“Müsavat” adının bədxah daşıyıcıları: onları həqiqi “Müsavat”la nə birləşdirir? - TƏHLİL | 1news.az | Xəbərlər
Siyasət

“Müsavat” adının bədxah daşıyıcıları: onları həqiqi “Müsavat”la nə birləşdirir? - TƏHLİL

17:00 - 30 / 05 / 2019
“Müsavat” adının bədxah daşıyıcıları: onları həqiqi “Müsavat”la nə birləşdirir? - TƏHLİL

Məlum olduğu kimi, mayın 28-də Müsavat Partiyası və Milli Şura ayrı-ayrılıqda Məhəmməd Əmin Rəsulzadənin Novxanı kəndindəki heykəli önündə aksiya keçiriblər.

Hər iki aksiya ilə bağlı bir həftə əvvəldən sosial şəbəkələrdə anonslar səsləndirilib. Buna baxmayaraq aksiya təşkilatçıları istədiklərinə nail ola bilməyiblər.

Abşeron Rayon Polis İdarəsindən verilən məlumata görə, Müsavat Partiyasının aksiyasında təşkilatın rəhbərliyi və üzvlərindən ibarət 220 nəfər iştirak edib. Milli Şuranın keçirdiyi aksiyada isə Milli Şura Koordinasiya Şurasının üzvləri və AXCP-nin üzvü olan 330 nəfər iştirak edib.

Radikal müxalifət düşərgəsində parçalanma

Burada diqqət çəkən birinci məqam Müsavat Partiyası və Milli Şuranın bir yerdə deyil, ayrı-ayrılıqda aksiya keçirmələridir. Bu fakt bir daha müxalifət düşərgəsində ciddi parçalanmanın hələ də davam etdiyini və ciddi fikir ayrılıqlarının olduğunu göstərir.

Bir-birlərini ittiham edərkən, mətbuata bol-bol açıqlamalar verən müxalifət funksionerləri hakimiyyətlə yanaşı, özlərinə qarşı da radikallıq nümayiş etdirirlər.

O da sirr deyil ki, bu təşkilatlar Novxanıda ADR-in qurucusu Məhəmməd Əmin Rəsulzadənin abidəsi önündə aksiyalarını qeyd etmək üstündə ənənəvi savaşa qalxırlar. Kim birinci aksiya keçirəcək, kim birinci əklil qoyacaq və s. Daha dəqiq desək, hansı partiyanın ilk olaraq Novxanıda tədbir keçirməsi üstündə kəskin münaqişələr yaşanır.

Düşərgə konkret şəkildə parçalanmış vəziyyətdə olduğu kimi, həm də düşmənçilik səviyyəsində münasibətlər çərçivəsindən çıxmağı bacarmayıb. Belə olan vəziyyətdə ənənəvi müxlaifətin hakimiyyət iddiası, yürüdülən siyasəti tənqid etmələri mənasızlıq, məntiqsizlik və ictimai rəydə onlara qarşı istehza münasibəti daşıyır.

Müxalifət Müsavat və Milli Şura adlarını nə üçün seçib?

Digər bir məqam isə Müsavat Partiyasının özünü Azərbaycan Xalq Cümhuriyyəti dövründə mövcud olmuş eyniadlı partiyanın varisi hesab etməsidir.

Vaxtilə Azərbaycan Xalq Cəbhəsinin aparıcı funksionerlərindən olan İsa Qəmbər milli oyanış hərəkatının hərarətinin hələ davam etdiyi vaxtlarda eyforiyaya qapılaraq öz ambisiyalarını reallaşdırmaq üçün yaratdığı partiyasının adını Müsavat qoydu. Bununla o, Sovet imperiyasından xilas olmuş insanların Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı sentimental duyğularından istifadə niyyəti güdürdü. Məlum olduğu kimi, həmin dövrdə əsas milli qüvvə məhz Müsavat partiyası olmuşdu. Elə o səbəbdəndir ki, Xalq Cümhuriyyəti də bir çox hallarda Müsavat hökuməti kimi təqdim olunur. 

Eyni sözləri Milli Şura haqqında da demək olar. Adətən Milli Şura əsas milli qüvvələrin cəmləşdiyi birlik kimi assosiasiya olunur. Bu ad altında milli qüvvələr hansısa tarixi məqamda, dövlətin, xalqın həyatında ciddi dönüşlərin baş verməsi gözlənilən situasiyalarda birləşdiklərinin şahidi oluruq. Məhz 1918-ci ildə də həmin situasiya yaranmışdı. Belə ki, bu dövrdə Zaqafqaziya seyminin dağılması ilə yeni şərait yaranmış və milli qüvvələr tərəfindən Azərbaycanın müstəqilliyini elan etmək və sonrakı fəaliyyəti planlaşdırmaq məqsədilə müvəqqəti rəsmi qurum kimi Milli Şura təsis olunmuşdu.

Lakin həm müasir Müsavat, həm də Milli Şura öz sələflərinin funksiyalarını yerinə yetirə bilmədilər. Qısa zamanda ona rəhbərlik edənlərin əsl mahiyyəti bəlli oldu və xalq onlardan üz döndərdi.

Əminliklə söyləmək olar ki, Xalq Cümhuriyyəti atributunu mənimsəyənlərin yalnız forması millidir, mahiyyəti isə bunun əksini göstərir.

“Radikallar, dağıdıcı qüvvələr tam iflasa məhkum olublar”

YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə məsələ ilə bağlı 1news.az-a açıqlamasında bildirib ki, radikal müxalifətin son aksiyası onların heç bir sosial bazaya malik olmadıqlarını bir daha göstərmiş oldu:

“Radikal müxalifət nümayəndələri mayın 28-də aksiya keçirməklə asayişin pozulmasında özləri maraqlı idilər. Bununla bağlı müəyyən addımlar atdılar. Təbii ki, bu məsələ araşdırılacaq və hüquqi qiymətini alacaq.

Son aksiya zamanı birmənalı olaraq onların sosial bazasının yoxluğu özünü açıq şəkildə büruzə verdi. Hətta ətrafları belə onların sözünü dinləmir, onlara qulaq asmır. Bu da onu göstərir ki, radikallar, dağıdıcı qüvvələr tam iflasa məhkum olublar. Bu da səbəbsiz deyil. Onlar hər zaman dağıdıcı fəaliyyətlə məşğul olmaqla yanaşı Azərbaycana qarşı ədalətsiz mövqe nümayiş etdirən xaricdəki qüvvələrlə əməkdaşlıq edirlər. Onlar belə düşünürlər ki, Azərbaycan nə qədər geriləsə, nə qədər çətin duruma düşsə onlar bir o qədər yaxşı olacaqlar, xaricdəki havadarlarından daha çox qrant alacaqlar”.

Baş redaktor indiki Müsavatı AXC dövründəki Müsavatla eyniləşdirməyin doğru olmadığını da söyləyib:

“Təbii ki, bu Müsavat AXC-nin dövründəki Müsavat deyil və ola da bilməz. Həmin dövrdə parlamentin tərkibində Müsavat fraksiyası olub. Bunlar onun adını mənimsəyərək, onun statusundan istifadə edərək öz varlıqlarını təsdiq etmək, nüfuzlarını qaldırmaq istəyirlər. Bunlar Müsavat adını mənimsəməklə əslində o Müsavata da hörmətsizlik edirlər. Çünki AXC dövründəki Müsavatda təmsil olunan insanların arzularına, gördükləri işlərə, xalqın, dövlətin maraqlarına tamamilə zidd addımlar atırlar. Artıq aalq onları yaxşı tanıyır”.

1news.az

Paylaş:
763

Son xəbərlər

Bütün xəbərlər