Ülvi Mehdiyev: Bakıda ASAN Beynəlxalq Assosiasiyası təsis ediləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Ülvi Mehdiyev: Bakıda ASAN Beynəlxalq Assosiasiyası təsis ediləcək

11:32 - 20 / 06 / 2019
Ülvi Mehdiyev: Bakıda ASAN Beynəlxalq Assosiasiyası təsis ediləcək

2003-cü ildən etibarən hər il BMT tərəfindən Dövlət Xidmətləri Forumu keçirilir. Bu il bu Forumun Bakıda keçirilməsi barədə qərar qəbul edilib.

1news.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin("ASAN  xidmət") sədri Ülvi Mehdiyev 24-26 iyun tarixlərində Bakıda keçiriləcək BMT-nin Dövlət Xidmətləri Forumu ilə əlaqədar mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ev sahibi seçilərkən onun dövlət xidmətləri sahəsində gördüyü işlər qiymətləndirilir.

“Azərbaycanda bu sahədə görülən işlər də göz önündədir. "ASAN xidmət" və digər görülmüş işlər bu foruma ev sahibliyi etməyimiz üçün əsas olub”.

Ü.Mehdiyev bildirib ki, bu forum dövlət xidmətlərinin göstərilməsi sahəsində ölkəmizdə təşkil ediləcək  dövlət xidmətlərin göstərilməsi üzrə ilk BMT tədbiridir. BMT baş katibinin müavini,  baş katibin köməkçisi, eyni zamanda quruma üzv 100-dən artıq ölkənin 500-ə yaxın nümayəndəsi qatılacaq.

Onların arasında dövlət xidmətləri üzrə nazirlər, yerli idarəetmə orqanları, akademik dairələrin və özəl sektorun rəhbər şəxsləri də var.

Agentliyin sədri qeyd edib ki, Forumun məqsədi dövlət idarəçiliyi, dövlət xidmətlərinin göstərilməsinin qabaqcıl modelləri, innovasiyalar və bu sahədə aktual olan məsələlər üzrə müzakirələrin aparılması, habelə bu istiqamətdə qabaqcıl təcrübələrin mübadiləsidir.

Tədbir 9 plenar sessiya, seminar və paralel tədbirlərdən ibarət olacaq. Eyni zamanda 5 fərqli kateqoriya üzrə BMT Dövlət Xidmətləri Mükafatının builki qaliblərinin təltif olunması, Dövlət Agentliyi ilə xarici ölkələrin bir sıra qurumları arasında əməkdaşlığa dair müqavilələrin imzalanması planlaşdırılır.

Ü.Mehdiyev əlavə edib ki, Azərbaycan son dövrlər beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib.

“Ölkəmiz bu tədbirlər vasitəsilə gördüyü işləri dünyaya çatdırır. Bu forum da bizə belə imkan verəcək”.

O deyib ki, "ASAN xidmət" modeli 100-dən çox iştirakçı dövlətin diqqətinə çatdırılacaq:

“Ölkəmizin bu intelektual məhsulunun ixracına imkanımız olacaq. Bundan əlavə Bakıda Azərbaycanın təşəbbüsü ilə dövlət xidmətləri göstərəcək qurumların ASAN Beynəlxalq Assosiasiyası yaradılacaq. Məqsəd təcrübə mübadiləsi aparmaq, uğurlu təcrübələrin tətbiqidir. Azərbaycanın bu təşəbbüsü BMT tərəfindən dəstəklənib. İlk olaraq 8 ölkənin təşəbbüsü ilə protokol imzalanacaq, daha sonra digər ölkələr də qoşulacaq.

Bundan başqa, Türkiyə ilə Azərbaycan arasında birgə əməkdaşlıq sazişi imzalanacaq. Özbəkistan tərəfi ilə isə hüquqi prosedurlar yekunlaşmaq üzrədir”.

Pərvanə Sultanova

Paylaş:
724

Son xəbərlər

Sabahın hava proqnozu

22 / 05 / 2025, 12:42
Bütün xəbərlər