Misirin turizm naziri Azərbaycana səfərə gəlir | 1news.az | Xəbərlər
Siyasət

Misirin turizm naziri Azərbaycana səfərə gəlir

13:14 - 13 / 06 / 2019
Misirin turizm naziri Azərbaycana səfərə gəlir

Misirin  turizm naziri xanım Dr. Rania Al Mashatın başçılıq etdiyi nümayəndə heyəti  15-18 iyun tarixlərində Ümumdünya Turizm Təşkilatının İcraiyyə Komitəsinin 110-cu iclasında iştirak etmək üçün Bakıya səfər edəcək.

Bu barədə 1news.az-a açıqlama verən Misirin Bakıdakı səfiri Adel İbrahim bildirib ki, bu səfər  bir neçə illik fasilədən  sonra Qahirədən Azərbaycana nazir səviyyəsində olan ilk səfərdir.

Diplomat vurğulayıb ki, iki ölkə arasında birbaşa uçuşların davamlılığını təmin etmək məqsədilə aparılan lazımi təbliğat və təşviqat kampaniyası çərçivəsində səfirlik tərəfindən Misirin turizm naziri üçün  Azərbaycanın rəsmi xəbər agentliklərinin, mətbuat orqanlarının və genişmiqyaslı yayıma malik televiziya kanallarının iştirakı ilə mətbuat konfransı və  müsahibələr təşkil ediləcək, həmin mətbuat konfransı və  müsahibələr zamanı  “Azərbaycan Hava Yollarının” (AZAL) cari ilin 8 iyul tarixindən etibarən Bakıdan Qahirəyə təşkil edəcəyi çarter reysinə və eləcə də 2019-cu ilin 18 iyul tarixindən etibarən Bakıdan Şarm əl-Şeyx şəhərinə açılacaq digər çarter reysinə dair məsələlərə toxunulacaq.

Səfir Misir turizminin əvəllər olduğu kimi son iki il ərzində də yüksək dərəcələrə və rekord göstəricilərə nail olduğunu vurğulayaraq, beynəlxalq ekspertlərin şahidliyi ilə Misirdə təhlükəsizliyin, sabitliyin olduğunu və hökumət tərəfindən turistlərin təhlükəsizliyini təmin etmək üçün bütün lazımi  təhlükəsizlik standartlarına riayət edildiyini, ölkənin turizm  bölgələrini ziyarət etmək arzusunda olan, qədim Misir mədəniyyəti ilə tanış olmaq istəyən Azərbaycan vətəndaşlarının istəyini nəzərə alaraq, Misirin ölkəyə səfər etmək istəyən azərbaycanlı turistləri qəbul etməyə hazır olduğunu qeyd edib.

P.Sultanova

Paylaş:
1263

Son xəbərlər

Bütün xəbərlər