Nazirdən Azərbaycanın iş adamlarına çağırış: Xorvatiya biznes üçün çox əlverişli ölkədir

Son illərdə Azərbaycan-Xorvatiya əlaqələri yüksələn xətlə inkişaf edir və münasibətlərimizin stareteji tərəfdaşlıq səviyyəsinə çatması böyük məmnunluq doğurur.
1news.az xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan-Xorvatiya biznes forumunda iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov deyib. O bildirib ki, belə biznes forumlar, görüşlər işgüzar dairlər arasında əlaqələrin situmullaşmasına töhfəsini verir.
R.Məmmədov qeyd edib ki, forumda 80 nəfərdən çox iş adamı iştirak edir. Azərbaycan iş adamları Xorvatiya şirkətləri ilə əməkdaşlıq edir. 2018-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 250 milyon dollara yaxınlaşıb ki, bu 16 faiz artım deməkdir.
Nazir müavini qarşılıqlı ticarəti artırmaq üçün geniş potensialın mövcud olduğunu bildirib. Bunun üçün hüquqi bazanın yaradıldığını deyən R.Məmmədov 22 sənədin imzalandığını sözlərinə əlavə edib.
Nazir müavini bu forumun ikitərəfli iqtisadi əməkdaşlığın inkişafına töhgə verəcəyinə əminliyini vurğulayıb:
“Azərbaycanda əlverişli investisiya mühiti var. Ölkəmiz xarici investorlar üçün tam açıqdır. Bakıda 7 xorvat şirkəti tikinti, xidmət, rabitə və s. sahələrdə fəaliyyət göstərir”.
Xorvatiya baş nazirinin müavini, Xarici və Avropa işlər naziri xanım Mariya Peyçinoviç-Buriç Azərbaycandakı inkişafı yüksək qiymətləndirdiyini söyləyib: “Bu inkişaf təkcə paytaxtı deyil, bütün Azərbaycanı əhatə edir və bura gələndə bunu aydın görürsən”.
İki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi ilə bağlı görülən işlərdən danışan xanım Mariya Peyçinoviç-Buriçin sözlərinə görə, iqtisadi əməkdaşlıq üzrə komissiya yaradılıb, şirkətlər öz aralarında əlaqələr qurub:
“Bu gün Bakıda səfirliyimiz açılır. Burada elekrtik, mühəndis, əczaçılıq, sənaye, yeyinti, mehmanxana və turizm sahəsi üzrə şirkətlərin nümayəndələri var”.
XİN rəhbəri deyib ki, Xorvatiya biznes üçün çox əlverişli ölkədir:
“Son illər ölkəmizə 32 milyard avro investisiya yatırılıb, 6 min şirkət Xorvatiyanı seçib. Azərbaycan şirkətləri üçün də Xorvatiya açıqdır”.
Nazir ölkəsində vergi yükünün 32 faiz aşağı olduğunu, yükdaşıma sisteminin inkişaf etdiyini, peşəkar işçi qüvvəsinin olduğunu və bir sıra digər güzəştləri vurğulayıb”
“Hesab edirəm ki, bu forum iş adamları arasında birbaşa səfərlərə, əlaqələrimizin daha da inkişafına yol açacaq”.
Daha sonra iki ölkənin iş adamları arasında ikitərəfli müzakirələr başlayıb.
P.Sultanova