Millət vəkili: Xarici investorlar ölkəmizə daha çox sərmayə yatırmaq istəyirlər

Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı bir sıra mühüm məsələlərə toxundu, eyni zamanda qarşıya yeni vəzifələr qoydu.
Bunu 1news.az-a açıqlamasında millət vəkili Azər Badamov deyib. O xatırladıb ki, Prezident ölkədə kiçik və orta sənaye müəssisələrinin yaradılmasının sürətləndirilməsinin vacib olduğunu qeyd etdi:
“Azərbaycan sənayenin inkişaf etdirilməsində böyük potensiala malikdir. Ölkəmiz xammal, təbii ehtiyatlarla zəngindir, həmçinin müasir infrastruktur və kifayət qədər işçi qüvvəsinə malikdir. Ona görə də mövcud resurslardan düzgün istifadə edilərək yeni sənaye müəssisələri açmaq mümkündür. Kiçik və orta sənaye müəsisələri yeni çeşidli sənaye mallarının istehsalını genişləndirəcəkdir. Bu da ölkə təlabatını ödəməklə ixracyönümlü yeni məhsullar deməkdir. Həm də ölkə əhalisi 10 milyonu keçmişdir. Əhalimizin artması işsizliyin artımına gətirib çıxarmamalıdır. Yeni yaradılacaq müəssisələr yeni iş yerləridir ki, bu da birbaşa insanların sosial vəziyyətinin yaxşılaşmasına xidmət edəcəkdir. Kiçik və orta sənaye müəssisələrin üstünlüyü odur ki, belə müəssisələri regionlarda, kəndlərdə yaratmaq mümkündür və bu da ümumilikdə ölkənin sənayeləşməsini sürətləndirəcəkdir”.
Deputat deyib ki, bu ilin birinci rübündə Azərbaycan iqtisadiyyatına 2,8 milyard dollar investisiya qoyulub ki, bunun iki milyardı məhz qeyri-neft sektoruna payına düşür. “Azərbaycanın bu gün potensialı çox genişdir. İnvestisiya imkanları da həmçinin. Bunun üçün qanunvericilik bazasında mütərrəqi dəyişikliklər edilib. Ölkəmizdə mövcud sabitlik, makroiqtisadi sabitliyin qorunub saxlanılması beynəlxalq reytinqlərdə yüksək pillədə olmağı və digər məqamlar xarici sərmayəçilər üçün ölkəmizi daha da cəlbedici edir və onlar Azərbaycana daha çox sərmayə yatırmaq istəyirlər”, deyə millət vəkili əlavə edib.
Qeyd edək ki, ilin birinci rübünün yekunlarına əsasən büdcə daxilolmaları 200 milyon manatdan çox artıb. Vergi orqanları qeyri-neft sektorundan daha çox - 136 milyon manat vergilər toplaya bilib. İlin birinci rübündə ümumi daxili məhsul 3 faiz, sənaye istehsalı 4,4, qeyri-neft sektorunda sənaye istehsalı 15,6 faiz, kənd təsərrüfatı 3,6 faiz, əhalinin gəlirləri isə 5,5 faiz artıb. İnflyasiya aşağı səviyyədədir - 2,1 faiz.
Ölkə iqtisadiyyatına 2,8 milyard dollar sərmayə qoyulub. Bu da Azərbaycanda biznes mühitinin yaxşılaşdığına, sərmayə qoyuluşu üçün daha yaxşı şərait yaradıldığına, həm yerli, həm xarici sərmayələrin dövlət tərəfindən lazımi səviyyədə qorunduğuna işarədir.
1news.az