Azərbaycan Səudiyyə Ərəbistanı ilə əlaqələrinin daha da inkişafında maraqlıdır | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan Səudiyyə Ərəbistanı ilə əlaqələrinin daha da inkişafında maraqlıdır

17:02 - 30 / 04 / 2019
Azərbaycan Səudiyyə Ərəbistanı ilə əlaqələrinin daha da inkişafında maraqlıdır

Azərbaycan Respublikası tarixən dini və mədəni köklərlə bağlı olduğu ərəb ölkələri ilə ikitərəfli və çoxtərəfli əlaqələrə böyük əhəmiyyət verir.

Bu əlaqələrdə İslam aləminin və ərəb dünyasının lider ölkələrindən biri olan Səudiyyə Ərəbistanı Krallığı xüsusi yerə malikdir.

Səudiyyə Ərəbistanı yenidən müstəqilliyini əldə etmiş Azərbaycan Respublikasını 30 dekabr 1991-ci ildə tanıyıb, iki ölkə arasında diplomatik əlaqələr isə 24 fevral 1992-ci ildə qurulub.  Krallıq ilə əlaqələrinə verdiyi əhəmiyyətin göstəricisi kimi artıq 1994-cü ildə Azərbaycanın bu ölkədə səfirliyi fəaliyyətə başlayıb. Krallıq isə ilk əvvəl Türkiyədəki səfirini eyni zamanda Azərbaycana akkreditasiya edib, 2000-ci ildən isə bu ölkənin Bakıda səfirliyi fəaliyyətə başlayıb.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 9-13 iyul 1994-cü il tarixlərində SƏK-ə səfəri iki ölkə arasındakı əlaqələrin hərtərəfli inkişafı üçün dönüş nöqtəsi olub. Azərbaycan Prezidenti İlham Əliyev də bu əlaqələrin inkişafına həmişə xüsusi diqqət yetirib, SƏK-ə 2 rəsmi, 3 işgüzar səfər edib. Prezident İlham Əliyevin SƏK-ə 5-7 aprel 2015-ci il tarixlərində etdiyi rəsmi səfər iki ölkə arasındakı münasibətlərin inkişafında və qardaş ölkələrimizin daha da yaxınlaşmasında xüsusi rolu oynayıb. Ümumiyyətlə, iki ölkə arasındakı yüksək səviyyəli siyasi əlaqələr müxtəlif səviyyəli qarşılıqlı səfərlərin intensivliyi ilə xarakterizə olunur.

 SƏK-in Azərbaycan ərazilərinin işğal olunması – Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə münasibəti iki ölkə arasındakı münasibətlərin real mahiyyətini nümayiş etdirən ən mühüm məqam kimi diqqəti cəlb edir. Hərbi münaqişənin ən gərgin vaxtlarında azərbaycanlı qaçqın və məcburi köçkünlərə göstərilmiş humanitar yardımlar Azərbaycan üçün böyük məna daşımaqla yanaşı, dost və qardaş SƏK-in nümayiş etdirdiyi İslam həmrəyliyinin ən ciddi nümunəsidir. SƏK məhz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini əsas götürərək Ermənistan Respublikası ilə diplomatik əlaqələrin qurulmasından (rəsmi Yerevanın ardıcıl cəhdlərinə baxmayaraq)  imtina etmişdir. Bu siyasət bu gün də davam edir. Nəzərə almaq lazımdır ki, bu məqam İslam aləmində, o cümlədən ərəb dövlətlərində ictimai rəyin formalaşmasına güclü təsir göstərir.

