağın keçmiş müdafiə naziri Samvel Babayan isə Dağlıq Qarabağa Rusiyanın mandat verməsinin zəruriliyini bildirmişdi. Əvvəla S.Babayan, Rusiya tərəf siyasi reverans edib. Bunun başqa adı yoxdur. İkincisi S.Babayan özünü savadlı nümayiş etdirsə də bilməlidir ki, “Yenilənmiş Madrid Prinsipləri”ndə Dağlıq Qarabağa mandat və yaxud status nəzərdə tutulub. Bu aralıq statusdur və bu statusun da mahiyyəti Dağlıq Qarabağ azərbaycanlılarının Dağlıq Qarabağa qayıtmasına şərait yaratmaqdan və sonradan Dağlıq Qarabağ erməniləri ilə birlikdə Dağlıq Qarabağın hüquqi gücə malik statusunun hazırlanmasına xidmət etməkdən ibarətdir. Amma burada tamam ayrı məsələlər var: Bu mövqe ilə S.Babayan Rusiyadakı, J.Sefilyan Livan və Qərbdəki ermənilərdən pul qoparmaq istəyir. Qarşıdan Dağlıq Qarabağda seçkilər gəlir. Dağlıq Qarabağ mövzusu Ermənistanda kəskin siyasiləşib. Siyasiləşmə qütbləşmə yaratmalı idi.
Dağlıq Qarabağ Rusiyaya ümid bəsləsə də reallıqda ABŞ-dan gələn bütün qonaqlar qarşısında SSRİ-nin dağılmasının məhz Dağlıq Qarabağdan başladığını nümayiş etdiriblər. Bu məzmunda kitab yazılıb və o kitab hər il qondarma qurumun prezidentinin ABŞ konqresində keçirdiyi görüşlərdə iştirakçılara paylanır. Başqa sözlə, Dağlıq Qarabağ tipik erməni siyasəti aparır. Amerikalılara özlərini Amerikanpərəst , ruslara isə özlərini Rusiyapərəst təqdim edirlər. Rusiya isə Dağlıq Qarabağa laqeyddir. Rusiyanın ayrı-ayrı deputatları, siyasi xadimləri erməni rüşvətxorluğunun təsiri altında Dağlıq Qarabağa fərqli münasibət göstərirlər. Bu, Rusiya dövlətinin mövqeyi deyil, ola da bilməz. MDB məkanında ən azı 4 tanınmamış qurum var. Vaxtaşırı Moskva o qurumlarla məsləhətləşmələr aparır, hətta o qurumların iştirakı ilə tədbirlər keçirir. O qurumlar Moskvada özlərinin toplantısını keçirirlər. Bunların heç birisində Dağlıq Qarabağ iştirak etməyib. Çünki rəsmi Moskva icazə verməyib.
İndi S.Babayan və yaxud J. Sefilyan bunu qulaqardına vururlarsa deməli, siyasət də buradadır. Bu əlamət isə Ermənistanın təkcə Dağlıq Qarabağ siyasəti üçün deyil, bütövlükdə Ermənistanın özü üçün ciddi fəlakətin xəbərdarlığıdır.
Mübariz Əhmədoğlu
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq