İlham Əliyev Avropa Şurasının baş katibinin müavinini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 2-də Avropa Şurasının baş katibinin müavini Qabriella Battaini-Draqonini qəbul edib.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, Avropa Şurasının Baş katibinin müavini Qabriella Battaini-Draqoni Azərbaycanın Avropa Şurasının layiqli üzvü olduğunu bildirərək “Bakı Prosesi”ni Avropa Şurası üçün də uğurlu platforma adlandırdı. 2008-ci ildən bu prosesin genişlənərək mühüm hərəkata çevrildiyini deyən qonaq qeyd etdi ki, mədəniyyətlərarası dialoq insanların həyatını dəyişə biləcək vacib prosesdir. “Bakı Prosesi”nin başladığı dövrdən diplomatik münasibətlərdə yenilik, müdrik və cəsarətli addım olduğunu deyən Avropa Şurasının Baş katibinin müavini bu prosesin davamlı olması üçün verdiyi dəstəyə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirdi.
Prezident İlham Əliyev Avropa Şurasının Baş katibinin müavini Qabriella Battaini-Draqoninin Forumun açılış mərasimində Azərbaycan haqqında söylədiyi fikirləri yüksək qiymətləndirdi. Dövlətimizin başçısı Forumda vacib tövsiyələr irəli sürüləcəyinə əminliyini ifadə etdi, bu cür önəmli beynəlxalq toplantının mədəniyyət sahəsində körpülərin, dialoqun qurulmasına mühüm töhfə verdiyini bildirdi.
Prezident İlham Əliyev Azərbaycanın həm Avropa Şurasına, həm də İslam Əməkdaşlıq Təşkilatına üzv olduğunu qeyd edərək ölkəmizin “Bakı Prosesi” vasitəsilə mədəniyyətlərarası və sivilizasiyalararası dialoqu təşviq etdiyini bildirdi. Hazırkı şəraitdə “Bakı Prosesi”nin coğrafiyasının genişləndirilməsinin zəruriliyini qeyd edən dövlətimizin başçısı Azərbaycanın sivilizasiyalararası dialoqu təşviq etməklə bərabər, sivilizasiyalardaxili dialoqu da dəstəklədiyini dedi.
Görüşdə Avropa Şurasının gündəliyində duran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
1news.az