İlham Əliyev: Ordumuzun döyüş qabiliyyəti yüksək səviyyədədir
Bu gün ordu quruculuğu baxımından Azərbaycan dünyanın güclü ölkələrindəndir. Sonuncu reytinqə əsasən, Azərbaycan Ordusu dünya miqyasında öz potensialına görə 52-ci yerdədir.
1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, bu fikri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev aprelin 2-də Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin N saylı hərbi hissəsində hərbçilərlə görüşündə deyib.
Ötən il keçirilmiş iki hərbi paradın Azərbaycanın hərbi qüdrətini nümayiş etdirdiyini vurğulayan dövlətimizin başçısı bildirib:
“Ordumuz üçün ən müasir silahlar, texnikalar alınır, ordumuzun döyüş qabiliyyəti artır. Aprel döyüşləri bunun bariz nümunəsidir. Ordumuz üçün nə lazımdırsa, biz onu edirik və edəcəyik. Ötən il uğurlu Naxçıvan əməliyyatı keçirilmişdir. Bu əməliyyat nəticəsində biz strateji yüksəkliklərə sahib olmuşuq. Bu yüksəkliklər imkan verir ki, biz çox böyük əraziyə nəzarət edək. Uğurlu Naxçıvan əməliyyatı bir daha göstərdi ki, ordumuz peşəkardır, ordumuzun döyüş qabiliyyəti yüksək səviyyədədir”.
Bu gün hər bir vətəndaşımızın haqlı olaraq Azərbaycan Ordusu ilə fəxr etdiyini deyən Prezident İlham Əliyev bildirib: “Biz əsgərlərimizlə, zabitlərimizlə fəxr edirik. Azərbaycan Ordusu dövlətimizin ərazi bütövlüyünün qorunması işində rol oynayan əsas amildir”.
1news.az