Yankauskas: Avropa İttifaqı Azərbaycanın əsas ticarət partnyoru və investorudur -FOTO | 1news.az | Xəbərlər
Siyasət

Yankauskas: Avropa İttifaqı Azərbaycanın əsas ticarət partnyoru və investorudur -FOTO

12:57 - 08 / 05 / 2019
 Yankauskas: Avropa İttifaqı Azərbaycanın əsas ticarət partnyoru və investorudur -FOTO

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi Avropa Günü ilə əlaqədar tədbir keçirib.

1news.az xəbər verir ki, əvvəlcə Azərbaycanın və Avropa İttifaqının himnləri səsləndirilib.

Daha sonra çıxış edən Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yanskauskas Avropa Gününün tarixinə qısa nəzər salıb. Bildirib ki, hər il may ayında Aİ Avropada sülh və birliyin bayramını qeyd edir.

Azərbaycanla münasibətlərə toxunan səfir deyib ki,  bu il Aİ ilə Azərbaycan əməkdaşlıq haqqında sazişin imzalanmasının 20 illiyini qeyd edir. Bununla yanaşı, yaxın gələcəkdə əməkdaşlıq üçün əsas baza olacaq yeni razılaşmanın imzalanmasını başa çatdırmağa hazırlaşır.

Yankauskas əlavə edib ki, Avropa İttifaqı Azərbaycan iqtisadiyyatının diversifikasiyasını dəstəkləyir və bu prosesdə əlindən gələn yardımı göstərməyə hazırdır.

"Avropa İttifaqı Azərbaycanın əsas ticarət partnyoru və investorudur. Biz energetika sahəsində əməkdaşlığı inkişaf etdirməyə davam edirik, həmçinin təhlükəsizlik və nəqliyyat sahəsində də dialoq həyata keçiririk", - deyə Yanskauskas vurğulayıb.

Səfirin sözlərinə görə, gələn həftə Brüsseldə Azərbaycanın da iştirak edəcəyi "Şərq tərəfdaşlığı" proqramının 10 illiyinə həsr edilmiş yüksək səviyyəli konfrans olacaq:

"Biz gələn həftə "Şərq tərəfdaşlığı" proqramının 10 illiyinə həsr olunmuş tədbirlərdə Prezident İlham Əliyevi Brüsseldə salamlamaqdan məmnun olacağıq". 

Xarici işlər nazirinin müavini Ramiz Həsənov  çıxışında Avropa Günü ilə bağlı təbriklərini çatdırıb.

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin genişləndirilməsinin vacib olduğunu və bunun üçün yüksək potensialın olduğunu qeyd edib. Nazir müavini deyib ki, ilk gündən Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib, bu xüsusda bəyanatlar verib: “Ümid edirik ki, Aİ bu istiqamətdə dəstəyini bundan sonra da əsirgəməyəcək”.

Çıxışlar başa çatandan sonra Bakıda səfərdə olan portuqaliyalı müğənni Maqda Mendeşin ifasında Avropa Günü münasibətilə konsert proqramı təqdim edilib.

P.Sultanova

Paylaş:
595

Son xəbərlər

Bütün xəbərlər