Mübariz Əhmədoğlu: Tonoyanın ABŞ bəyanatı şəxsi məsələlərinin həllinə hesablanıb

Ermənistanın müdafiə naziri D.Tonoyan ABŞ-da erməni icması ilə görüşdə, “yeni ərazilər qazanmaq üçün yeni müharibə” tezisini irəli sürdü. ABŞ-dakı erməni icması Ermənistanın bütün rəsmiləri üçün yalnız pul mənbəyi kimi maraqlıdır.
D.Tonoyan başa düşür ki, Ermənistanın indiki hökuməti müvəqqətidir. Ona görə o nə yollasa, hansısa bir qrup ermənini aldatmalıdır ki, pul qazansın. Əvvəlki Müdafiə naziri S.Ohanyan nazirliyin hesabına özü üçün villa tikdi, sonra bu villanı Müdafiə Nazirliyindən ayda 5000 dollara icarəyə götürdü. Ən azı D.Tonoyan bu variantı reallaşdırmaq istəyir. Bunun üçün ona ABŞ ermənisinin pulu lazımdır. D.Tonoyan dəqiq bilir ki, 2015-ci ildə o “Statik müdafiədən aktiv cilovlamaya” konsepsiyasını hazırladı. Ermənistandakı ziyalılarla, Avropadakı ermənilərlə müzakirə etdikdən sonra NATO-da bu mövzuda dinləmə keçirdi. Nəticədə 2016-cı ilin aprel döyüşlərinə başladı və Ermənistan bir xeyli ərazi itirdi, bütün dünya erməniliyi ciddi zərbə aldı. Ermənistan dövlətçiliyində Paşinyanı hakimiyyətə gətirən neqativ proseslər məhz 2016-cı ilin aprel döyüşlərindən başladı. D.Tonoyan dəqiq əmindir ki, hadisələrin belə gedişini ABŞ-dakı ermənilər bilmir.
“Amerikanın səsi” radiosuna verdiyi açıqlama D.Tonoyanın müharibə çağırışının mahiyyətini aydın göstərir. Xarici ölkələrdə Ermənistanın Baş nazirinin başına it oyunu açırlar. Jan Klod Yunker mətbuat konfransını yarımçıq tərk etdi. Başqa bir Aİ rəsmisi onun sözünü kəsdi. Ondan bir neçə ay əvvəl Rusiyada səfərdə oldu. Yalvarsa da V.Putin onu qəbul etmədi. Bir neçə xahişdən sonra D.Medvedev onu qəbul etdi. KTMT və AİB iclaslarında Paşinyanın başına gətirilənlərdən erməni mətbuatı geninə-boluna yazıb. Tonoyanın məntiqinə görə Paşinyanı ələ salmaq, onun başına qışqırmaq olar, amma D.Tonoyanın yox. “Amerikanın səsi”nə verdiyi izahda Dağlıq Qarabağ məsələsini də o qədər hallandırmır. Deməli, Tonoyan Paşinyanın uzun müddətli Baş nazir olacağına inanmır. Apardığı siyasəti də erməni xalqı üçün təhqirli hesab edir.
Məntiqi nəticə: Tonoyanın hədəsi Paşinyana ünvanlanıb. Yeni ərazi dedikdə o, baş nazirin iqamətgahını nəzərdə tutur. Amma bir məsələ də var, D. Tonoyan ABŞ-a səfərə getməzdən əvvəl 3 dəfə Rusiya ərazisində olub. Rusiyadakı ermənilərlə görüşməyə cəsarət etməyib. D.Tonoyan Rusiya ərazisində belə bəyanatlar verə bilməz. Çünki Rusiyada onu yaxşı tanıyırlar, Tonoyanın ağlı olsa, bu fikrə daha ciddi diqqət verər.
Mübariz Əhmədoğlu,
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq