Görkəmli isveçrəli alim Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəxri mükafatı ilə təltif olunub

İsveçrənin Bern Universitetində dünya şöhrətli şərqşünas alim, professor Yohann Kristof Bürgelin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəxri mükafatı ilə təltif olunması mərasimi keçirilib.
1news.az səfirliyə istinadla xəbər verir ki, tədbiri giriş sözü ilə Bern Universitetinin humanitar elmlər fakültəsinin dekanı, professor Stefan Rebenix açıb. O, Yohann Kristof Bürgelin uzun illər ərzində Bern Universitetində apardığı elmi fəaliyyəti yüksək qiymətləndirib.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin icraçı katibinin elmi və mədəni layihələr üzrə müavini Arzu Təbrizli təmsil olunduğu qurumun fəaliyyəti haqqında qonaqlara qısa məlumat verib.
Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı səfiri Xanım İbrahimova Nizaminin Azərbaycana bağlılığından, Azərbaycan xalqının və dövlətinin şairin xatirəsini əbədiləşdirmək istiqamətində apardığı fəaliyyətdən danışıb. Səfir Nizaminin xalqlar və millətlər arasında öz mənəvi və humanizmi ilə bir körpü olduğunu qeyd edib.
Kembric Universitetinin professoru Christine Van Ruymbeke Nizami və Yohann Kristof Bürgelin onun elmi həyatında, bir alim kimi formalaşmasında oynadığı əvəzsiz roldan söz açıb. O diqqətə çatdırıb ki, məhz Yohann Kristof Bürgelin tərcümələri sayəsində Nizami poeziyasına vurulub və həyatını bir sıra Şərq şair və mütəfəkkirləri ilə bərabər, Nizami Gəncəvinin irsinin də araşdırılmasına həsr edib.
Humbolt Universitetinin professoru Eva Maria Aux Nizami yaradıcılığını sevgi və ən ali mənəvi dəyərlərin təcəssümü kimi qiymətləndirib. O, isveçrəli alimin Nizami poemalarının alman dilinə etdiyi tərcümələr sayəsində minlərlə insanın Nizami fenomenini kəşf etdiyini, bu gün də onu böyük həvəslə oxuduğunu nəzərə çatdırıb.
Tədbirdə Bürgelin Nizami yaradıcılığından alman dilinə tərcümə etdiyi poemalardan parçalar, həmçinin Azərbaycan dilində şairin qəzəlləri səsləndirilib.
Bakı Slavyan Universitetinin professoru Rəhilə Qeybullayeva Qərb elmi ictimaiyyətində Nizaminin fars ədəbiyyatı nümayəndəsi kimi qəbul olunmasının yanlışlığı haqqında söz açıb.
Bolonya Universitetinin professoru Karlo Sakkone İtaliya şərqşünaslarının hər zaman Nizami yaradıcılığının öyrənilməsinə böyük maraq göstərdiklərini, Alessandro Bausinin Nizamini ilk olaraq italyan dilinə tərcümə etdiyini və beləliklə, onu İtaliya xalqına tanıdan ilk şərqşünas alim olduğunu söyləyib.
Bern Universitetinin Şərq və İslam tədqiqatları kafedrasının rəhbəri, professor Anke von Kügelgen Yohann Kristof Bürgeli belə bir mükafatla təltif olunması münasibətilə təbrik edib. O, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə gələcəkdə müxtəlif akademik tədbirlər çərçivəsində əməkdaşlıq etməyə hazır olduqlarını bildirib.
Sonda Yohann Kristof Bürgel tədbirin təşkilatçılarına, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə təşəkkürünü bildirib.
Qeyd edək ki, Yohann Kristof Bürgel Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvi irsinin tədqiqi, "Xəmsə"nin alman dilinə tərcüməsi və təbliği istiqamətində böyük işlər görüb. O, müxtəlif illərdə Nizami Gəncəvinin "Xəmsə"sinin müəyyən hissəsini alman dilinə tərcümə edib, Nizami yaradıcılığının tədqiqinə həsr olunmuş bir sıra elmi konfranslar təşkil edib, çoxlu sayda elmi məqalə yazıb.
1news.az