Mübariz Əhmədoğlu: Paşinyan intellektual baxımdan küt olduğunu etiraf etdi

Ermənistanın Baş naziri N.Paşinyan uzun müddətdir ATƏT MQ-nin təqdim etdiyi sənədləri anlamadığını bəyan edir.
Son vaxtlar mövqeyi çox konkretləşib. O, “Yenilənmiş Madrid Prinsiplərini” öyrənə bilmir. “Yenilənmiş Madrid Prinsiplərinin” həcmi normal halda 1,5 vərəqdir. Bu həcmdə sənədi eynəksiz də oxumaq olar. Paşinyanın Baş nazir olması 11 aydır. Bu müddət ərzində o, 1,5 vərəqlik sənədi öyrənə bilməyib.
Sənəddə aydın göstərilir ki, Dağlıq Qarabağ tənzimlənməsi Helsinki Yekun Aktının 3 prinsipi (güc tətbiq etməmək və güc tətbiqi ilə hədələməmək; ərazi bütövlüyü; xalqların bərabərliyi və xalqların öz müqəddəratını təyinetməsi;) əsasında tənzimlənməlidir. “Xalqların bərabərliyi” Dağlıq Qarabağ erməniləri və Dağlıq Qarabağ azərbaycanlılarının Dağlıq Qarabağın taleyinin həll olunmasında bərabər olduğu anlamındadır. Rəsmi təfsirinə görə “Xalqların öz müqəddəratını təyinetmə” prinsipi reallaşarkən ərazi bütövlüyü prinsipi pozula bilməz.
“Yenilənmiş Madrid Prinsiplərinin” tərkibinin 2-ci hissəsi 6 maddədən ibarətdir. Birinci maddəyə görə Dağlıq Qarabağ ətrafındakı ərazilər Azərbaycanın nəzarətinə qaytarılır. Burada da heç bir ikibaşlı, üçbaşlı məna yoxdur.
İkinci maddə ATƏT-də qeydiyyatdan keçməklə Dağlıq Qarabağa özünü idarə və təhlükəsizliyi əhatə edən aralıq status verilir. Gəlin bunu ermənipərəst təfsir edək; Aralıq status Dağlıq Qarabağ ermənilərinə verilir, amma yekun status müəyyən olunma prosedurunadək Dağlıq Qarabağ azərbaycanlıları dədə-baba ərazilərinə qayıdır, ermənilərlə birgə yaşayış formalaşır və bundan sonra Dağlıq Qarabağ azərbaycanlıları və erməniləri Dağlıq Qarabağın statusunun müəyyən olunması proseduruna başlayırlar.
Üçüncü maddəyə görə Dağlıq Qarabağdan Ermənistanaa gedən Laçın koridoru da əvvəlcə ATƏT-də qeydiyyatdan keçir. Dağlıq Qarabağın statusu müəyyən olunduqdan sonra isə Azərbaycana qayıdır.
Dördüncü maddə Dağlıq Qarabağa hüquqi gücə malik statusun verilməsidir. Bunu Dağlıq Qarabağın erməniləri və azərbaycanlıları birgə həll edəcəklər. Polemikaları 10-25 il və s. çəkə bilər. Erməni tərəfi azərbaycanlıların iştirakı olmadan Dağlıq Qarabağın statusunu müəyyən edə bilməyəcəklər.
Beşinci maddə sülhməramlı əməliyyatlardır. ATƏT MQ həmsədrləri və qonşular sülhməramlı rolunda çıxış edə bilməzlər. Sülhməramlı missiyanın tərkibində tərəflərdən hər hansı birinin payı 1/3-dən çox ola bilməz. Paşinyan hansısa dövləti istəyirsə Azərbaycanla razılaşdırıb, sülhməramlılığa dəvət edə bilər.
Altıncı maddə münaqişə nəticəsində qaçqın və məcburi köçkün olmuş şəxslərin ilkin yaşayış məskənlərinə qayıtmasıdır. Ermənistan SSR-dən deportasiya olunan azərbaycanlılar Ermənistan Respublikasına, Azərbaycan SSR-ni tərk edən ermənilər Azərbaycan Respublikasına qayıda bilərlər. Məcburi köçkün statusunda olan Dağlıq Qarabağ azərbaycanlıları və işğal olunmuş ətraf rayonların əhalisi də ilkin yaşayış məskəninə qayıdacaqlar.
Bunları anlamamaq üçün yalnız Paşinyan olmaq lazımdır.
Mübariz Əhmədoğlu
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq