Bakıda beynəlxalq badminton turniri keçirilir
Bakı daha bir irimiqyaslı beynəlxalq yarışa ev sahibliyi edir. Azərbaycan Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin və Azərbaycan Badminton Federasiyasının (ABF) təşkilatçılığı, Dünya Badminton Federasiyasının və Avropa Badminton Konfederasiyasının birgə dəstəyi ilə bu gün Bakıda "Azerbaijan International" turniri start götürəcək.
1news.az Azərbaycan Badminton Federasiyasına istinadən xəbər verir ki, "International Challenge" seriyalı turnirdə 39 ölkədən 220-ə yaxın idmançı mübarizə aparacaq. Bu, "International Challenge" seriyalı turnirlər üçün rekord göstəricidir. Ümumi mükafat fondu 25 min ABŞ dolları olan yarış Bakı İdman Sarayında təşkil ediləcək.
Beynəlxalq Badminton Federasiyasının təqvim planına daxil olan, 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına reytinq xalları qazandıracaq "Azerbaijan International" turnirində beş kateqoriya üzrə qalib və mükafatçılar müəyyənləşəcək. Bu, ölkəmizdə təşkil ediləcək ilk böyük badminton turniri olsa da, ona maraq kifayət qədər böyükdür. Bunu sübut edən faktlardan biri iştirakı təsdiqlənmiş badmintonçular arasında Olimpiya mükafatçılarının olmasıdır. Bakı kortlarında fransalı Brays Leverdez, İngiltərə təmsilçiləri Markus Ellis və Kris Lanqricin imkanları daha yüksək qiymətləndirilir və onların adları favoritlər sırasında çəkilir. Amma bu, Azərbaycan paytaxtına gələcəyi təsdiqlənmiş badminton aləmində tanınmış simaların heç də tam siyahısı deyil.
Bakı yarışı, həmçinin iyunun 21-30-da Minskdə keçiriləcək II Avropa Oyunlarından əvvəl badmintonçular üçün sonuncu ciddi sınaq olması baxımından da əhəmiyyət daşıyır.
Azərbaycan bu beynəlxalq turnirdə geniş heyətlə təmsil olunacaq. Turnirdə 20 badmintonçumuz mübarizə aparacaq. Görüşləri Avropadan və Asiyadan olan 16 hakim idarə edəcək. Əsas hakimlər arasında – Fidan və Gülcənnət Hüseynli bacılarının olması sevindirici haldır.
Xatırladaq ki, badminton dörd il əvvəl Bakıda keçirilmiş birinci Avropa Oyunlarının proqramında yer alıb. Bu, Bakının badminton üzrə böyük yarışları keçirmək üçün lazımi təcrübəyə və idman infrastrukturuna malik olduğunu deməyə əsas verir.
"Azerbaijan International"ın final oyunları iyunun 9-da İctimai Televiziya ilə birbaşa yayımlanacaq. Turnirin gedişini iyunun 6-dan Avropa Badminton Konfederasiyasının rəsmi "YouTube" kanalı vasitəsilə canlı izləmək mümkün olacaq. Nəticələr isə onlayn qaydada Dünya Badminton Federasiyasının saytında yerləşdiriləcək.
1news.az