Beynəlxalq təşkilatlar, xüsusilə BMT və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Ermənistanın Azərbaycan Respublikasına qarşı hərbi təcavüzü ilə bağlı qətnamələrin qəbul edilməsində (məsələn 14 mart 2008-ci ildə BMT Baş Assambleyasında “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı qətnaməyə dair keçirilmiş səsvermə) SƏK daim Azərbaycanın mövqeyini birmənalı dəstəkləyib, 2016-cı ilin aprel ayında İstanbulda keçirilmiş İƏT Sammiti Konfransının 13-cü sessiyası zamanı SƏK tərəfindən Ermənistan-Azərbaycan münaqişəsi üzrə kontakt qrupunun təsis edilməsində fəallıq nümayiş etdirib. Azərbaycan Respublikasının 2012-2013-cü illər üçün BMT TŞ-nın qeyri-daimi üzvlüyünə namizədliyinin SƏK tərəfindən dəstəklənməsi, Azərbaycan Respublikasının Prezidentinin 20-21 may 2017-ci il tarixlərində Ər-Riyadda keçirilmiş Ərəb-İslam-Amerika Sammitində iştirakı iki ölkə arasında çoxtərəfli səviyyədə əməkdaşlığın yüksək səviyyəsinin bariz nümunəsidir.

İki ölkə arasındakı siyasi əlaqələrin yüksək səviyyəsi digər sahələrdə də əməkdaşlığın hərtərəfli inkişafına imkan yaradıb. 2000-ci ildən Azərbaycan Respublikası hökuməti ilə SƏK hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclik sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiya fəaliyyət göstərir. Komissiyanın fəaliyyəti nəticəsində ikitərəfli əməkdaşlığın müxtəlif istiqamətlərini tənzimləyən hüquqi-normativ bazanın çərçivəsi daha da genişləndirilib, iqtisadiyyat, ticarət, kənd təsərrüfatı, investisiya qoyuluşu və s. sahələrdə əhəmiyyətli layihələr həyata keçirilib. Komissiyanın 2019-cu ilin martında Bakıda keçirilmiş 5-ci iclasında digər məsələlərlə yanaşı, ikitərəfli investisiya əlaqələrinin genişləndirilməsi üzrə çərçivə əməkdaşlığı proqramı da imzalanıb.

2016-cı ilin fevral ayının 1-dən SƏK vətəndaşlarının sadələşdirilmiş viza rejimindən istifadə etməklə Azərbaycanın istənilən hava limanından viza əldə etmələri Azərbaycanın SƏK-lə münasibətlərə verdiyi əhəmiyyətin göstəricisi olmaqla yanaşı, iki ölkə arasında turizm sahəsində əməkdaşlığın gücləndirilməsinə şərait yaradıb. 2016-cı ildə SƏK-dən Azərbaycana gələn turistlərin sayı 7463 nəfər olduğu halda, 2017-ci ildə bu göstərici 33 min 273 nəfərə, 2018-ci ildə isə 73 min nəfərə çatıb.  

İki ölkə arasında yeni və mühüm əməkdaşlıq istiqamətlərindən biri də hərbi sahədə əməkdaşlıqdır. 2017-ci ilin aprelində Azərbaycan Respublikasının müdafiə nazirinin SƏK-ə səfəri, 2018-ci ilin fevralında SƏK Müdafiə Nazirliyinin nümayəndə heyətinin Azərbaycana əməkdaşlıq əlaqələrinin müzakirəsi baxımından əhəmiyyətli olub. Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 2019-cu ilin aprelində SƏK-ə səfəri zamanı "Azərbaycan Respublikası hökuməti və Səudiyyə Ərəbistanı Krallığı hökuməti arasında hərbi sahədə əməkdaşlıq haqqında Saziş" imzalanıb.

 2017-ci ili İslam həmrəyliyi ili elan edən, 4-cü İslam Həmrəyliyi Oyunlarına ən yüksək şəkildə ev sahibliyi edən Azərbaycan SƏK ilə əlaqələrinin daha da inkişaf etdirilməsində maraqlıdır. SƏK-in məscidləri, İslam mədəniyyəti abidələrini dağıdan Ermənistanla heç bir səviyyədə əlaqələrin qurulmamasına dair mövqeyi də Azərbaycanın bu məramı ilə həmahəngdir.

1news.az

 

Paylaş:
1116

Son xəbərlər

Bütün xəbərlər