Mübariz Əhmədoğlu: Aİ Dağlıq Qarabağ məsələsində ABŞ Dövlət Departamentinin formulunu təkrarlaya bilər

Avropa İttifaqı ilə Azərbaycan arasında aparılan danışıqlar Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi göstərilməsi məsələsi üstündə dayanıb. Digər razılaşmalar isə çox vacibdir. Bu məsələlərin reallaşması Azərbaycan üçün müəyyən mənada risklər yarada bilər.
Azərbaycana yaranan risklərin mənbəyi Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasıdır. Almaniyanın federal kansleri A.Merkel Azərbaycanda olarkən regionun ən böyük probleminin Dağlıq Qarabağ məsələsinin həll olunmamış qalmasının olduğunu bildirdi. Bu prizmadan Avropa İttifaqı Azərbaycanla uzun müddətli səmərəli, effektli əməkdaşlıqda maraqlıdırsa, hökmən Dağlıq Qarabağ tənzimlənməsində daha konkret mövqe nümayiş etdirməlidir. Dağlıq Qarabağ münaqişəsinin yaranmasında Avroparlamentin ermənilərə dəstəyi şəksizdir. Avropalıların içərisində indinin özündə də ermənilərin yalanlarına inanalar hədsiz çoxdur.
Bəzi avropalılarda xristian parametri güclüdür. Amma avropalılar Ermənistanın tarixinə, ermənilərin davranışına, ermənilərin Avropada Osmanlı üçün törətdiyi vəhşiliklərə baxsa, eləcə də Osmanlı imperiyasının “erməni soyqırımının” mənşəyini araşdırsa bəlli olacaq ki, ermənilər bütün Avropa tarixində ən qatı anti-xristian və anti-Avropa mövqeyində dayanmış qüvvə olublar. Sadəcə ermənilər özlərinin Avropa qarşısındakı cinayətlərini müsbət təqdim edə biliblər. Ermənilər Avropada kilsə də dağıdıblar. Avropalılar ermənilərin Osmanlıya qarşı onlara agentlik etdiyinə inanirmışlar, amma Osmanlı arxivləri göstərir ki, əslində onlar osmanlılar üçün casusluq edirmiş.
Aİ 2017-ci ilin noyabrın 24-də keçirilən Brüssel sammitində Şərq Tərəfdaşlığına dair bəyannamə qəbul etdi. Bəyannamədə Şərq Tərəfdaşlığı üzvü olan ölkələrin hamısının xüsusilə Ukrayna, Gürcüstan, Moldova və Azərbaycanın ərazisindəki münaqişələrin bu dövlətlərin ərazi bütövlüyü və dövlət suverenliyi prinsipləri əsasında tənzimlənməsini təsbit etdi. Aİ-nin Ermənistandakı səfiri P.Svitalski il yarım ərzində Dağlıq Qarabağ məsələsi ilə bağlı bircə dəfə də olsun Avropa İttifaqının həmin sənədinə istinad etməyib.
Qərb üzün müddətdir Cənubi Qafqaz regionunda siyasətini qura bilmir. Səbəb avropalıların təhtəlşüurundakı ermənimərkəzçilikdir. İndi isə artıq yeni keyfiyyət zamanıdır və yeni vəziyyət hökmən Dağlıq Qarabağ məsələsinə təsir etməlidir. Bəzi Aİ rəsmilərinin narahatlığı göz qabağındadır. Müxtəlif bəhanələr axtarırlar, amma heç bəhanə axtarmağa ehtiyac yoxdur. Presedent var. ABŞ Dövlət Departamenti 10 ildən yuxarıdır ki, hər il dünyada insan hüquqlarının vəziyyəti ilə bağlı hazırladığı ənənəvi illik məruzənin həm Azərbaycan, həm də Ermənistan bölməsində Dağlıq Qarabağ tənzimlənməsi ilə bağlı eyni formulu işlədir: “Dağlıq Qarabağ və ətraf rayonlar Ermənistanın dəstəklədiyi erməni separatçılarının nəzarətindədir”. Avropa İttifaqı bu formulu daha kəskinləşdirə bilər.
Mübariz Əhmədoğlu,
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq